Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Paşinyan: Müharibədə bəzi silahların ixtiyarı Ermənistanda deyildi


“Mən etiraf edirəm ki, müharibə konveyereini dayandıra bilməmişəm”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyan 2020-ci ilin 44 günlük müharibəsini araşdıran parlament komissiyasının iclasında deyib.

O eyni zamanda vurğulayıb ki, müharibədən yan keçmək imkanı vardı, bunun nəzəri mümkünlüyü üçün Qarabağ məsələsinə “erməni baxışından” əl çəkilməliydi.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Armen Xaçatryanın “müharibə bütün hallarda qaçılmaz deyildimi” sualına Paşinyan belə cavab verib:

“Biz o an deyə bilərdik ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibində görməyən baxışdan imtina edirik. Bu əlbəttə, bizim müharibədən yan keçəcəyimizə qarantiya vermirdi, amma belə bir nəzəri imkan verə bilərdi”.

Bəzi suallara yalnız qapalı iclasda cavab veriləcək

2018-2020-ci illərdə Ermənistan ordusunun döyüş qabiliyyəti məsələsinə toxunan Paşinyan deyib ki, genişmiqyaslı müharibə təqdirində vəziyyətin sadə olmayacağını ona demişdilər. Amma onu əmin etmişdilər ki, Ermənistanın Silahlı Qüvvələri və Müdafiə ordusu qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlmək iqtidarındadırlar.

Paşinyan bildirib ki, silah almaq üçün heç bir pul problemi yox idi.

Onun sözlərinə görə elə silahlar vardı ki, onlara nəzarət tam mənada Ermənistan Respublikasında deyildi.

Paşinyan söhbətin hansı silahlardan getməsi, onlardan istifadə olunmasına siyasi məhdudiyyətlərin olub-olmaması barədə suallara cavab verməyib, amma bildirib ki, bu barədə yalnız qapalı iclasda danışa bilər.

Baş nazirə söhbətin İskander raketlərindən gedib-getməməsinə dair verilən dəqiqləşdirici sual veriləndə, o yenə də bu barədə yalnız bağlı qapılar arxasında danışa biləcəyini deyib.

Bir daha Şuşada tapılmış İskander raketi barədə

2021-ci il aprelin 2-də Bakıda İkinci Qarabağ müharibəsində Azərbaycan ərazisinə atıldığı deyilən "İskander" raketlərinin qalıqları nümayiş etdirilmişdi.

Həmin qalıqları martın 15-də Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Şuşada aşkarladığı vurğulanırdı.

İskanderdən istifadə barədə məlumatı ilk dəfə baş nazir Nikol Paşinyan səsləndirsə də, sonradan bunu təkzib etmişdi.

Rusiya tərəfinin bununla bağlı sorğuya cavabı Bakını qane etməmişdi.

2021-ci ilin 20 aprelində prezident İlham Əliyev Azərbaycan ərazisinə “İskəndər-M” raketinin atılması ilə bağlı dövlət televiziyasının sualını cavablandırmışdı:

“Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur”.

Bu suallar indiyədək açıq qalır, ya da bu barədə ictimaiyyətə məlumat verilməyib.

Ermənsitan Milli Məclisinin 44 günlük müharibə araşdıran istintaq komissiyasının bundan əvvəlki iclası iyunun 20-də olmuşdu.

İyunun 27-də keçirilən bugünkü iclas televiziya ilə canlı yayınlanırdı, amma əvvəlcədən bildirlmişdi ki, baş nazir “dövlət sirri” ilə bağlı suallara qapalı rejimdə cavab verəcək.

Parlament müxalifəti bugünkü müzakirələrdə də iştirak etməyib.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında illərdir sülh danışıqları getsə də, hələlik, müsbət nəticə əldə edilməyib.

XS
SM
MD
LG