Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:27

Fukuyama: Rusiyanın zəifləməsi Orta Asiyanı gücləndirərdi


 Frənsis Fukuyama
Frənsis Fukuyama

Tanınmış amerikalı politoloq və filosof Frənsis Fukuyama (Francis Fukuyama) deyir ki, Ukrayna müharibəsində verdiyi itkilərə görə zəifləyən Rusiya Qazaxıstana qarşı hər hansı ərazi hədələrinə son qoyar, Orta Asiya ölkələrinin öz siyasətlərini yürütmələrinə daha çox imkan verərdi.

Stənford Universitetinin Demokratiya və hüququn aliliyinin inkişafı mərkəzinin direktoru Fukuyama AzadlıqRadiosunun qazax xidmətinə müsahibəsində Ukrayna müharibəsindəki durum, döyüş meydanında itkilərin Rusiya və onun hökumətinə təsiri, habelə münaqişənin sonu ilə bağlı ssenarilərdən danışıb. O, özünün “Liberalizm və onun tənqidçiləri” (“Liberalism And Its Discontents”) adlı kitabının qazax nəşrinin təqdimatı üçün, eyni zamanda İnkişaf üçün liderlik (Leadership Academy for Development) proqramının mentoru qismində Almatıya gəlib.

Fukuyama bir neçə ay öncə AzadlıqRadiosuun “Amerikanın səsi” ilə birgə “Nastoyaşeye Vremya” layihəsinə müsahibəsində Rusiyanın Ukraynaya hücumunun strateji səhv olduğunu demişdi. Budəfəki müsahibəsində o bu fikrini təsdiqləməklə yanaşı, onun Orta Asiya ölkələrinə təsiri haqda baxışlarını da bölüşüb.

Fukuyama deyir ki, Ukrayna ordusunun əsas vəzifəsi Moskvanın Rostovla Krım yarımadası arasında yaratdığı quru koridorunu məhv etməkdir. O bildirib ki, Ukrayna ordusunun bu dəmiryol xəttini kəsməsi və bununla da Kerç boğazından keçən körpünü asanlıqla bombalamaq imkanı qazanması çox vacibdir. Çünki Rusiya Krımdakı qoşunlarını bu xətt vasitəsilə təchiz edir.

Fukuyamanın sözlərinə görə, Ukrayna ordusu buna nail ola bilsə, "Rusiyanın mövqeyi xeyli zəifləyəcək. Bəlkə bundan sonra atəşkəs, yaxud münaqişənin …yumşaldılması haqda danışmağın mənası olar. Ancaq [indidən] Ukraynanın əkshücumunun uğursuz olduğunu və çıxılmaz durumun davam edəcəyini demək çox tezdir".

Putin rejiminə təhlükə haradan gələ bilər

Fukuyama daha öncə “Twitter” kimi tanınan “X”də paylaşdığı postda müharibənin bitməsinin Prezident Vladimir Putin rejiminin süqutuna gətirib çıxaracağı proqnozunu vermişdi.

O, AzadlıqRadiosuna deyib ki, Putin rejiminə real təhlükə küçələrdən deyil, "təhlükəsizlik istəblişmentinin içində olan birindən” gələ bilər.

"Bir çox avtoritar rejimlər çökdükləri anadək çox güclü görünürlər. [Putinin] Rusiyanın çoxlu resurslara malik olması səbəbindən ayaqda qala bilməsi çox mümkündür. Özü də o, yetərincə ağıllı siyasətçidir", – Fukuyama deyir.

Fukuyamanın siyasi elmlərlə məşğul olan alim kimi əsas işi 1992-ci ildə çıxan “Tarixin sonu və sonuncu adam” (“The End Of History And The Last Man”) adlı kitabı və eyniadlı məqaləsidir. O, kitabında iddia edir ki, Sovet İttifaqının süqutu ilə Qərb liberal demokratiyası “sonuncu” siyasi sistem kimi qələbə çalıb və bu mənada “tarixi” sona çatdırıb.

Rusiya zəifləsəydi...

Avrasiyadakı mövcud duruma gəlincə, 70 yaşlı alim deyir ki, Rusiya rejiminin Ukraynada verdiyi itkilər səbəbindən zəifləməsi Mərkəzi Asiya ölkələrinə daha çox müstəqillik qazandırardı.

Ancaq Fukuyamanın sözlərinə görə, Ukraynanın Rusiya ordusuna məğlub olması Qazaxıstan üçün ciddi təhlükə yaradardı. Çünki Moskvadakı bəzi ultramillətçi siyasətçilər iddia edirlər ki, Şimali Qazaxıstan Rusiyanın olmalıdır.

Fukuyama eyni zamanda regionda cəmiyyətin liberal istiqamətdə inkişafının əhəmiyyətini də vurğulayıb.

