İranda qadınların hicab taxmasıyla bağlı qanunvericiliyin icrasına nəzarət edən “əxlaq polisi” patrullarını bərpa olunacağı bildirilir.
İran polisinin sözçüsü Səid Montazerul-Mehdi iyulun 16-da deyib ki, patrullar ictimai yerlərdə “qeyri-adi geyim” geyinənlərə və “normaları pozmaqda israrlı” olanlara qarşı sərt tədbirlər görəcək.
Bu arada ölkənin bir sıra şəhərlərində keşik çəkən polis maşınlarının olduğunu göstərən təsdiqlənməmiş sosial media postları yayılıb.
Aktyor saxlanıb
Polis isə aktyor Mohammed Sadıqini həbs edib. Aktyor bir qadının əxlaq polisi tərəfindən saxlanıldığını göstərən onlayn videoya cavab olaraq video yayımlamışdı. “İnanın mənə, belə bir mənzərə görsəm, qətl törədə bilərəm”, – o deyib.
Tehran bələdiyyəsinə bağlı yarırəsmi "Həmşəhri" gündəlik qəzetinin internet saytında qeyd olunub ki, o, insanları polisə qarşı silahdan istifadəyə təşviq etdiyinə görə həbs olunub.
Əxlaq polisinin işi ölkədə aylarla davam edən iğtişaşlardan sonra dayandırılıb. Ötən ilin sentyabrında baş örtüyü qaydasını pozmaq iddiası ilə saxlanan Məhsa Əmini polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb. Əmininin ailəsi bildirib ki, onun səhhətində heç bir problem olmayıb və saxlanarkən döyülüb.
İğtişaşlarda ən azı 500 nəfər həlak olub, on minlərlə insan saxlanılıb. Mayın 17-də İranın məhkəmə hakimiyyətinin başçısı elan edib ki, Ali dini rəhbər Ayətullah Əli Xamenei 90 minə yaxın etirazçını əfv edib.
Təzyiqlər artır
Etirazlar 1979-cu il islam inqilabından bəri ölkənin dini isteblişmenti qarşısında ən böyük təhdid sayılıb. Bu ayın əvvəlindən isə İran hakimiyyəti ticarət və istirahət məkanlarına təzyiqləri artırıb, onlarla kafe, restoran və digər müəssisələri binalarında baş örtüyü qanunlarının pozulmasına görə bağlayıb.
Tehran, İslamşəhr, Eştehard, Parand, Rəşt və Selmanşehr şəhərlərində də qapanmalar olub.
Hicab İranda İslam İnqilabından iki il sonra, 1981-ci ildə 9 yaşdan yuxarı qadınlar və qızlar üçün məcburi elan edilib. Bunun doğurduğu etirazları hökumət sürətlə yatırdıb. Ancaq illər boyu bir çox qadın qaydanı pozub, məmurların tətbiq etdiyi geyim kodeksini pozub.
İğtişaşlar fonunda bəzi din və dövlət xadimləri dəfələrlə hökumətin qanunu pozanlara qarşı daha sərt mövqeni dəstəkləyiblər, hətta tələblərə əməl etməyən qadınlara “yerində atəş” yanaşmasını təşviq edənlər olub.