Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:59

Rusiyalı turistlərin gəlişinə görə Batumidə yenə etirazlar olub


Batumidə iyulun 31-də keçirilmiş etiraz aksiyası
Batumidə iyulun 31-də keçirilmiş etiraz aksiyası

Batumidə iyulun 31-ə keçən gecə bundan əvvəl gəlişi ilə etiraz doğurduğuna görə limanı tərk etmiş gəminin təkrar qayıdışı yeni etirazlara səbəb olub.

İçində Rusiya turistləri olan Astoria Grande kruiz laynerinin gəlişinə etiraz edənlərdən 9 nəfəri saxlanıb.

Buna qədər etirazçılarla polis arasında toqquşmalar olub.

Rusiyanın RIA Novosti agentliyi kruiz səyahət paketləri satan agentliyin məlumatına əsasən yazır ki, Astoria Grande layneri bundan sonra Batumi limanına daxil olmayacaq.

Astoria Grande kruizə iyulun 29-da Soçi-Trabzon-Batumi-Amasra-İstanbul-Soçi marşrutu ilə çıxıb.

Xəbər verilir ki, sərnişinlərin arasında Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsini və prezident Vladimir Putini dəstəkləyən RU.TV telekanalının, Hi-Fi qrupunun keçmiş solisti Mitya Fomin, Belarus müğənnisi Dmitri Koldun və Rusiyanın Te100steron qrupu da daxil estrada ulduzları da var.

Ümumiyyətlə gəmidəki 800 sərnişinin əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Turistlərin qızışdırıcı bəynatları

Bu gəminin gəlişi ilə bağlı ilk etiraz aksiyası iyulun 27-də keçirilmişdi. Bundan əvvəlki layner eyni marşrutla Soçidən gəlmişdi. Buna etiraz olaraq Batumidə və Tbilisidə aksiyalar keçirilmişdi.

Etirazlara səbəb Rusiya turistlərinin Gürcüstan medialarına müsahibələri olub.

Rusiyalılar bu müsahibələrdə 2008-ci ildə Gürcüstanla müharibə etmiş Rusiyanın hərəkətlərinə haqq qazandırıblar.

Turistlərdən biri deyib ki, “Rusiya Abxaziyanı gürcülərdən xilas edib”.

Batumidə keçirilən aksiyada etirazçıların əllərindəki plakatlarda “Rusiya bizi vətənimizdən, həyatımızdan və gələcəyimizdən məhrum edir”, “Ruslaşdırma siyasətinə yox!” və “Gürcüstan hökuməti gürcü xalqından rus düzəldə bilməyəcək!” yazılmışdı.

Batuminin yerli qəzetlərindən Batumelebi yazır ki, etirazçılar “Rusiya gəmisinə” və Putinə söyüşlər yağdırır, “Abxaziya Gürcüstandır!” şüarı səsləndirirdilər.

Qəzet yazır ki, nümayişçilərin əllərində Abxaziyanı və avqust hadisələrinin faciələrini əks etdirən foto-plakatlar vardı.

Bu etirazlara görə gəmi 1 saatdan sonra limanı tərk etməyə məcbur olmuşdu.

Etiraza müxalifət də qoşulub

Batumelebi qəzeti yazır ki, iyulun 31-ə keçən gecə yeni etiraz aksiyası gəminin gəlişinə bir neçə saat qalmış başlanıb.

Tələbələr və fəallarla yanaşı etirazda keçmiş prezident Mixeil Saakaşvilinin müxalif Milli Hərəkat partiyasının sədri Levan Xabeişvili də iştirak edib.

Etirazçılar gəminin limana daxil olmamasını tələb edirdilər.

İyulun 31-də keçirilən aksiyanın iştirakçılarından biri
İyulun 31-də keçirilən aksiyanın iştirakçılarından biri

Xəbər verilir ki, polislər dəniz vağzalına gedən bütün küçələri bağlamışdılar, portun özündə isə dəmir maneələr qoyulmuşdu.

Etirazlara baxmayaraq gəmi körpüyə yan alıb

Amma etirazlara baxmayaraq gəmi Batumi limanında körpüyə yan alıb.

Bloger və siyasi mühacir Nikolay Levşitsin sözlərinə görə etirazçılar sərnişinlərin çıxışının qarşısını almaq üçün körpünü bağlayıblar.

Eyni zamanda sərnişinləri gəzintiyə aparmaq üçün gələn avtobusu da limanın ərazisinə buraxmayıblar.

Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıları dəstəklədiyini bəyan edib.

Lakin Gürcüstanın iqtisadi inkişaf naziri Quram Quramişvili deyib ki, Astoria Grande gəmisi heç bir ölkənin sanksiyası altında deyil və bu səbəbdən azad hərəkət edə bilər.

Batumi limanında etiraz aksiyası
Batumi limanında etiraz aksiyası

Bundan əvvəl...

Bu ilin mayında Gürcüstanda Putinin göstərişi ilə Moskva və Tbilisi arasında birbaşa təyyarə reyslərinin bərpasına qarşı etirazlar olmuşdu.

Putin buna qədər Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişdi.

Gürcüstan prezidenti Salome Zurabışvili Rusiyadan Gürcüstana birbaşa uçuşlara icazə verilməsini və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini “ölkəsinə qarşı növbəti təxribat” adlandırmışdı.

O bildirmişdi ki, Gürcüstan torpaqlarını işğal edən bir ölkədən belə “hədiyyələri” qəbul etmək yolverilməzdir.

Lakin prezidentdən fərqli olaraq Gürcüstan hökuməti Rusiyanın qərarını alqışlamışdı.

XS
SM
MD
LG