Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:11

Paşinyan Azərbaycanı ərazi bütövlüyünün tanınması razılaşmasını açıq təsdiqləməyə çağırır


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülhün bir-birinin ərazi bütövlüyünün tanınması əsasında bərqərar olmasına dair razılaşmaya sadiqliyini bildirir, Azərbaycandan da bu razılaşmanı açıq təsdiqləməsini gözlədiyini deyib. Bunu Paşinyan avqustun 3-də hökumətin iclasında deyib.

Paşinyan bugünlərdə ‘Euronews’ telekanalına müsahibəsində də deyirdi ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımaqıa bağlı razılaşma əldə etsələr də, Azərbaycan Prezidenti İlham Əliyev bunu açıq təsdiqləməyib.

Əliyev isə elə həmin televiziyaya müsahibəsində Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiası olmadığını, Ermənistandan da bunu istədiklərini söyləyib.

Paşinyanın sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, uzunmüddətli, sabit və davamlı sülhün bərqərar olmasından ötrü gerçək şans var. Paşinyan Azərbaycanı bu şansın azaldılmasına yönəlmiş addımlardan çəkinməyə çağırıb, belə addımlar sırasında beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqunun davamlı əngəllənməsi, Laçın dəhlizinin qanunsuz bağlanması, Qarabağ sakini Vaqif Xaçaturyanın oğurlanmasını sadalayıb.

Paşinyan deyib ki, Xaçaturyan və digər əsirlərin azad olunması sülh gündəliyinə sadiqliyin göstəricisi olardı. O həmçinin Ermənistanın Qarabağa göndərilmiş 360 tonluq humanitar yükü Laçın dəhlizində saxlamamağa çağırıb.

Yük niyə buraxılmır

Bakı Ermənistan tərəfinin razılaşdırmadan Azərbaycan ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi özünün ərazi bütövlüyü və suverenliyinə qəsd sayır və yükü Qarabağa buraxmayıb.

Azərbaycan bu ayın əvvəlindən Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi bağlayıb, bunu Ermənistandan gələn Qırmızı Xaç maşınlarında “müxtəlif növ qaçaqmal” aşkarlanması ilə əsaslandırıb.

Baş Prokurorluq isə iyulun 29-da saxlanmış Vaqif Xaçaturyanı 1991-ci ildə Xocalının Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasının təşkilində ittiham edir. Onun Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adıyla Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlandığı bildirilir. Ermənistan

Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırır. Qurum Qarabağ sakininin Azərbaycan hakimiyyəti tərəfindən saxlanmasını “adam oğurluğu” adlandırır, bu hərəkəti “cinayət xarakterli, qəbuledulməz” sayır.

Qarabağdakı separatçılar ötən həftə bildiriblər ki, Azərbaycan Qarabağ nümayəndələri ilə Slovakiya paytaxtı Bratislavada görüşməkdən imtina edib. Azərbaycan isə Bratislavada hər hansı görüşün keçiriləcəyi barədə məlumat verməmişdi.

Azərbaycan XİN isə Paşinyanın hökumətin iclasında dediklərinə şərh açıqlayıb. XİN bildirir ki, Paşinyan Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirməyə çalışır. XİN qeyd edir ki, Paşinyan sərhədlərin delimitasiya üçün əsas kimi qəbul edilən sənədləri sadalayır, eyni zamanda Azərbaycana qarşı ərazi iddialarını davam etdirir, qondarma rejimi təbliğ edir, bununla da ölkəsinin ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını ortaya qoyur.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi (Xocali rayonu daxil) və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

XS
SM
MD
LG