Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:32

Peterburq kafesində partlayışın şübhəlisi saxlanıb


Hadisə yerində
Hadisə yerində

Rusiyanın İstintaq Komitəsi aprelin 2-də Sankt Peterburq şəhərində kafedə baş vermiş bomba partlayışı ilə bağlı şübhəli sayılan gənc qadının saxlandığını bildirib.

26 yaşlı peterburqlu Darya Trepova xüsusilə təhlükəli üsulla qətldə ittiham olunur.

Bu ittiham üzrə ona 25 il azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Şəhərin Vasilyev adasındakı kafedə partlayış axşam saat 6 radələrində baş verib. Həmin vaxt kafedə hərbi bloger Vladlen Tatarski (Maksim Fomin) oxucuları ilə görüş keçirirdi.

Partlayış nəticəsində Tatarski ölüb, daha 30 nəfər xəsarət alıb.

Fontanka saytı yazır ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

İstintaqın versiyasına görə şübhəli kafeyə içində heykəlcik olan qutunu kafeyə gətirib. Partladıcı bu heykəlciyə yerləşdirilmişdi.

Qadın “hədiyyəni” Tatarskiyə təqdim edib.

“Terror aktı”

Fontanka yazır ki, Trepova Vıborq rayonunda ərinin bir tanışının kirayələdiyi mənzildə saxlanıb. Bu da bildirilir ki, Trepovanın Özbəkistana uçan reysə bileti olub.

Kreml baş vermiş hadisəni “terror aktı” adlandırıb.

Rusiyanın milli antiterror komitəsi iddia edib ki, Tatarskiyə hücum Ukrayna xüsusi xidmətləri tərəfindən, “Navalnının antikorrupsiya fondu (AKF) ilə əməkdaşlıq edən agentlərin” iştirakilə hazırlanıb.

Bu iddianı təsdiqləyəcək heç bir dəlil-sübut təqdim olunmur.

AKF-in direktoru İvan Jdanov bəyan edib ki, fond belə fəaliyyətlə məşğul olmur. Jdanov ehtimal etdiyini bildirib ki, qətli Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) təşkil edib.

Darya Trepova barədə məlum olanlar

26 yaşlı Treopova Sankt Peterburqda doğulub, bir ay bundan əvvəl Moskvaya köçüb.

O sosial şəbəkələrdə feminizmə və intihara aid postlar yazırdı.

Trepova orta məktəbi bitiridikdən sonra Sankt Peterburq Dövlət Universitetinin tibb fakültəsinə daxil olub, amma orada təhsilini yarımçıq dayandırıb.

Bəzi məlumatlara görə o yarım il Gürcüstanda yaşadıqdan sonra Rusiyaya qayıdıb.

Trepova qeydiyyatdan keçməmiş Libertarian partiyasının xaricə mühacirət etmiş üzvü Dmitri Rılovla nikahdadır. Lakin onun rəfiqələrindən biri bu nikahı “zarafat” adlandırıb.

Antimüharibə aksiyaçıları

2022-ci ilin 24 fevralında Trepova və Rılovu Sankt Peterburqda keçirilən antimüharibə aksiyasında saxlayıblar.

Rəsmi məlumata görə onlar 10 sutkalıq həbs edilmişdilər.

Rılov əmindir ki, arvadını “oyuna” salıblar.

SVTV libertarian saytına müsahibəsində Rılov deyib ki, Trepova heykəlciyin partlayacağını “qətiyyən başa düşməyib”:

"Bəli biz Darya ilə Ukraynadakı müharibəni dəstəkləmirik. Amma belə hərəkətləri yolverilməz hesab edirik. Mən yüz faiz əminəm ki, onun bundan xəbəri olsa idi, belə işə heç vaxt razılıq verməzdi”.

Rılov heykəlciyin haradan gəldiyini deməyib. Baza teleqram kanalı xəbər verir ki, Rılov hazırda axtarışdadır və onun mənzilində axtarış aparılır.

RBK agentliyinin anonim mənbələrindən biri bildirib ki, Trepovanın bundan əvvəl Tatarski ilə yazışması olub və Darya onun keçirdiyi tədbirlərə qatılıb.

Dmitri Rılov
Dmitri Rılov

Priqojinin kafesi

Bu da xəbər verilir ki, sözü gedən kafe - “The Street Food Bar No. 1” əvvəllər “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeni Priqojinə məxsus olub.

Priqojinin Vaqner özəl hərbi şirkətinin muzdluları hazırda Ukraynada döyüşürlər.

Priqojin aprelin 3-də deyib ki, o kafeni tədbirlərin keçirilməsi üçün “vətənpərvər qrupa” verib.

Tatarski sosial mediada yaxşı tanınan fiqurdur və onun bloqunun 500 mindən çox abunəçisi var.

Partlayış baş verən gün kafedə keçirilən tədbirə 100-dək gələn olub.

Rusiya qüvvələri Ukraynanın şərqini işğal edərkən Tatarski doğulduğu Donbasda həbsxanada idi.

O burada gedən döyüşlər zamanı həbsxanadan qaçıb və rusiyayönlü Donbas separatçılarına qoşulub.

Tatarski qısa müddətə separatçı rejim tərəfindən yenidən həbsxanaya qaytarılsa da, sonradan azad olunub.

O Putinin Ukraynanın 4 vilayətinin ilhaqını qeyd edən tədbirində iştirak edib.

Tatarski “hamını öldürəcəyik” demişdi

Ukrayna mediası Tatarskini Kreml təbliğatçısı hesab edirdi.

Tatarski Kremldə çəkilmiş videolarından birində deyirdi:

“Biz qələbə qazanacağıq, biz hamını öldürəcəyik, lazım gəlsə, hamını qarət edəcəyik. Sevdiyimiz işi görəcəyik”.

Kremlyönlü media Tatatrskinin ölümündə Ukraynanı ittiham edir.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Tatarskinin fəaliyyəti Kiyev rejimində ona qarşı qəzəb yaradıb.

Lakin Priqojin bildirib ki, o partlayışın Ukrayna ilə bağlı olmasına inanmır. Onun fikrincə bu qətli Rusiyanın özündəki “radikal qruplardan” biri törədib.

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak bildirib ki, bu sui-qəsd rusiyadaxili çəkişmənin bir hissəsidir:

"Şüşə bankadakı hörümçəklər bir-birlərini yeməyə başlayıblar. Rusiyada daxil terrorizmin daxili siyasi həyatın alətinə çevrilməsinə az qalıb”.

XS
SM
MD
LG