Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:03

Keçmiş idarə rəisi: '20 milyonu kabinetində Nəcməddin Sadıqova vermişəm'


Arxiv foto
Arxiv foto

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi, həbsdə olan polkovnik Məlikməmməd Qurbanov keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovu ittiham edib. Deyib ki, qiymət şişirtməsi və başqa üsullarla yeyinti nəticəsində əldə olunan milyonlarla vəsait Sadıqova çatdırılırdı. Bu barədə o, sentyabrın 15-də öz məhkəməsində danışıb.

Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Qurbanov Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov və başqalarıyla əlbir olub külli miqdarda vəsaitlərin yeyintisində ittiham olunur.

4 İLDƏ TƏKCƏ BALIQA AYRILAN PULUN 400 MİN MANATI..

Cinayət işinin materiallarında yazılıb ki, 2015-2019-cu illərdə büdcədən ayrılmış vəsaitlərin bir hissəsi o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun tapşırığıyla müəyyən şirkətlərin hesabına köçürülüb. Sonradan o şirkətlərin hesabından nağd şəkildə çıxarılaraq, geri qayıdıb. Alınan malların, göstərilən xidmətlərin dəyəri isə sənədləşmədə xeyli şişirdilib.

Cinayət işinin materiallarına əsasən, 4 il ərzində ordu üçün təkcə balıq məhsullarının alışı zamanı 400 min manat yeyinti olub. Bundan başqa, avtomobil, kompüter və s. avadanlıq, qida məhsullarının alışı zamanı da külli miqdarda mənimsəmə hallarına yol verildiyi iddia edilir.

“Tam ödəmişəm”

Müdafiə Nazirliyinin keçmiş vəzifəli şəxslərilə bağlı cinayət işində ümumilikdə 92 milyon manatlıq mənimsəmədən söhbət gedir. Bunun 542 min manatlıq hissəsi Məlikməmməd Qurbanova aiddir.

Qurbanov bu ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, nə tapşırıq verilibsə, onu icra edib.

Mən hərbi hissələrdən gələn sifarişləri büdcə hesabına yerinə yetirirdim, vəzifəm bu idi. Mənə münasibətdə nə qədər mənimsəmə varsa, tam ödəmişəm”, – Qurbanov bildirib.

O, dindirmə zamanı prokurorun suallarını cavablandırarkən deyib ki, qiymətlərin şişirdilməsi və s. üsullarla əldə olunan vəsaitlər Baş Qərargah rəisinə çatırdı. Sonradan həmin vəsaitlərin hansı istiqamət üzrə gedəcəyini Nəcməddin Sadıqov özü müəyyənləşdirirdi:

Hara nə ödənilməlidir, bunu özü müəyyənləşdirirdi. Şirkətlərə verilən hər sifarişə görə şirkətlər bizə 15 faiz qaytarırdı”.

Nəcməddin Sadıqov hərbi paradda da gözə dəymədi
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Qurbanovun sözlərinə görə, Silahlı Qüvvələr üçün ərzaq alışıyla bağlı müxtəlif şirkətlərlə çalışsalar da, əslində, onların hamısı bir adama məxsus şirkətlər idi. Amma təqsirləndirilən polkovnik konkret kimə məxsus olduğunu açıqlamaq istəməyib. Bununla belə, onu deyib ki, həmin adamın işlərini Avtandil Abdıyev görürdü.

5 il ərzində 20 milyon manat

“Biz də onunla işləyirdik. Süni şəkildə artırılan pulları da nağdlaşdırıb bizə o qaytarıb. 5 il ərzində Avtandil Abdıyev mənə hissə-hissə olmaqla, ümumilikdə 20 milyon manat pul verib. Mən də o 20 milyonun hamısını otağında Nəcməddin Sadıqova vermişəm”, – Qurbanov bildirib.

O, əlavə edib ki, Sadıqovun tapşırığıyla sonradan o puldan 1 milyon 200 min manat nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manat isə Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova verib:

“20 milyon manatdan mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib”.

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin mühasibi olmuş Ziyafət Həsənov isə məhkəmədə şahid kimi dindirilib. Polkovnik-leytenant Həsənov qiymətlərin müəyyən edilməsi üzrə ehtimal komissiyasının üzvü olub.

Deyir ki, sadəcə, aktlara imza atıb, başqa heç nədən xəbəri yoxdur:

“Ancaq sənədlərə qol çəkib, ayın axırında da maaşımı almışam...”

Ziyanın bir qismini ödəyib

Sentyabrın 15-də Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general Nizami Məmmədovun da məhkəməsi keçirilib. Onun vəkili ev dustaqlığına buraxılmasını istəyib. Deyib ki, müvəkkilinin səhhətində problemlər var.

Bundan başqa, Nizami Məmmədov yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir qismini istintaq dövründə ödəyib. Vəkilin sözlərinə görə, həbsdən buraxılsa, ziyanın qalan hissəsini ödəmək onun üçün daha əlverişli olar.

Lakin prokuror onun həbsdən buraxılmasına etiraz edib. Məhkəmə də vəkilin vəsatətinə “yox” deyib.

Müdafiə Nazirliyinin keçmiş vəzifəlilərinin mühakiməsi sentyabrın 22-də davam edəcək.

2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Müdafiə Nazirliyində maddi-məsul vəzifədə çalışmış şəxslərlə bağlı ardıcıl əməliyyatlar keçirdi. Nəticədə general-mayor Nizami Məmmədov, Məlikməmməd Qurbanov da daxil olmaqla, xeyli vəzifəli şəxslər həbs olundu. Onların məhkəmələri hazırda ayrı-ayrılıqda davam edir.

Bu cinayət işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həbs olunanlar arasında Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi olmuş Fikrət Mirzəyev, Satınalmalar və Təchizat İdarəsinin Məlikməmməd Qurbanovdan əvvəl rəisi olmuş Mahir Şirvanov da var.

XS
SM
MD
LG