Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:22

'Böyrək transplantasiyasını gözləyən 3 min 500 nəfər var'


arxiv foto
arxiv foto

İcbari tibbi sığortanın xidmətlər zərfinə yeni tibbi xidmət daxil ediləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, qaraciyər transplantasiyası üzrə illik 100, böyrək transplantasiyası üzrə illik 150, sümük iliyi və ya kök hüceyrələrin transplantasiyası ilə bağlı isə illik 20 əməliyyat sığorta limitinə daxil olacaq.

Dünyada hazırda gözün buynuz qişası, ürək, ağciyər, böyrək, qaraciyər, mədəaltı vəzi, nazik bağırsaq, aşağı və yuxarı ətraflar, üz, uşaqlığın transplantasiyası icra olunan əməliyyatlar siyahısındadır. Azərbaycanda isə gözün buynuz qişası, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları həyata keçirilir. Yaxın zamanlarda ürək transplantasiyasının da bu əməliyyatların siyahısına daxil ediləcəyi planlaşdırılır.

"İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu hələ 1999-cu ildə qəbul olunub. 2000-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.

Prezident İlham Əliyevin fərmanına əsasən, 2022-ci ilin yanvarın 1-dən Azərbaycanda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qüvvəyə minib.

2022-ci ilin avqustunda da Nazirlər Kabinetinin Qərarı ilə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb.

"Əməliyyatların sayının artırılması da təklif olunub"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən də "Turan"a bildirilib ki, 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya müvafiq kök hüceyrələrin transplantasiyasının əlavə edilməsi təklif olunub: “Habelə ürək-damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülməsi ilə bağlı əməliyyatların sayının artırılması da təklif olunub”.

Limit məsələsinə gəldikdə Agentlikdən qeyd olunub ki, orqan transplantasiyası ilə bağlı təkliflər irəli sürülərkən dövlət tibb müəssisələrindəki maddi-texniki bazanın imkanı, innovativ tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxana və yüksək ixtisaslı kadr potensialının sayı nəzərə alınıb: İlkin olaraq qeyd olunan tibbi xidmətlərin limitli qaydada icra olunması nəzərdə tutulub”.

Vurğulanıb ki, xidmətlər Zərfi təsdiqləndikdən sonra əlavə ediləcək tibbi xidmətlər və onların tarifləri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

"Qoyulan limit azdır"

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, böyrək transplantasiyasını gözləyən 3500 nəfər var: “Bunları nəzərə alanda görürük ki, qoyulan limit azdır. Bu sürətlə biz bu adamların əksəriyyətini əhatə edə bilməyəcəyik. Böyrək transplantasiyası üçün illik limit 150 qoyurlarsa, görün 3500 nəfəri neçə ilə əməliyyat etmək mümkün olacaq”.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl

Onun sözlərinə görə, burada nəzərə almaq lazımdır ki, hər il xroniki böyrək və qaraciyər xəstəliyindən əziyyət çəkən yeni pasientlər də əlavə olunur: Ona görə də limiti artırmağa ehtiyac var”.

"Hazırda böyrək transplantasiyasının qiyməti..."

Ekspert qeyd edib ki, həmin insanlar illər boyu bu məsələyə xərc qoyduqları üçün maddi tərəfdən onsuz da çox ciddi əziyyət çəkən qrupdurlar: “Onların öz hesabına transplantasiya əməliyyatını etdirməsi praktiki mümkün deyil. Hazırda böyrək transplantasiyasının qiyməti 25 min manat ətrafındadır”.

Mütəxəssis bildirib ki, xroniki böyrək çatışmazlığı ilə illər yaşayıb əməliyyatı gözləmək olar, amma xroniki qaraciyər xəstəliyi ilə adamın vaxt limiti çox qısadır və təcili əməliyyata ehtiyac var.

Xatırlatma

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 24 il əvvəl qəbul edilib.

Prezident İ.Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam vermişdi. İ.Əliyev bir də ondan 9 il sonra - 2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq etmişdi.

Yalnız 2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilməyə başlayıb. 2021-ci ilin sonlarından bu sistem bütün ölkə üzrə tədbiq edilir.

XS
SM
MD
LG