Son həftələr Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində ağır döyüşlər gedir. Rusiya qüvvələri hətta nəhəng itkilər hesabına olsa belə, şəhəri almağa çalışırlar. Demək olar, boş qalmış şəhər Ukrayna qüvvələrinin nəzarətindədir. Onların içində Azad Rusiya legionunda savaşan rusiyalı könüllülər də var. AzadlıqRadiosunun müxbiri Yevgeni Leqalov onların barəsində yazır.
Prezident Vladimir Putin ötən sentyabrda səfərbərlik elan edərək Rusiya mövqelərinə onminlərlə əsgər cəlb edib. Vaqner özəl muzdlu qrupu isə Rusiya həbsxanalarından məhbusları döyüşlərə cəlb edib, Baxmut döyüşlərinə liderlik edir.
“Səfərbərlikdən sonra fərqi hiss edirik. İndi hədəfsiz atanda da mütləq kiməsə dəyirsən. Əvvəlsə Rusiyanın mövqelərində vurmağa hədəf axtarırdıq. İndi hər yerdə, hər deşikdədirlər”, – “Sezar” ləqəbiylə tanınan, Azad Rusiya legionunun Baxmutda savaşan döyüşçüsü deyir.
“Azacıq irəliləyə biliblər, amma böyük itkilər hesabına. Yazıq uşaqlara görə təəssüflənirəm. Kaş ki onlara deyə biləydim: Ukraynada düşməniniz yoxdur. Parisdə, Nyu Yorkda da düşmən yoxdur. Düşmənlərinizin hamısı Kremldə oturub”, – o danışır.
Azad Rusiya legionu 2022-ci ilin martında yaradılıb. Ukrayna mənbələrinin dediyinə görə, legionun ilk üzvləri Moskva fevralın 24-də işğala başlayandan az sonra Rusiya ordusundan fərarilik etmiş əsgərlər olub. Onlar manifestlərində özlərini “özləri üçün məsuliyyəti götürərək Yeni Rusiya uğrunda döyüşməyə başlayan azad Rusiya vətəndaşları” adlandırırlar.
4 minə yaxın döyüşçü
Bu legiondakı döyüşçülərin sayı gizli saxlansa da, mediada 4 min rəqəmi gözə dəyir. Sankt-Peterburqdan olan 50-yaşlı Sezar özünü “rusiyalı millətçi” adlandırır. O, AzadlıqRadiosunun rus xidmətinə deyib ki, legionun “ikinci batalyonu”na qoşulub, indi isə “üçüncü və dördüncü batalyonlar formalaşdırılır”.
Ölkələr üzrə rəqəmlər fərqlənə bilər, ancaq adətən bir batalyonda bir neçə yüzdən minədək əsgər olur.
Legiona kimlərin qoşulmasına gəlincə, “hamısı fərqli adamlardır. Taleləri fərqlidir, amma bizi bir məqsəd birləşdirir – Ukraynanı müdafiə etmək və sonra əlimizdə silahla Rusiyaya qayıtmaq”.
“Rusiya özünü nüfuzdan salıb və orada normal hakimiyyət keçidi ola bilməz. Ondan bərk yapışacaqlar və hakimiyyətdə qalmaqdan ötrü milyonlarla insanı qurban verməyə hazırdırlar”, – o söyləyib.
Üçüncü raket düşəndən sonra
Sakit mənasını verən “Tixiy” isə Azad Rusiya legionunun digər döyüşçüsünün ləqəbidir. O, Volqa çayı sahilində yerləşən Tolyatti şəhərindəndir, Moskva ötən ilin fevralında işğala başlayanda Kiyevdə tikintidə işləyirmiş.
“Əvvəlcə buna sadəcə inanmırdım. Üçüncü raket düşəndən sonra nə baş verdiyini dərk etdim. Ailəmi yığdım və zirzəmidə gizləndik”, – o danışır.
Yazın sonunda isə legiona qoşulub, bir neçə həftə təlim keçib, daha sonra heç üzünü görmədiyi cəbhəyə göndərilib.
Rusiyaya qayıtmaq istəmir
“Rusiyayla üzülüşmüşəm. Kiyev vilayətində, başqa yerlərdə etdiklərindən sonra heç barəsində eşitmək istəmirəm”, – Tixiy vətənini görmək istəməsi haqda suala cavabında deyib.
Rusiya qüvvələrinin Kiyev vilayətindəki Buça və digər yerlərdə dinc sakinlərə qarşı cinayətlər törətməsi barədə dəlillər var.
Elə Sezar da həmin vaxt legiona qoşulub.
“Fevralın 24-də şok yaşadıq. Uşaqlarım gözüyaşlı mənə baxıb soruşurdular ki, ‘Papa, bu necə ola bilər axı? Rusiya Ukraynaya necə hücum eləyə bilər?’ Onlara dedim ki, narahat olmasınlar, Ukrayna sonda qalib gələcək”.
“Sakitcə dayanıb baxa bilməzdim. Beynəlxalq legiona könüllü kimi qoşulmaq istədim, ancaq rusları götürmürdülər. Azad Rusiya formalaşdırılanda müraciət etdim, tarixçəmi yoxladılar və sonda üzv ola bildim”, – o vurğulayır.
Çar dövrünün xiffətini çəkən millətçi
“Putin səfərbərliklə əslində plankanı qaldırdı. Əvvəl biz “balaca yaşıl adamlarla” vuruşurduq, Saratovda hansısa Vasya (Vasili adının əzizləmə forması) televizora baxırdı. İndi isə Tixiy, ya mən atəş açanda Vasya Baxmut yaxınlığındakı soyuq səngərdə kəlləsini qorumalı, sürünməlidir. Vasyanın münasibəti dəyişəcək. Vasya gerçəkdən bu haqda düşünürsə, bizə qoşula bilər və birlikdə Moskva üzərinə yeriyərik”, – Sezar vurğulayır.
Ancaq Rusiya ordusu və hökumətinə qarşı savaşan Sezar sağmeylli rusiyalı millətçi kimi qaldığını, çar dövrünün nostaljisi ilə yaşadığını deyir.
“Rusiyanın əyalətləri nə gündədir? Çirkab, yağış, yoxsulluq, sərxoşluq. Bunun üzərində işləməliyik, həbsxanamızı Gürcüstan, Ukrayna, Baltik ölkələri, Belarusadək uzatmamalıyıq. Mən belə bir rusiyalı millətçiyəm. Səninlə olmaq istəməyən insanları saxlamaqdan ötrü gücə əl atmağın mənası yoxdur”, – o söyləyir.
Daha çox silah olsaydı...
Sezar Ukraynanın qələbəsinə inandığını deyir, Kiyevin müttəfiqlərini daha çox müasir silah göndərməyə çağırır.
“Gördünüz 20-30 HIMARS müharibənin gedişini necə dəyişdi. Qərbdə onlardan yüzlərlərdir. Minlərlə tankları var, heç təyyarələri demirəm”, – Sezar bildirir.
ABŞ istehsalı HIMARS sistemləri Ukraynaya göndəriləndən sonra cəbhədə dəyişiklik yaranıb, bəzi ərazilər geri qaytarılıb.
“Ukraynada bu silahların cüzi hissəsi olsaydı, Tixiylə mən qələbəmizi Krımda bir sahildə qeyd edərdik”, – o deyir.
Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.