Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.
Bununla bağlı prezidentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, onlar Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya və bu bölgədə infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprelin birinci həftəsi Bakıda görüşün keçirilməsini bir daha təklif edirlər.
Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bundan əvvəl, rəsmi açıqlamaya görə, martın 1-də Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ ermənilərinin təmsilçiləri ilə görüşüb. Bildirildiyinə görə, görüş zamanı Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Lakin bundan sonra Qarabağda tanınmayan qurumun təmsilçiləri bəyan etdilər ki, həmin görüşdə reinteqrasiya məsələsi müzakirə olunmayıb.
Azərbaycan martın 13-də növbəti görüşün isə Bakıda keçirilməsini təklif etdi. Amma təklif gerçəkləşmədi.
Xankəndindən cavab…
Separatçı qurumun rəhbəri Araik Arutyunyanın ofisi bu təklif barədə heç bir rəsmi məlumat yaymasa da, Qarabağın başqa "rəsmiləri" bu məsələyə münasibət bildiriblər.
"Qarabağ parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri" kimi təqdim olunan Seyran Ayrapetyan Azatutyun-a deyib ki, onlar Bakının təklifinin qəbul olunmasını istisna edirlər.
Ayrapetyan əlavə edib ki, "Qarabağın müstəqilliyinin alternativi yoxdur". Onun vurğulamasına görə, Prezident İlham Əliyev onları danışıqlar üçün üçüncü bir ölkəyə, "Qarabağın öz müqəddəratını təyin etməsinin müzakirəsi gündəliyi ilə" dəvət etsə, onlar belə bir danışıqlara hazırdırlar.
Son təklifə isə, münasibət, hələlik, bəlli deyil.
Son illər Azərbaycanla Ermənistan da müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.