Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:53

ABŞ rəsmisi Moskva danışıqlarını şərh edib


Metyu Miller
Metyu Miller

Vaşinqton Azərbaycan və Ermənistan arasında danışıqların davam etməsini dəstəkləyir.

Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Azərbaycan, Ermənistan və Rusiya liderlərinin mayın 25-də Moskvada keçirilmiş üçtərəfli görüşünü şərh edərkən deyib:

“Biz bu danışıqlarda iştirak etməmişik, amma bu bizim üçün prioritet olaraq qalır. Bildiyiniz kimi bir neçə həftə bundan əvvəl dövlət katibi hər iki tərəfi burada, Vaşinqtonda qəbul edib. Biz bilirik ki, bundan sonra danışıqlar Brüsseldə davam etdirilib və biz danışıqların davam etdirilməsini dəstəkləyirik. Bu məsələ bizim üçün prioritet olaraq qalır”.

Miller Vaşinqtonun belə bir mövqeyini bir daha təsdiqləyib ki, razılaşma əlçatandır və hər iki tərəf həll olunmamış məsələlər üzrə razılaşmaların əldə olunması istiqamətində birlikdə işləməlidir.

Dövlət Departamentinin nümayəndəsi habelə Twitter-də yazdığı postda Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasına dair bəyanatını təqdir edib:

“Yekun razılaşma yaxındadır və biz dostlarımıza onun əldə olunmasında kömək edəcəyik”.

Əslində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını Moskvadan əvvəl Brüsseldə bəyan etmişdilər.

Avropa İttifaqı Şurasının başçısı Şarl Mişel bəyan etmişdi ki, Bakı və Yerevan 86 min 600 kvadrat kilometrlik sahədə Azərbaycanın və 29 min 800 kvadrat kilometrlik sahədə bir-birinin ərazi bütövlüyünü tanıyıblar.

Bundan bir neçə gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən danışıqları irəli doğru addım adlandırmışdı.

“Heç kim vaxtı qovmur...”

“Heç kim vaxtı qovmur”, amma Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi görünən perspektivdə imzalana bilər.

TASS yazır ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mayın 26-da deyib.

O bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri gələn həftənin axırlarında həll olunmamış məsələlərin müzakirəsi üçün Moskvada görüşəcəklər:

“Hansısa məsələnin sonadək razılaşdırılması məqsəd qoyulmayıb. Çünki ən mühümü yekun nəticədir və burda heç kim vaxtı qovmur. Hərçənd dünən görüşdə deyildiyi kimi hazırda bir çox cəhətdən şərait dəyişib və faktiki olaraq, konseptual baxımdan dəyişən şərait artıq gözlə görünən perspektivdə sülh müqaviləsinin imzalanmasına çıxış verir”.

Bono Yerevanda

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, mayın 26-da Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bononu qəbul edib.

Xəbər verilir ki, onlar Ermənistan-Azərbaycan münasibətlərinə, sərhədin delimitasiyası və təhlükəsizliyinə, habelə Qarabağdakı vəziyyətə dair məsələləri müzakirə ediblər.

Bono bundan bir gün əvvəl Azərbaycanda xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

ABŞ-ın yeni səfiri nə vaxt gələcək

Mayın 26-da keçirilən brifinq zamanı verilən suala cavab olaraq ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib ki, prezident Co Bayden ABŞ-ın Azərbaycanda yeni səfiri kimi Mark Libbinin namizədliyini hələ bir il əvvəl Konqresin xarici əlaqələr Komitəsinə təqdim edib.

ABŞ-ın Azərbaycandakı səfirinin xidmət müddəti ötən ilin iyulunda başa çatıb.

Buna baxmayaraq bu ilin yanvarında Konqres komitəsi Libbinin namizədliyi Ağ Evə qaytarıb. Ağ Ev Libbinin namizədliyini yenidən təqdim edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Daha sonra da bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpasının zəruri sayılması ilə bağlı bu formatda daha bir neçə bəyanat imzalanıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG