Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:30

Rostovda FTX-nin həyətindəki anbar yanıb


Rusiyanın Rostov-Don şəhərində Federal Təhlükəsizlik Xidməti sərhəd qoşunları idarəsinin ərazisindəki anbar binasında yanğın baş verib.

Bu barədə məlumatı 161.ру saytı yayıb. Sosial media şəbəkələrində hadisə yerindən çox sayda videolar dərc olunub. Azı bir nəfərin həlak olduğu xəbər verilir.

Bu da bildirlir ki, yanğın sərhəd xidməti idarəsinin binasında deyil, onun ərazisindəki anbarda baş verib.

Xəbər verilir ki, yanğın başlamazdan əvvəl ərazidə güclü partlayış səsi eşidilib.

Baza internet saytı partlayış səsinin eşidildiyi təhlükəsizlik kamerasının görüntülərini yayıb.

Partlayış səsini yaxınlıqda yaşayan sakinlər də eşidiblər. 161.ру saytı yazırdı ki, partlayışlar yanğının davam etdiyi saatlarda da eşidilirdi.

Sayt yazır ki, bu, böyük bir ehtimalla yanğının silah anbarında baş verdiyini göstərir.

Amma rəsmi qaydada heç bir bəyanat verilməyib. Fövqəladə Hallar Xidməti yanğının baş verməsini təsdiq etsə də, səbəblər və ya təfərrüatlar barədə heç nə bildirilmir.

Sərhəd xidmətinin yerləşdiyi binalar kompleksi olan küçə bağlanıb.

Rəsmi məlumatlara görə bir nəfər həlak olub, iki nəfər xəsarət alıb.

Yaxınlıqdakı binadan sakinlərin evakuasiyasına başlanıb.

Rusiyanın Rostov vilayəti Ukraynanın Donetsk və Luhansk vilayətləri ilə həmsərhəddir. Hazırda orada Rusiya işğalçı qüvvələri ilə Ukrayna ordu birləşmələri arasında qızğın döyüşlər gedir.

XS
SM
MD
LG