Qırğızıstanda kreativ bir qrup ölkənin sovet dövrü adını avtomatik dəyişən brauzer əlavəsi hazırlayıb. Bişkekdən olan Birtops qrupu bu ayın əvvəlində Minskdə regional marketinq festivalında bu əlavəyə görə qızıl medal alıb.
“Biz Qırğızıstanıq” (We Are Kyrgyzstan) adlı bu əlavə “Kirqiziya” sözünü avtomatik olaraq “Qırğızıstan”la əvəzləyir.
AzadlıqRadiosunun müxbiri Kris Riklton (Chris Rickleton) yazır ki, əlavəni hazırlayanlar milli qürur və suverenliyin təhqir olunmasına diqqət çəkirlər.
Petisiya linki
“Bu 30 ildən çox müstəqillik dövründə ölkəmizin hələ də Kirqiziya adlandırılmasına etirazımız idi”, – Birtops-un kreativ direktoru Nursultan Bakıt AzadlıqRadiosuna deyib.
“We Are Kyrgyzstan”-ı “Google Chrome” əlavəsi kimi yükləyənlər bir petisiya linki görürlər. Petisiyada rusdillilərə müraciət olunur ki, ölkəyə rəsmi adıyla Qırğız Respublikası, yaxud Qırğızıstan desinlər.
Bir neçə yüz imza toplamış petisiya işə salınandan dərhal sonra bir həftəliyə bloklanıb. Bakıt bunu rusiyalıların şikayət dalğası ilə izah edir.
O, ölkəyə səfər edən blogerlərin daha çox “Kirqiziya” adına üstünlük verdiyini, bunun Rusiya ötən ilin fevralında Ukraynaya hücuma başlayandan daha kəskin problemə çevrildiyini qeyd edir. Belə ki, ötən il çağırış yaşlı minlərlə rusiyalı Qırğızıstana qaçıb.
Qalmaqallı məqamlar
Yer adları keçmiş sovet ölkələrində daim qalmaqal mövzusu olub. Rusiyanın Ukraynanı işğal etməsi isə arqumentləri kəskinləşdirib.
Ukrayna Xarici İşlər Nazirliyi ölkə paytaxtının rus tələffüzünə əsaslanan “Kiyev” adının Ukrayna transliterasiyasına söykənən “Kyiv”lə əvəzlənməsi üçün onlayn kampaniya başladıb.
Yaxud rusiyalıların Ukraynada baş verənlərdən danışanda “v”, deyil “na” sözönündən istifadə etməsi ukraynalıları həmişə qıcıqlandırıb. Adətən müstəqil ölkələrdən danışanda “v” önlüyü işlədilir.
İngiliscə Ukraynaya “the Ukraine” deyilməsi də bu qəbil ziddiyyətli məqamdır.
Almatı, yoxsa Alma-Ata
Qırğızıstanın şimal qonşusu Qazaxıstanın ən böyük şəhəri Almatıya rusiyalılar hələ də “Alma-Ata” deyirlər. Əslində, şəhərin tarixi adı “Almatau” da bu regionda meyvə bolluğu ilə bağlı ola bilərdi. Amma yenə də sakinlər “alma” və “ata” sözlərinin defislə işlədilməsisini utandırıcı anlamı olan sovet adı sayırlar.
“Bəziləri üçün Alma-Ata xoş, nostalgiya hissləri oyada bilər. Mənə görə bu, Sovet İttifaqı ilə bağlıdır, onda mədəniyyətimizi ləğv edərək yerində yeni, qazax mədəniyyətini imitasiya edən, mənası olmayan bir şey yaradılmışdı”, – fəal Aydana Aydarxan deyir.
Onun fikrincə, adlar üzrə debat “göründüyündən daha ciddidir”. “Çünki əvvəlcə adı qəbul etmirlər, sonra da suverenliyi”, – Aydarxan vurğulayır.
Rus dilinin statusu
Bu arada Qırğızıstanda rus dilinin statusu da Moskva üçün əhəmiyyətlidir. Ötən həftə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bişkekin qırğız dilinin inkişafı və genişlənidirilməsi planları haqda sualı cavablandırıb. Dövlət dili haqqında yeni qanunu artıq parlament üzvləri dəstəkləyib.
Zaxarova iyunun 2-də deyib ki, Rusiya müttəfiqi “Kirqiziya”nın “balansı dil siyasəti” yürüdəcəyini gözləyir. O həmçinin qeyd edib ki, bu qanun sözügedən Orta Asiya ölkəsinin qırğız dilində danışmayan vətəndaşlarına problem yarada bilər.
“Nə qədər ki ruscanın rəsmi statusu vardı, ölkəyə Qırğızıstan deyirdilər. Rus dili statusunu itirəndə isə bizi ürəyin istəyən kimi çağıra bilərsən”, – bir qırğızıstanlı istifadəçi Twitter-də yazıb.
Ancaq indilik Qırğızıstanın rus dilinin rəsmi statusunu alıb-almayacağı bəlli deyil. Belə bir addım Moskvayla münasibətləri gərginləşdirə bilər.