Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emomali Rahmonu 9 may qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya dəvət edib.
Bu barədə məlumatı Rahmonun mətbuat xidməti yayıb.
Məlumatda deyilir ki, mayın 5-də Rahmonla Putin arasında telefon söhbəti olub.
Bu söhbət zamanı prezidentlər “Tacikistan-Rusiya münasibətlərinin və strateji partnyorluğunun inkişaf dinamikasından” razılıq ifadə ediblər.
Rahmon hələ qərar qəbul etməyib
Məlumatda Rahmonun Putinin dəvətini qəbul edib-etməməsi barədə heç nə deyilmir.
Rusiyanın İzvestiya qəzeti Tacikistan prezidentinin administrasiyasına istinadən yazır ki, Rahmonun Moskvaya səfəri barədə qərar hələ qəbul olunmayıb.
Bundan əvvəl verilən məlumatlarda deyilirdi ki, Moskvada keçiriləcək 9 may paradında Qırğızıstan prezidenti Sadır Japarov iştirak edəcək.
Kremlin sözçüsü Dmitri Peskov o vaxt bildirmişdi ki, Moskva paradına başqa heç bir xarici lider dəvət olunmayıb.
Putin niyə birdən birə Rahmonu dəvət edib
Putinin gözlənilmədən Rahmona zəng edib onu qonaq çağırmasının səbəbləri məlum deyil.
Hər halda bu barədə xəbəri rəsmi Kreml hələ ki, bəyan etməyib.
Rusiya iddia edir ki, mayın 3-də Vladimir Putinin Kremldəki iqamətgahına iki dronla hücum edilib.
Moskva bu dron zərbələri cəhdində Kiyevi ittiham edir. Ukrayna ittihamı rədd edib.
Bu insidentdən sonra Moskvada təhlükəsizlik tədbirlərini sərtləşdiriblər.
Peskovun sözlərinə görə 9 may paradı planlaşdırıldığı kimi keçiriləcək və Putin Qırmızı meydanda olacaq.
Rahmon 2021-ci ildə Moskva paradında iştirak edən yeganə xarici lider idi.
Lakin 2022-ci ildə Rusiya Ukraynaya səbəbsiz və əsassız hücum edəndən sonra keçirilən 9 may paradında artıq heç bir xarici lider iştirak etməmişdi.