Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:03

Qazaxıstan şəhərlərə köçü yavaşlatmaq üçün kəndlərin inkişafına pul ayırır


Poqraniçnik kəndində yenilənmiş yollarda uşaqları məktəbə aparıb-gətirən parlaq sarı boyalı avtobusları da görmək olar.
Poqraniçnik kəndində yenilənmiş yollarda uşaqları məktəbə aparıb-gətirən parlaq sarı boyalı avtobusları da görmək olar.

Qazaxıstanın Poqraniçnik kəndində qızğın tikinti işləri gedir. Kənd sakinləri üçün müasir tibb klinikası, eləcə də fitnes və idman mərkəzi tikilir.

Ölkənin şimalındakı Pavlodar bölgəsinin minədək sakini olan bu kəndində yenilənmiş yollarda uşaqları məktəbə aparıb-gətirən parlaq sarı boyalı avtobusları da görmək olar. Yerli hökumət şagirdlərə 16 belə avtobus aldığını deyir.

Kəndin mədəniyyət mərkəzinin adını açıqlamayan bir əməkdaşı AzadlıqRadiosunun qazax xidmətinə deyir ki, kənd sakinləri belə layihələri 50 ildən çox gözləyiblər.

Hər il on minlərlə insan Almatı və Astanaya axışır

Poqraniçnikin yenilənməsi hökumətin böyük planının bir bölümüdür. Plan kənd ərazilərində infrastruktur və yaşayış standartlarını yaxşılaşdırmaq və bu yolla insanların şəhərlərə axınını yavaşlatmaqdır.

Hər il on minlərlə insan Almatı və Astana kimi iri şəhərlərə axışır və əhalisi onsuz da sıx olan şəhərlərdə ictimai və iqtisadi sistemlərin işini daha da çətinləşdirir.

Sakinlərin 50 ildən artıqdır ki, gözlədiyi poliklinika tikilməkdədir. Poqraniçnik kəndi
Sakinlərin 50 ildən artıqdır ki, gözlədiyi poliklinika tikilməkdədir. Poqraniçnik kəndi

Neftlə zəngin ölkə kəndlərin inkişaf layihələrinə yüz milyonlarla dollar ayırır. Yeni yollar çəkilir, köhnə yollar yenilənir, məktəblər, tibb ocaqları, idman və mədəniyyət mərkəzləri, evlər və ofis binaları tikilir, müasir su və kanalizasiya sistemləri qurulur.

Hökumət kəndlərdə, o cümlədən kənd təsərrüfatı sektorunda iş yerlərinin yaradılmasına yönəlmiş layihələrə də vəsait yatırdığını deyir. Kənd yerlərinə yüksəksürətli internet gətirilir.

Hökumətin "Kənd millətin beşiyidir" kimi inkişaf layihələrinə ayırdığı maliyyə ildən-ilə artır. Bu layihənin başlandığı 2019-cu ildə Astana ona 61.1 milyon dollar ayırmışdı. 2023-cü ildə bu vəsaitin həcmi 415.6 milyon dollara çatıb.

İllər boyunca insanların kəndlərdən şəhərlərə axışmasının əsas səbəbləri işsizlik və infrastrukturun pis vəziyyətdə olmasıydı.

Anatoli deyir ki, hamı yaxınlıqdakı Sputnik kəndini tərk edib
Anatoli deyir ki, hamı yaxınlıqdakı Sputnik kəndini tərk edib

"Qalanlar getməyə yeri olmayanlar və…"

"Kəndi tərk edə bilən hər kəs gedib. Qalanlar təkcə getməyə yeri və ya maddi imkanı olmayanlardır", - Poqraniçnikin yaxınlığındakı Sputnik kəndinin yaşlı sakini Anatolinin sözləridir.

Sputniklə Poqraniçnik qonşu kəndlər olsa da, ikisi arasında fərq çox böyükdür. Sputnikdəki atılmış evlər, bərbad haldakı torpaq yollar və boş küçələr Poqraniçnik kəndi ilə nəhəng təzad yaradır.

"Hökumət çoxdan yol çəkməyə söz verib, ancaq bunun baş verəcəyini gözləmirik. Yolu kimə çəkəcəklər? Kəndin əhalisi indi 300 nəfərə güclə çatır. İçində adam yaşayan cəmi bir neçə ev qalıb, bir də məktəb", - bunu da Anatoli deyir. Onun sözlərinə görə, Sputnikdəki yerli hökumət binası və xəstəxana da bağlanaraq sökülüb.

Bəzi millət vəkilləri yenilənmə işlərinin yavaş getdiyini deyir.

Azsaylı yaşayış binalarından biri. Enbek kəndi, Pavlodar vilayəti.
Azsaylı yaşayış binalarından biri. Enbek kəndi, Pavlodar vilayəti.

Qazaxıstanlılar kəndlərin müasirləşdirilməsinə dair hökumət layihələrinin insanların şəhərlərə axınına son qoyacağını gözləmirlər. Şəhərlərə doğru miqrasiya qlobal fenomendir.

"Ancaq Qazaxıstanda kəndlərdən gəlib şəhərlərə yerləşənlər arasında, imkan olsa, öz doğma regionlarında qalmağa üstünlük verənlər çoxdur", - Avrasiya İnsanların İdarə Edilməsi Mərkəzinin layihə meneceri, siyasi təhlilçi Ayman Jusupova belə deyir və əlavə edir: "Buna görə də hökumət bu yerləri insanlardan ötrü daha yaşamalı yerlərə çevirməlidir. …İnfrastrukturu inkişaf etdirməli, nəqliyyat sistemi və yolları yaxşılaşdırmalı, əlçatan evlər tikməli, iş imkanları yaratmalıdır".

Son illərdə hər il 50 mindən 70 minədək insan bölgələrdən paytaxt Astanaya köçüb. Bu da paytaxtda məktəb, bağça və hətta su problemləri doğurur.

Bəzi şəhər rəsmiləri bu yay başqa bölgələrdən gələn vətəndaşların Astanada yerləşməsinə məhdudiyyət qoyulmasına çağırıb.

XS
SM
MD
LG