Avqustun 2-ə keçən gecə Rusiya Ukraynanın Odessa və İzmayil portlarındakı taxıl qurğularına dron zərbələri endirdikdən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini “onsuz da gərgin olan vəziyyəti” eskalasiya edən hərəkətlərdən çəkinməyə çağırıb.
Türkiyə prezidenti administrasiyasının yaydığı məlumatda deyilir ki, iki lider telefonda danışıblar:
"Prezident Ərdoğan Rusiya-Ukrayna müharibəsi əsnasında gərginliyi eskalasiya edəcək addımlardan çəkinməyin zərurətini bildirib və “sülh körpüsü” adlandırdığı Qara dəniz təşəbbüsünə qayıdışın əhəmiyyətini vurğulayıb”.
Ankara bunu da bildirib ki, iki lider Putinin Türkiyəyə səfəri barədə razılığa gəlib. Bununla belə mümkün səfərin vaxtı bildirilməyib.
Türkiyə rəsmiləri bildirirlər ki, avqustun sonlarına nəzərdə tutulmuş bu səfərin detalları Ankara və Moskva arasında müzakirə olunur.
Kremlin reaksiyası
Kremlin sözçüsü Dmitri Peskov avqustun 2-də deyib ki, Moskva onun narahatlıqlarının təmin edildiyi təqdirdə taxıl razılaşmasına “dərhal” qayıtmağa hazırdır.
Bundan az əvvəl ABŞ-ın BMT-dəki səfiri demişdi ki, Rusiyanın taxıl razılaşmasına qayıtmaq istədiyini göstərən əlamətlər var.
Ukrayna rəsmiləri bildirirlər ki, Rusiyanın dron zərbələri nəticəsində Ukraynanın Dunay çayında istifadə etdiyi iki limandan biri olan İzmayildə taxıl silosu zədələnib:
"Rusiyalılar Odessa vilayətindəki İzmayildə daha bir elevatoru zədələyiblər. Ukrayna taxılının dünyada milyonları yedizdirmək potensialı var”.
İzmayil NATO üzvü olan Rumıniyanın Dunay çayındakı Tulça limanının 15 kilometrliyində yerləşir.
Ötən həftə Rusiya Ukraynanın Dunayda taxılın ixracı üçün istifadə etdiyi Reni portuna da dron zərbələri endirmişdi.
Reni Dunay çayı üzərində Rumıniya sərhədindən 200 metr məsafədədir.
Rumıniya hücumu “hərbi cinayət” adlandırıb
Rumıniya prezidenti Klaus İohannis Dunay limanına hücumu pisləyərək onu “müharibə cinayəti” adlandırıb:
"Rusiyanın Ukraynanın Rumıniya yaxınlığında Dunay çayı üzərindəki mülki infrastrukturuna hücumları davam etdirməsi qəbuledilməzdir. Bu hərbi cinayətlər...Ukraynanın dünyada ərzağa ehtiyacı olanları təchiz etmək qabiliyyətini təsirləndirir”.
Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da yazıb ki, ölkənin cənubundakı taxıl qurğularına əhəmiyyətli ziyan dəyib:
"Biz ixtiyarımızda olan maksimum qüvvələrlə özümüzü müdafiə edirik. Təəssüf ki, ziyan dəyib. Ən çox ziyan ölkənin cənub hissəsinə dəyib. Rusiya terrorçuları yenə də portlara, taxıla və qlobal ərzaq təhlükəsizliyinə hücum ediblər”.
Bu da xəbər verilir ki, avqustun 2-ə keçən gecə paytaxt Kiyevə endirilən hava zərbələrinin qarşısı alınıb.