Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Lider Haber TV kanalının efirində deyib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması və Azərbaycan-Ermənistan sülh prosesinə dəstək istiqamətində bəzi addımlar atıb, amma Ermənistan Yerevanda “Nemezis” əməliyyatı iştirakçılarına abidə qoymaqla bir daha səmimi olmadığını nümayiş etdirib:
“Biz onlara dedik ki, əgər siz bu abidəni yığışdırmasanız, heç bir normallaşdırma olmayacaq, üstəlik biz cavab tədbirləri görəcəyik”.
Çavuşoğlu bir daha Yerevanda belə bir abidənin açılmasını Türkiyə üçün “qeyri-məqbul” adlandırıb.
Rəsmi Yerevan bu abidənin hökumət tərəfindən deyil, bələdiyyənin qərarı ilə qoyulduğunu bildirmişdi.
Türkiyənin xarici işlər naziri bu izahatı qəbul etmədiyini bildirib:
“Biz zəruri mesajlarımızı həm xüsusi nümayəndəmiz, həm də başqa kanallarla çatdırmışıq. Qərarımızdan geri çəkilməyimiz barədə söhbət də gedə bilməz. Biz əlavə tədbirlərin görülməsi üzərində işləyirik və bunları prezidentə təqdim edəcəyik”.
Paşinyan da abidəni səhv qərar sayır
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu abidənin qoyulması barədə qərarı səhv adlandırmışdı. Amma o vurğulamışdı ki, abidənin qoyulması barədə qərar Yerevan bələdiyyəsi səviyyəsində qəbul olunub:
“Bu qərarı hökumət qəbul etməyib və demokratiyanın qüsurlarından biri də budur ki, hökumət və ya hökumət başçısı hər şeyə və bizim komandamız daxil hamıya nəzarət etmir. Əgər mənim fikrimi bilmək istəyirsinizsə, düzgün qərar qəbul edilməyib və onun həyata keçirilməsi də düzgün olmayıb”.
Baş nazirin sözlərinə görə bu, “Ermənistanda bir çoxlarının çoxlarını satqın hesab etdiyi və xəyanətə görə güllələnmə ilə hədələdiyi” ab-havada baş verib.
Mevlüt Çavuşoğu ötən həftə başqa bir müsahibəsində xatırlatmışdı ki, “Nemezis” əməliyyatı 1920-ci illərdə Türkiyə və Azərbaycan diplomat və vətəndaşlarının öldürülməsi məqsədi güdüb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, aprelin 25-də Yerevanın Dairəvi parkında 1915-ci ildə Türkiyədə və 1918-ci ildə Bakıda “ermənilərin soyqırımlarını” həyata keçirən “gənc türk” liderlərindən qisas almış ermənilərin xatirəsini əbədiləşdirən “Nemezis” adlı abidə qoyulub.
Rəsmi Ankara və rəsmi Bakı bu abidənin qoyulmasını pisləyiblər.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.