Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:35

Klinton Ukraynadan nüvə silahını aldığına görə peşmandır


Keçmiş Ukrayna və ABŞ prezidentləri Leonid Kravçuk və Bill Klinton, 22 noyabr, 1994, Vaşinqton
Keçmiş Ukrayna və ABŞ prezidentləri Leonid Kravçuk və Bill Klinton, 22 noyabr, 1994, Vaşinqton

ABŞ-ın keçmiş prezidenti Bill Klinton 1990-ci illərdə Ukraynanın nüvə tərksilahında oynadığı rola görə peşmançılığını ifadə edib.

O İrlandiyanın RTE kanalına müsahibəsində deyib ki, Ukrayna nüvə silahından məhrum edilməsəydi, Rusiya onun ərazisinə tammiqyaslı müdaxiləyə cəsarət etməzdi:

"Mən bu məsələdə şəxsi məsuliyyətimi hiss edirəm, çünki mən onları nüvə silahından imtinaya məcbur etdim. Onlardan heç biri inanmır ki, Ukraynanın hələ də nüvə silahı olsaydı, Rusiya bu müdaxiləyə girişərdi”.

Klintonun sözlərinə görə o bilirdi ki, Vladimir Putin sələfi Boris Yeltsindən fərqli olaraq Budapeşt memorandumuna bənzər bir sənədi dəstəkləməzdi.

Bu memoranduma görə Ukrayna “təhlükəsizlik qarantiyaları” müqabilində nüvə silahından imtina etməli olmuşdu.

“Onlar nüvə silahını əldən verməyə qorxurdular”

Klinton daha sonra deyib:

“Onlar (ukraynalılar-red) nüvə silahını əldən verməyə qorxurdular. Çünki fikirləşirdilər ki, bu onları ekspansionist Rusiyadan qoruya biləcək yeganə vasitədir. Doğrudan da Putin imkan düşən kimi sazişi pozdu və Krımı işğal etdi. Mən özümü buna görə çox pis hiss edirəm. Çünki Ukrayna çox mühüm ölkədir”.

Eks-prezident hesab etdiyini bildirib ki, Qərbin Ukraynaya dəstəyi dəyişməz olaraq qalmalıdır:

"Mən hesab edirəm ki, cənab Putinin etdiyi çox düzgün olmayan hərəkətdir və mən hesab edirəm ki, Avropa və Birləşmiş Ştatlar Ukraynaya dəstəyi davam etdirməlidir. Ola bilsin ki, bir vaxt Ukrayna hökuməti istədiyi sülh sazişinə nail ola bildi. Amma mən düşünmürəm ki, biz hamınız dəstəyi dayandırmalıyıq”.

Putinin pozduğu öhdəlik

İrlandiyadakı Qolvey Universitetinin (University of Galway) hüquq professoru Lerri Donneli deyib ki, cənab Klintonun etirafını “çox səmini” qəbul etmək lazımdır:

"İndi baş verənlərin fonunda onun peşmançılığını başa düşmək olar. Amma onu da başa düşmək olar ki, o həmin vaxt etdiyini niyə edib. O dünyanı nüvəsizləşdirməyə, Rusiya ilə münasibətləri yaxşılaşdırmağa və daha konstruktiv etməyə çalışırdı...Bu da başa düşüləndir ki, Ukrayna xalqı bütün bunlara görə necə qəzəblidir”.

Bill Klinton 1994-cü ildə Rusiya və Ukrayna prezidentləri Boris YeltsinLeonid Kravçukla birlikdə SSRİ-nin dağılmasından sonra Ukraynada qalan strateji nüvə silahı arsenalının ləğvi barədə üçtərəfli müqaviləyə qol çəkmişdi.

Elə həmin ilin dekabrında ABŞ həm də Budapeşt memorandumuna qoşulmuşdu. Bu memorandumla Rusiya öz üzərinə Ukraynanın ərazi bütövlüyünə hörmət edəcəyinə dair öhdəlik götürürdü.

XS
SM
MD
LG