"Bu və ya digər qrupun dominant olmasına imkan verməkdənsə Qazaxıstanda yaşayan hər kəsi gerçəkdən əhatələyən bir milli kimlik formalaşdırmaq vacibdir. [Sovet dövründə] [Moskva] hər şeyi ruslaşdırmağa, hamını rusca danışmağa məcbur etməyə, rus mədəniyyətini müəyyən mənada dominant etməyə çalışırdı. Bu isə yanlış idi. İnsanların başqaları tərəfindən məhdudlaşdırılmadan öz mədəni mühitlərində yaşamağa ehtiyacı var”, – o söyləyir.

Azad bazar

Orta Asiyadakı sərt sərhəd qaydalarından təəccüblənən Fukuyama deyir ki, azad bazarın daha geniş tətbiqi və sərhədlərin açılması regionun iqtisadi inkişafında artım yaradardı.

"Bu regionu ziyarət edərkən [məni] ən çox təəccübləndirən şeylərdən biri Orta Asiya ölkələri arasında ticarət mübadiləsinin nə dərəcədə az olmasıdır. Bu regiondakı ölkələr sərhəd nəzarəti tətbiq etməsəydilər və iqtisadi baxımdan daha millətçi siyasət yürütməsəydilər, əvəzində [öz aralarında] … vahid bazara inteqrasiya etsəydilər, daha böyük bazarlar və xeyli daha çox çiçəklənmə olardı. Bu, müəyyən nöqtədə bu ölkələrdə liderlərin can ata biləcəyi bir layihədir".

Fukuyamanın liberalizm doktrinası həqiqətən açıq cəmiyyətdə irqindən, cinsindən və hər hansı başqa əlamətindən asılı olmayaraq insanlara münasibətin eyni olmasını nəzərdə tutur.

Tokayev və fərdi azadlıq

Fukuyama Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev haqda suala cavab verərkən fərdin azadlığının əhəmiyyətini vurğulayıb.

"Mənə elə gəlir ki, Qazaxıstan çox mərkəzləşmiş avtoritar rejimə malikdir. Məncə buna baxmayaraq [hakimiyyətin] cənab Tokayevə ötürülməsi bəlkə də birinci prezidentin dövründə olmayan müəyyən imkanlar açır. Sadəcə ona görə ki, Nazarbayev bu qədər uzun müddət [hakimiyyətdə] qalmış və bu qədər gücü mərkəzləşdirmişdi... [Ancaq] hətta tam demokratiyaya malik olmasanız belə, mənə elə gəlir ki, siz hələ də daha çox fərdi azadlığa imkan verən avtoritar rejimə sahib ola bilərsiniz", – deyən Fukuyama Çini misal göstərib.

"Çinə baxsanız, 2010-cu ilin Çini ilə 2023-cü ilin Çini arasında böyük fərq var. Çünki bir çinli fərdin 2010-cu ildə daha çox səyahət etmək, danışmaq və öz yerinə düşünmək azadlığı var idi. Si Cinpinqin dövründə bu azadlıqlar [insanların] əlindən alınıb. Bu hələ də ozamankı avtoritar rejimdir… Ancaq mənə elə gəlir ki, fərdi azadlıq səviyyəsi ciddi məhdudlaşdırılıb. Bunlar …Qazaxıstanda [da] mövcud seçimlərdir.

Monqolustan nümunəsi

Fukuyama deyir ki, Orta Asiyada demokratiyanın inkişafı üçün imkanlar regionun iki böyük avtoritar qonşusuna – Çin və Rusiyaya görə məhduddur. Ancaq o, Monqolustanı nümunə göstərərək ümid verib:

"Monqolustan Rusiya və Çin arasında qalsa da 1991-ci ildən bəri demokratik seçkilər keçirir. O öz vətəndaşlarına çoxlu azadlıq verir. Buna görə də mən coğrafi mövqeyin mütləq daxili idarəçilik formasını diktə etdiyini düşünmürəm. [Ancaq] əgər Rusiya və Çinin gücü zəifləsəydi, bu, Orta Asiya ölkələrinə daha çox fəaliyyət azadlığı verərdi”.

Fukuyama eyni zamanda təhsilin aşağı səviyyəsinin bölgədə diktaturanı artırdığını da vurğulayıb. Ancaq o həm də Qazaxıstanda yeni nəslin universitet təhsili üçün xaricə getməsinin vacib rolunu da qeyd edib:

"Əgər əhaliniz çox da təhsilli deyilsə, o halda diktaturanı saxlamaq asandır. Əgər daha böyük orta sinfi olan, insanların xaricə səyahət etdiyi, müxtəlif ideyalara malik olduğu ölkəniz varsa, o zaman daha açıq cəmiyyətə tələbat artacaq. Bu, Qazaxıstanda baş verməkdədir. Orta Asiyadan kənarda oxumaq üçün xaricə gedən tələbələrin sayı yetərincə [çoxdur] və zamanla onlar dəyişiklik yaradacaqlar. Bu, son nəsildə [baş verən] əsas sosial dəyişiklikdir".

XS
SM
MD
LG