Son 24 saat ərzində Ukrayna qüvvələri Rusiyanın Baxmut üzərinə hücumlarının qarşısını alıblar. Şərqi Donetsk vilayətində dağıntılara məruz qalmış bu şəhər uğrunda döyüşlərdə hər iki tərəf ağır itkilər verməkdədir.
Martın 20-də Avropa İttifaqı (Aİ) nazirləri Ukraynanı çox vacib sursatla təchiz etməyi hədəfləyən 2 milyard avroluq (2.13 milyard dollar) planı müzakirə edəcək.
Rusiya qüvvələri son bir sutkada Baxmut və yaxınlıqdakı Avdiyevka, Lıman, Maryinka və Şaxtarska 69 hücum gerçəkləşdirib. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik hesabatında açıqlayıb.
Donetsk və Zaporojye vilayətlərində yaşayış məskənləri atəş altındadır, mülki əhali arasında itkilər var, infrastruktura ziyan dəyir.
2 milyard avroluq artilleriya mərmisi
Cənubi Xerson vilayətinin Moskvanın nəzarətində olan hissəsində nəzarət məntəqələrindəki Rusiya qüvvələri dinc sakinləri Rusiya pasportları almağa vadar edir, onları zorakılıq və həbslə hədələyir. Bunu da Ukrayna ordusu bildirir.
Xerson vilayətinin qərb hissəsi, o cümlədən Xerson şəhəri noyabrda Ukrayna qüvvələri tərəfindən azad olunub, rusiyalılar Dnepr çayı boyunca geri çəkilib.
Aİ-nin xarici işlər və müdafiə nazirləri martın 20-də Brüsseldə yığışaraq Ukraynaya 2 milyard avro dəyərində artilleriya mərmisi vermək planlarını müzakirə edəcəklər. Aİ-nin Xarici siyasət rəhbəri Jozep Borrel (Josep Borrell) iclasın sonunda razılaşma əldə olunacağına ümidini bildirib.
“Ümid edirəm ki, bu gün xarici işlər və müdafiə nazirləri Ukraynaya sursat göndərmək üzrə razılaşmanı yekunlaşdıracaqlar”, – Borrel iclasdan öncə jurnalistlərə deyib.
Aya azı 350 min mərmi
Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba Kiyevdən videolink vasitəsilə iclasa qatılacaq, nazirlərə cəbhədəki vəziyyətlə bağlı məlumat verəcək.
Kiyev bildirir ki, Rusiyanın şərqdəki hücumunu dəf etmək, bu yaz əks-hücuma hazırlaşmaq üçün ayda 350 minə yaxın mərmiyə ehtiyacı var.
Rusiya ötən ilin fevralında Ukraynaya qarşı səbəbsiz hücuma başlayandan Aİ üzvləri Kiyevə 13 milyard dollarlıq hərbi yardım göstəriblər.
Blokun xarici işlər nazirləri ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyasında Moskvanın məsuliyyəti, Ukraynadan ixracı asanlaşdırmaq tədbirlərini də müzakirə edəcəklər.
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Rusiya Prezidenti Vladimir Putin üçün ukraynalı uşaqların Rusiyaya məcburi göndərilməsindəki roluna görə həbs orderi çıxarıb. Məhkəmə Rusiyanın uşaq hüquqları ombudsmanı Mariya Lvova-Belovanın həbsi üçün də order verib.