Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:03

Priqojin Kremlin Ukrayna siyasətini tənqidlə 'alt-üst' edib


Kollaj: Putin və Priqojin
Kollaj: Putin və Priqojin

Kreml 2022-ci ilin fevralında bəyan etdiyi “Ukraynanın demilitarizasiyası” əməliyyatından əks-nəticə əldə edib, belə ki, Ukrayna ordusu dünyanın ən güclü ordularından birinə çevrilib.

Bunu Rusiyadakı Vaqner özəl hərbi şirkətinin əsasını qoymuş Yevgeni Priqojin tanınmış politoloq Konstantin Dolqova müsahibəsində deyib.

Priqojin habelə Vaqnerin böyük itkilərindən danışıb və Rusiyanın Ukrayna siyasətini tənqid edib.

Onun sözlərinə görə Rusiya ordusunun hərəkətləri Kremlin ümid etdiyi nəticələri verməyib.

O əlavə edib ki, Kremlin Ukraynanı “denasifikasiya” (nasistlərdən təmizləmə) siyasəti ukraynalıları “bütün dünyada yaxşı tanınan” millətə çevirib.

1917-ci il təkrar oluna bilər

“Demilitarizasiya” haqqında danışan Priqojin deyib ki, Ukrayna ordusu hazırda dünyanın ən güclü ordularından biridir:

"Onların yüksək təşkilatlanması, yüksək hazırlığı, yüksək səviyyəli kəşfiyyatı, ən müxtəlif silahları var. Bundan başqa onlar istənilən sistemlərdə, sovet, NATO sistemlərində eyni dərəcədə yaxşı işləyirlər”.

Priqojin bunu da deyib ki, Ukraynanın döyüş potensialının artmasında Rusiyanın “savadsız” hərəkətləri də rol oynayıb.

Biznesmen bildirib ki, bütün bunlar 1917-ci ildə olduğu kimi qurtara bilər.

Onun sözlərinə görə əvvəlcə əsgərlər, sonra isə onların yaxınları üsyan qaldıra bilərlər.

Vaqnerin və Rusiyanın itkiləri

61 yaşlı Priqojin tez-tez söyüş işlətdiyi bu müsahibədə deyib ki, Kremlin gözləntilərinə rəğmən 15 ayda Qərb nə müharibədən, nə də Ukraynaya dəstək verməkdən yorulmayıb və indi Ukrayna əks-hücuma hazırlaşır.

Priqojinin fikrincə Rusiyaya hərbi vəziyyət, yeni səfərbərlik dalğaları və müəyyən illər “Şimali Koreya həyat tərzində” yaşamaq lazımdır.

O bildirib ki, Vaqner Ukraynaya müdaxilənin əvvəlindən bəri 20 min muzdlusunu itirib və bunların təxminən yarısı məhkumlardır. Priqojinin sözlərinə görə Rusiya islah-əmək koloniyalarından ümumilikdə 50 min məhkum səfərbər olunub.

ABŞ Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin fevralın sonuna olan məlumatına görə Rusiya müharibədə muzdlular da daxil azı 60 min nəfər itirib.

ABŞ Milli Təhlükəsizlik Şurasının məlumatında deyilir ki, Vaqner qrupunun müharibənin əvvəllərindən bu ilin fevralınadək itkiləri 30 min nəfər olub.

Putinə meydan oxuyan ambisiyalar

Priqojinin Rusiya prezidenti Vladimir Putinlə şəxsi söhbətində Rusiya ordusunu tənqid etməsi barədə mənbələrə istinad edən xəbəri The Washington Post qəzeti vermişdi. Priqojin bu xəbəri təkzib edib.

Amma bunun ardınca Baxmut uğrunda döyüşlər zamanı Priqojin özünün videomüraciətlərində dəfələrlə müdafiə naziri Sergey Şoyqunu, eləcə də baş qərargah rəisi Valeri Gerasimovu sərt tənqid etmişdi.

Rusiyanın "Вёрстка" saytı diqqəti belə bir məqama çəkir ki, Priqojin müsahibəni müxtəlif yerlərinə rəngli sancaqlar taxılmış dünya xəritəsinin fonunda verib.

Sayt ehtimal edir ki, Vaqner sahibinin maraqlarında Latın Amerikası, Asiya və Okeaniya da daxil 30-dan çox ölkə var. Sayt diqqət yetirib ki, sözü gedən xəritədə sancaqlar CAR, Efiopiya, Qabon, Kolumbiya və Banqladeş kimi ölkələrə də taxılıb. Vaqnerin bu ölkələrdə hər hansı fəaliyyəti barədə əvvəllər məlumat verilməyib.

Bəzi təhlilçilər Priqojinin son həftələrdə yayılan videolarını və müsahibələrini onun siyasi ambisiyaları ilə bağlayırlar. Onların fikrincə bu ambisiyalara Putinin özü ilə rəqabət də daxildir.

XS
SM
MD
LG