Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:40

Məşqçinin qətlində ittiham olunan arvadı: 'Evə pozğun qadınlar gətirirdi...'


 Əfsanə Qalabəyli
Əfsanə Qalabəyli

Kikboksinq üzrə məşqçi Nurani Qalabəylini uşaqların gözü önündə evə müxtəlif qadınlar gətirdiyinə görə öldürdüyünü deyən həyat yoldaşı Əfsanə Qalabəyli psixiatriya xəstəxanasına yerləşdiriləcək. Buna iyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

Hələ aylar öncə Qalabəylinin psixi vəziyyətində depressiv pozuntu, təşviş əlamətləri və s. müşahidə olunduğuna görə onun vəkili məhkəmədə vəsatət qaldırmışdı ki, ekspertizadan keçirilsin. Məhkəmə də həm psixiatrik, həm də psixoloji ekspertizaları təyin etmiş, onun həm cinayət zamanı, həm də hazırkı durumu ilə bağlı rəy verilməsini istəmişdi. Amma ekspertiza rəy verib ki, Qalabəylinin psixi vəziyyəti ilə bağlı konkret nəticəyə gələ bilməyiblər.

Ekspertizanın rəyində vurğulanıb ki, ambulator şəraitdə onun psixi vəziyyətini düzgün qiymətləndirmək, ekspertlər qarşısındakı sualları cavablandırmaq çətinlik yaradır. Bundan ötrü onun stasionar şəraitdə müayinəsi (psixiatriya xəstəxanasına yerləşdirilməsi) məqsədəuyğundur.

Qalabəylinin vəkili Zibeydə Sadıqova vəsatət verib ki, onlar müvəkkilinin stasionar qaydada xəstəxanaya yerləşdirilməsini və yenidən ekspertiza təyin olunmasını xahiş edirlər. Məhkəmə də bu vəsatəti təmin edib. Məhkəmə prosesi ekspertizanın rəyi hazır olana qədər təxirə salınıb.

Hadisə necə baş verib

Hadisə sentyabrın 2-də Əhmədli qəsəbəsində onların yaşadığı mənzildə baş verib.

36-yaşlı Əfsanə Qalabəyli məhkəmədə ifadəsində göstərib ki, uzun illər davam edən psixoloji və fiziki işgəncələrdən bezərək bu qətli törədib. Təqsirləndirilən qadının sözlərinə görə, həyat yoldaşı illərlə ona zülm edib: "Məni döyüb-söyməyi bir yana, evə pozğun qadınlar gətirirdi. Özü də uşaqlar evdə ola-ola. Bəzən evə gəlməmişdən əvvəl mənə deyirdi ki, hazırlıq gör, yemək bişir, qonağım olacaq. Adam gətirib, uşaqları, məni bir otağa salıb, ağzımızı bağlayırdı. Etiraz edəndə döyürdü, söyürdü...".

Evə gətirilən qadınlardan biri də məhkəmədə şahid qismində dindirilib və Qalabəylinin dediklərini təsdiqləyib.

Qalabəylilərin birgə nikahdan dörd övladı (üç oğlu, bir qızı) var. Təqsirləndirilən şəxs deyir ki, dəfələrlə ərinə övladlarının böyüdüyünü bildirib, bu cür hərəkətlərə son qoymasını istəyib. Amma əri dediklərinə şiddətlə cavab verib.

Zərərçəkmişin varisi şikayəti olmadığını deyir

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində mərhum Nurani Qalabəylinin atası tanınıb. O, dəfələrlə məhkəməyə çağırılsa da, gəlməkdən imtina edir. İstintaqa isə şikayət və tələbi olmadığını bildirib.

Əfsanə Qalabəylinin ittiham olunduğu CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsində 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

48-yaşlı Nurani Qalabəyli "Sərhədçi" idman kompleksində məşqçi kimi fəaliyyət göstərirdi.

XS
SM
MD
LG