Carnegie Fondunun Qarabağ münaqişəsi üzrə aparıcı eksperti Tomas de Vaal Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan danışıqlarının dərhal ardınca AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində deyib ki, o hazırda Azərbaycan tərəfindən ciddi eskalasiya gözləmir:
“Son iki ildə gördüyümüz kimi onların seçdiyi taktikanı “məcburetmə diplomatiyası” adlandırmaq olar. Bu, yəni həm gücdən, həm də diplomatiyadan istifadədir. Bu o deməkdir ki, biz bəzən eskalasiyanın şahidi oluruq, amma bu, danışıqlar davam etdikcə tammiqyaslı müharibə həddinə çatmır”.
Qarabağın gələcəyi ilə bağlı suala cavab verən ekspert deyib ki, hazırda Bakı və Yerevan arasında yalnız ikitərəfli sülh sazişinin müzakirəsi gedir:
“Aydındır ki, indiki Ermənistan hökuməti bundan əvvəlki hökumətlərdən xeyli irəli gedərək Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yerevan bunu aşkar beynəlxalq təzyiq altında edir. Ermənistana deyirlər ki, Qarabağın müstəqilliyi ideyasının yox olması ilə barışmaq lazımdır”.
"Düşünürəm ki, pərdə arxasında hansısa danışıqlar gedir"
Tomas de Vaal deyib ki, Qarabağ erməniləri hazırda Rusiya sülhməramlılarından məyusdurlar, amma heç kimdənsə rusların orada olmasının daha yaxşı olduğunu bilirlər:
“Düşünürəm ki, bu barədə pərdə arxasında bizim görmədiyimiz hansısa danışıqlar gedir”.
Ekspert bildirib ki, Qarabağın gələcəyinə dair Qarabağın özündə də məsələyə yanaşma birmənalı deyil:
“Biz Qarabağın daxilində müxtəlif adamlardan müxtəlif cavablar eşidirik. Əminəm ki, siz bu sualı Vitali Balasanyandan və Samvel Babayandan soruşsanız, fərqli cavablar alardınız. Əminəm ki, Ruben Vardanyan deyərdi: “Biz Rusiya sülhməramlıları ilə danışmalıyıq”. Amma Samvel Babayan deyərdi ki, “biz azərbaycanlılarla sövdələşməyə gedə bilərik”.
Azərbaycan hegemon mövqedədir
Azatutyunun mümkün beynəlxalq mexanizmlər barədə sualına politoloq belə cavab verib:
“2020-ci il müharibəsindən sonra problem bundan ibarətdir ki, Azərbaycan hərbi, siyasi və coğrafi mənada hegemon mövqeyə malikdir. Onlar Qarabağ ətrafındakı ərazilərə tam nəzarət edirlər. Onlar şərtləri diqtə edən mövqeyindədirlər. Ona görə də düşünürəm ki, qərar qismən Bakıda, qismən Moskvada, qismən Qərb paytaxtlarında və yalnız ən son növbədə Yerevanda qəbul ediləcək”.
Tomas de Vaal Qarabağda mümkün beynəlxalq sülhməramlı missiya barədə Ermənistandan səslənən nikbin proqnozlarla bağlı deyib:
“Bu ssenarilərdən biridir. Amma biz Azərbaycan rəhbərliyinin ardıcıl olaraq dediyinə diqqət versək, başa düşərik ki, onlar Rusiya sülhməramlılarının çıxıb getməsini və onları heç kimin əvəzləməməsini istəyirlər. Həm də biz Qərb liderlərinin heç birindən bura sülhməramlı missiya göndərmək söhbətini eşitməmişik. Mənim fikrimcə bu (beynəlxalq sülhməramlı missiya - red) stabilləşdirici variant olardı. Azərbaycan belə bir sülhməramlı missiyanı, deyək ki, 5 və ya 10 il müddətinə qəbul etsəydi, bu vəziyyəti sabitləşdirərdi. Amma görünən budur ki, Bakıdan eşitdiyimiz bu deyil”.
Bakı fürsətlənməyə tələsir
Ekspertin firkincə Bakı tələsmək lazım olduğunu hiss edir:
“Onlar hiss edirlər ki, beynəlxalq situasiya onların xeyrinə inkişaf edir, çünki Rusiya zəifdir, onun diqqəti başqa yerdədir, şərtlərini diqtə edə bilmir”.
Tomas de Vaal xatırladıb ki, Ərdoğan yenidən prezident seçilib, avropalılar Bakı ilə qaz barədə danışıqlar aparırlar:
“Amma bu, əbədi belə olmayacaq, çünki Avropa karbohidrogen energetikasından imtina etmək niyyətindədir. Ona görə də Bakıda hiss edirlər ki, onlar üçün bir və ya iki illik açıq pəncərə var və onlar kifayət qədər yaxşı nəticə əldə edə bilərlər. Vaşinqton və Brüssel prezident Əliyevə mesaj veriblər ki, Qarabağda aşırı gücdən istifadə etməsin. Orada məhdud güc tətbiq edilməsinin bir səbəbi də budur. Prezident Əliyev də Laçın dəhlizindən və sairdən istifadə etməklə Qarabağı iqtisadi baxımdan sıxmağa çalışır”.
Rusiya sülhməramlılarının "biznesi"
“Rusiya sülhməramlıları Qarabağ ermənilərini niyə müdafiə etmirlər” sualına cavab verən politoloq deyib ki, sülhməramlı kontingentin sayı 2020-ci ildən bəri azalmasa da, missiyanın keyfiyyəti azalıb:
“Bir çox yüksək rütbəli zabitlər Ukraynaya göndəriliblər. Qarabağdan belə xəbərlər də gəlir ki, sülhməramlılar blokadadan, başqa münaqişə zonalarında olduğu kimi aşkar biznes məqsədləri üçün istifadə edirlər. Onlar ərzaq və başqa malları gətirir və Qarabağ əhalisinə daha baha qiymətlərə satırlar. Bu çox xoşagəlməzdir. Amma məncə prezident Putini indi başqa məsələlər, o cümlədən şəxsən özünün salamat qalması narahat edir”.
Tomas de Vaal Rusiya sülhməramlı missiyasının gələcəyinə dair də fikrini bildirib:
“Düşünürəm ki, hazırda nə Bakıda, nə də Moskvada Rusiya sülhməramlılarının çıxarılması təşəbbüsü yoxdur. Böyük bir ehtimalla azərbaycanlılar 2025-ci ilin mayında Rusiya sülhməramlı missiyasının uzadılmasına veto qoyacaqlar ki, onlar 2025-ci ilin noyabrında çıxıb getsinlər. Amma, əlbəttə, o vaxtadək çox hadisələr ola bilər”.
Xatırlatma
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.