Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Ukrayna Donetskdə Rusiyanın təyyarəsini vurduğunu deyir


Ukraynalı hərbçi
Ukraynalı hərbçi

Ukrayna ordusu Donetsk vilayətində Avdiyevka yaxınlığında Rusiya təyyarəsini vurduğunu deyir. Bunu Prezident Volodimir Zelenski fevralın 26-da video müraciətində bildirib və təyyarənin vurulmasına görə Ukrayna qüvvələrinə təşəkkür edib.

Baş Qərargahın mətbuat xidməti təyyarənin yanan qalıqlarının əks olunduğu bildirilən fotolar dərc edib.

Ukrayna ordusunun Baş Qərargahı bir il öncə tammiqyaslı müharibə başlayandan Rusiyanın 299 təyyarə itirdiyini bildirir.

Qərargah fevralın 26-da bildirmişdi ki, Rusiya qüvvələri Donetsk vilayətində Avdiyevka və digər şəhərlərin yaxınlığında taktiki aviasiyadan fəal istifadə edirlər.

Rusiya qüvvələri fevralın 26-da Donetskdə Baxmut, Luhanskda bir neçə yaşayış məntəqəsi yaxınlığına hava zərbələri endiriblər. Baxmut ətrafında aylardır ağır döyüşlər gedir.

Ukrayna Baş Qərargahının fevralın 26-da yaydığı məlumata görə, Rusiya işğal etdiyi Krımda müdafiəsini gücləndirir.

Zelenski: "Rusiya Ukraynada məğlub olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

“Tarixi son”

Zelenski ayrıca müraciətində Krımı azad etməkdən danışıb, bununla da Rusiyanın Ukraynada həyatı dağıtmaq cəhdlərinə “tarixi son” qoyulacağını deyib.

“Fevralın 26-da Krımın və Sevastopolun İşğalına Müqavimət Günü”nü qeyd edirik”, – Zelenski söyləyib.

O qeyd edib ki, Rusiyanın təcavüzü 2014-cü ildə Krımın tutulmasıyla başlanıb, Krımın azad edilməsinin Rusiyanın ukraynalıların həyatlarını qırmaq cəhdlərinə tarixi son qoyacağı “məntiqli”dir.

“Beynəlxalq hüquq düz burada, Ukrayna torpaqlarında, Donbasda, Azov regionunda, Xerson vilayətində və Krımda qələbə çalacaq”, – o, videomüraciətində vurğulayıb.

Dövlət Departamentinin bəyanatı

ABŞ Dövlət Departamenti isə fevralın 26-da Krımın statusu haqda bəyanat yayıb. Qurum qeyd edib ki, Rusiya doqquz il öncə yarımadanı tutmaqla beynəlxalq hüququ, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub.

“Birləşmiş Ştatlar Ukraynanın qlobal diqqəti Rusiyanın davam edən işğalına çəkməyi hədəfləyən Krım Platforması cəhdlərini alqışlayır”, – Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) bəyanatında bildirib.

“Birləşmiş Ştatlar Rusiyanın yarımadanı ilhaq niyyətini tanımır və heç vaxt tanımayacaq. Krım Ukraynadır”, – o vurğulayıb.

Zelenski fevralın 26-da onu da qeyd edib ki, Rusiyanın müharibəni aparmasına kömək edən rusiyalılara qarşı sanksiyaların icrası üzrə üç fərman imzalayıb. Həmin şəxslər Ukraynalı uşaqların oğurlanmasında əli olan, “idmanı təcavüzün xidmətinə atan” komandaların təmsilçiləri, yaxud atletlər, Ukraynaya qarşı vuruşan rusiyalı muzdlularla işləmiş Rusiya vətəndaşlarıdır.

XS
SM
MD
LG