Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Polis rəisi yeniyetmələrin zorlanmasında özlərini günahlandırıb


Azamat Noqoybayev
Azamat Noqoybayev

Qırğızıstan paytaxtı Bişkekin polis rəisinin azyaşlı zorlama qurbanlarını onların potensial təcavüzkarlarla “könüllü” əlaqəyə girdiyini deməsi əhalini qəzəbləndirib.

“Qızlar özləri müəyyən adamlarla tanış olurlar, onlarla könüllü yatırlar, sonra da biz belə vəziyyətlərlə üzləşirik”,Azamat Noqoybayev martın 31-də canlı yayımda söyləyib.

13-yaşlı qızın bu yaxınlarda zorlanmasına istinad edən Noqoybayev iddia edib ki, “qız ərə getmək istəyib, ancaq azyaşlı olduğundan belə bir nəticə ortaya çıxıb”.

Noqoybayevin dedikləri sərt təpki, etirazlar, onun istefasına çağırışlarla nəticələnib. Bir fəalın sözlərinə görə, onun sözləri sadəcə kişilərin zorlama törətməsinə “yaşıl işıq yandırıb”.

Üzr istəsə də...

Bu həftə valideynlər və fəallar daxil olmaqla bir qrup etirazçı Bişkekdə şəhər polis idarəsinin qarşısına yığışıb. Onlar Prezident Sadır Japarovu, Daxili işlər naziri Ulan Niyazbekovu polisə ictimai inamı bərpa etmək üçün Noqoybayevi işdən çıxarmağa çağırıblar.

“Noqoybayevə ar olsun! Uşaqları istismar edənlərə ar olsun! Onları dəstəkləyənlərə ar olsun!” – etirazçılar qışqırıblar.

“Mənim də qızlarım var. Onların təhlükəsizliyi üçün narahatam. Günün 24 saatını onlarla qala bilmərəm. Adamları qorumalı olan polis rəsmisinin o sözlərindən sonra polisə və hökumətə necə inana bilərik?” – etirazçı Azamat Amanturov AzadlıqRadiosuna deyib.

“Uşaqların zorlanmasını heç cür əsaslandırmaq olmaz”, – o, sözlərinə əlavə edib.

Noqoybayev dediklərinə görə üzr istəsə də, istefa planı olub-olmadığını bildirməyib. Daxili İşlər Nazirliyi polis rəisinin dedikləri üzrə istintaq başlatdığını açıqlayıb.

Ötən il bir yeniyetmə intihar edib

Ötən il Qırğızıstanda müstəntiqlər iki polis əməkdaşı və bir tibbi ekspertə qarşı təhqiqat başladıb. Bu, yeniyetmə zorlama qurbanının intiharından sonra baş verib.

Kimsəsiz qurban polisə deyib ki, 2021-ci ilin sonunda 21-yaşlı bir kişi onu zorlayıb. Ancaq polis şübhəlini saxlamayıb, guya qız dindirilən zaman cinsi əlaqənin öz razılığı ilə baş verdiyini deyib, baxmayaraq ki, o zaman cəmi 13 yaşı olub.

Yeniyetmə bir neçə aydan sonra həyatına qəsd edib.

Müstəntiqlər polis əməkdaşlarının qurbanın ifadəsini saxtalaşdırdığını deyirlər. Polis əməkdaşları və şübhəli saxlanıb, istintaq gedir.

Baş Prokurorluğun məlumatına görə, 2022-ci ildə azyaşlıların zorlanma iddiaları üzrə 438 cinayət işi açılıb.

Milli Statistika Komitəsi bildirir ki, 2021-ci ildə bu Orta Asiya ölkəsində uşaqlara qarşı 3 min 34 cinayət törədilib. Onlardan 500-ü cinsi istismarla bağlı olub.

Qırğızıstanda 2022-ci ilin avqustunda qəbul olunmuş qanunda uşaqlara qarşı pis rəftara görə cəzalar sərtləşdirilib. Uşaqlara qarşı cinayətlərə görə həbs müddətləri uzadılıb, cərimələr artırılıb.

XS
SM
MD
LG