Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:01

İranda yeniyetmənin qətli. ‘Onu ürəyindən yox, qıçından vura bilərdilər’


İstanbulda İran etirazlarına dəstək aksiyası, oktyabr, 2022-ci il
İstanbulda İran etirazlarına dəstək aksiyası, oktyabr, 2022-ci il

Təxminən beş ay öncə 17 yaşlı yeniyetmə Pedram Azarnuşun İranın cənubunda rejimə qarşı etirazlarda güllələnərək öldürüldüyü bildirilirdi. O vaxtdan yeniyetmənin ailəsi ədalət axtarır, ancaq qarşılığında təhdid edilir, qorxudulur. Azarnuş antihökumət etirazlarında öldürülmüş yüzlərlə etirazçıdan biridir.

O, sentyabrın sonunda güllələnib. Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini polisdə öləndən sonra İranı etirazlar bürüyüb. Qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlandığı deyilirdi. Etirazlarda indiyədək azı 480 nəfərin öldürüldüyü bildirilir. Minlərlə etirazçı saxlanıb.

Hadisə necə baş verib

Şahidlərin Radio Fərda-ya dediyinə görə, təhlükəsizlik qüvvələri yerli karate çempionu Azarnuşa sentyabrın 22-də hücum ediblər. O zaman o, polisin döydüyü gənc qadına kömək etməyə çalışırmış. Hadisə Kohgiluyə və Boyer-Əhməd vilayətinin Dehdaşt şəhərində baş verib.

Polis əməkdaşları Azarnuşu döyməyə, ona rezin güllələr atmağa başlayıblar. Bu zaman yaxınlıqdakı binanın damında yerləşmiş snayper yeniyetməni sinəsindən odlu silahla öldürüb. Bunu adının çəkilməsini istəməyən şahidlər radioya danışıb.

Azarnuşun atası xəstəxanada oğlunun cəsədini görəndə ürəktutması keçirib.

Mənbələrin dediyinə görə, ailə məhkəmə iddiası qaldırıb, yeniyetmənin qatilinin tapılaraq cəzalandırılmasını tələb edib. Onlar həmçinin polisdən tələb edirlər ki, Azarnuşun şəxsi ləptopunu və kamerasını qaytarsın.

Kamera görüntüləri və polislərin iddiası

Dəlilləri, o cümlədən CCTV görüntülərini nəzərdən keçirən yerli hakim Azarnuşun əsassız öldürülməsi qənaətinə gəlib. Ancaq 20-dən çox polis əməkdaşı iddia edirlər ki, yeniyetmə onlara hücum edib, xəsarət yetirib. Azarnuşun ailəsi bu iddianı rədd edir.

“17 yaşlı birisi yalın əllə 20 silahlı polis əməkdaşına necə xəsarət yetirə bilər? O, küçəyə öz hüquqlarını, həmvətənlərinin hüquqlarını tələb etməyə çıxmışdı. Silahsız idi”, – bilgili mənbələrdən biri deyib.

“Hakim dedi ki, onu ürəyindən yox, qıçından vura bilərdilər. Ancaq hakimiyyət oyun oynayır. İş açıq qalıb, elə hey atasını dindirməyə çağırırlar”, – mənbə sözlərinə əlavə edib.

Azarnuşun atası 1980-88-ci illər İran-İraq müharibəsi veteranıdır. Mənbələrin sözlərinə görə, ona oğlunun qətli barədə susmaq xəbərdarlığı olunub.

Mənbələr əlavə edirlər ki, Azarnuşun iki əmioğlusu – ŞayanReza Azarnuş yanvarda saxlanılıblar və görünür, məqsəd ailəyə təzyiq etməkdir.

“Necə susa bilərdim?”

Sentyabrda polis qəddarlığına qarşı başlanan etirazlar sonradan ölkədə teokratik rejimə qarşı ən davamlı nümayişlərdən birinə çevrilib. Etirazçılar dini idarəçiliyə son qoyulmasını, sosial və siyasi azadlıqlar tələb edirlər.

Son həftələr etirazlar səngisə də, ölkənin müxtəlif yerlərində təkəmseyrək yürüşlər haqda xəbərlər gəlir.

Mənbələr Azarnuşun Əmininin saxlanandan üç gün sonra xəstəxanada ölməsindən qəzəbləndityini deyirlər. O bacısına deyirmiş ki, dövlətin qadınlara qarşı zorakılığına susa bilmədiyi üçün etirazlara qoşulub.

“Təsəvvür elə ki, bunu sənin başına gətiriblər. Necə susa bilərdim?” – yeniyetmə deyirmiş.

XS
SM
MD
LG