Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Ukrayna ordusu Baxmutdan çıxmaq niyyətində deyil


Baxmut müdafiəçilərinə tibbi yardım göstərilir
Baxmut müdafiəçilərinə tibbi yardım göstərilir

Ukrayna prezidenti Volodimir Zelenski martın 6-da Ali Baş Komandanlığın növbəti iclasını keçirib.

Prezident administrasiyasının yaydığı məlumatda deyilir ki, əməliyyat-strateji qoşun komandanları cəbhənin əsas istiqamətlərindəki vəziyyət barədə məruzə ediblər.

Baş komandalıq qərargahının üzvləri Baxmutda yaranmış vəziyyətə detallı diqqət yetiriblər.

Zelenski Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnıya və “Xortitsa” əməliyyat-strateji qruplaşmasının komandanı Aleksandr Sırskiyə Baxmut istiqəmətindəki növbəti addımlar barədə sual verib.

Hər iki komandan Baxmutda müdafiə əməliyyatının davam etdirilməsinin və gücləndirilməsinin zəruri olduğunu deyib.

Lap Baxmut itirilsə də

Lap hətta Rusiya qoşunları yaxın vaxtlarda Baxmut şəhərini ələ keçirə bilsə də, bu, döyüş əməliyyatlarının gedişində dönüş nöqtəsi olmayacaq.

Bunu martın 6-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) deyib.

Son günlər yayılan bəzi xəbərlərdə deyilirdi ki, Ukrayna ordusunun bəzi birləşmələri Baxmut şəhərini tərk edirlər.

Rusiya ordusu bu şəhər üzərinə hücumu ötən payızda başlayıb.

Son həftələrdə şəhərin mühasirəyə düşmək təhlükəsi vardı. Xəbər verilirdi ki, Rusiyanın Wagner muzdlu şirkətinin əsgərləri şəhərin şərq və şimal hissələrində bəzi rayonları ələ keçiriblər.

Bununla belə şəhərin daha böyük hissəsi Ukrayna ordusunun nəzarətindədir. Şəhər ciddi dağıntıya məruz qalıb. Buna baxmayaraq prezident Zelenski və başqa Ukrayna rəsmiləri Baxmutu “qala” adlandırırlar. Rusiya qüvvələrinin bu ərazidə ağır itkilərə məruz qaldıqları xəbər verilir.

Yeni müdafiə xətti hazırdır

Təhlilçilər qeyd edirlər ki, Baxmutdan cənubda Ukrayna qoşunlarının istehkamlar şəbəkəsi var və bu səbəbdən Baxmutun alınması Rusiya qoşunlarına avtomatik olaraq Kramotosk və Slavyansk şəhərlərinə yol açmayacaq.

Baxmutun alınmasının Rusiya üçün yalnız taktiki uğur ola biləcəyini CNN də qeyd edir. Lakin The Wall Street Journal qəzeti yazır ki, Ukrayna tərəfi də Baxmutun müdafiəsində çox canlı itkiyə məruz qalıb və Kiyev əslində bu qoşunlardan gözlənilən yaz əks-hücumunda istifadə etməyi planlaşdırıdı.

Bu arada Rusiyanın Wagner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin iddia edir ki, Baxmut üzərinə hücumu məhz onun muzdlu əsgərləri həyata keçirirlər.

Lloyd Ostinin fikrincə Wagner dəstələri Rusiyanın nizami ordu birləşmələrindən bir qədər daha səmərəli vuruşurlar, amma nizami ordunun səviyyəsi son dərəcə aşağıdır.

Priqojinin giley və şikayətləri azalmaq bilmir

Reuters xəbər verir ki, Priqojinlə Rusiyanın Müdafiə Nazirliyi arasında çəkişmə hələ də davam edir.

O martın 5-də teleqram kanalında yazıb ki, əgər onun qüvvələrinə silah-sursat verilməsə Baxmut üzərinə hücum əməliyyatı iflasa uğraya bilər.

Priqojin qeyd edir ki, Müdafiə Nazirliyi ötən həftə ona vəd olunan sursatı hələ də çatdırmayıb:

"Hələlik biz başa düşməyə çalışırıq: bu adi bürokratiyadır, yoxsa xəyanətdir.

Belə görünür ki, Rusiyanın hərbi rəhbərliyi ilə Priqojin arasında münasibətlər kəskinləşməkdə davam edir.

O martın 6-da bildirib ki, onun nümayəndəsini Ukraynadakı Rusiya ordu birləşməsinin qərargahına buraxmayıblar.

O xatırladıb ki, bu hadisədən bir gün əvvəl Rusiya Müdafiə Nazirliyindən sursat tələb etmişdi:

"Mən martın 5-də XHƏ (xüsusi hərbi əməliyyat – Rusiya Ukraynaya hücumunu müharibə yox, məhz belə adlandırır-red) qruplaşmasının komandanına yazmışdım ki, bizə təcili qaydada sursat ayrılmasına ehtiyac var. Amma martın 6-da mənim qərargahdakı nümayəndəmin buraxılış vərəqəsi ləğv edilib və o qərargaha buraxılmayıb”.

Ötən ilin yanvarından Ukraynadakı hərbi əməliyyatlara Rusiya baş qərargahının rəisi general Valeri Gerasimov komandanlıq edir.

O vaxtdan bəri Priqojinin narazılıq və şikayətləri daha da çoxalıb. O bildirir ki, Ukraynada müharibənin əsas ağırlığı onun döyüşçülərinin üzərinə düşsə də, rəhbərlik bu birləşməyə layiq olduğu diqqət və hörməti göstərmir.

Rusiya qərargahının “bahalı” fəndi

Proqjin ötən həftənin cümə günü iddia etmişdi ki, onun döyüşçüləri Baxmutu “faktiki olaraq” mühasirəyə alıblar.

Amma o martın 6-da verdiyi bəyanatda Baxmut uğrunda döyüşlərin davam etdiyini bildirib.

Ukrayna baş qərargahı bildirir ki, hazırda ağır döyüşlər Baxmut, Avdiyivka, Liman və Şaxtar ətrafında gedir.

Qərargah bildirir ki, Ukrayna hərbçiləri bir gün ərzində düşmənin 95 hücumunu dəf ediblər.

Ukrayna hərbiyyəsi bunu da bildirir ki, Rusiya baş qərargahı Ukrayna ordusunun diqqətini yayındırmaq üçün Xerson regionu ilə ilhaq edilmiş Krım arasında qoşun birliklərini karvanla hərəkət etdirir.

Amma bəzi iddialara görə Rusiya qərargahının bu fəndi hərbi heyət arasında narazılığa səbəb olur, belə ki, yalançı manevr hərəkətlərinə lüzumsuz yerə onsuz da çatışmayan yanacaq və qüvvə sərf olunur.

XS
SM
MD
LG