Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:08

Rusiya ordusunda komandirlərə öz döyüşçülərini güllələmək icazəsi verilib?


Ştorm-Z bölüklərindən birinin döyüşçüləri (Arxiv fotosu)
Ştorm-Z bölüklərindən birinin döyüşçüləri (Arxiv fotosu)

Rusiya Müdafiə Nazirliyinin məhkumlardan ibarət “Z-Ştorm” və ya “Z-həmlə” bölükləri barədə təlimatında komandirlərə öz döyüşçülərini güllələmək icazəsi verilir.

“Vajnıye istorii” jurnalist təhqiqatı saytının məlumatına görə bu sənədi açıq mənbələrlə işləyən Frontelligence Insight təhqiqat icması yayıb.

Bu təlimatda yalnız məhkumlardan formalaşdırılan “Z-həmlə” bölük və taqımlarının döyüşçülərinin başqa hərbi qulluqçularla qarışdırılmasına icazə verilmir.

Sənəddə “xüsusi kontingent” adlandırılan belə dəstələrdən şəhər tikililəri arasında və mürəkkəb relyefli məkanlarda hücum üçün istifadə edilir.

Məhbuslardan ibarət həmlə batalyonlarının döyüş hazırlığına yalnız 10-15 gün vaxt verilir.

Döyüş meydanından yalnız ölüsü çıxa bilər

Sənəddə qeyd olunur ki, belə döyüşçülərlə müqavilələr altı aylıq bağlanır və onlar döyüş meydanını yalnız fövqəladə hallarda – ağır yaralananda və ya “həlak olanda” tərk edə bilərlər.

Belə həmlə dəstələrinin komandirlərinə məhkumlardan ibarət “arxa xətt” dəstələrinin yaradılmasına icazə verilir. Bu dəstələrin vəzifəsi cəbhə xəttindən qaçanların və ya geri çəkilənlərin qarşısını kəsməkdir.

“Arxa xətt” dəstəsinə xüsusi vəziyyətlərdə döyüşçünü güllələmək icazəsi verilir:

"Komandirlər açıq itaətsizlik hallarında intizamı bərpa etmək üçün silahdan istifadə edə bilərlər”.

Həmlə batalyonu əsgərinin altı aylıq müqaviləsi başa çatanda onun barəsində əfv aktı qəbul olunur. O bundan sonra yeni müqavilə bağlaya və ya “öz hesabına” Rusiyaya qayıda bilər.

“Cəbhəyə atılan ət”

Aprel ayında bu sənədin bəzi hissələrindən ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında istifadə olunmuşdu.

“Z-həmlə” batalyonları haqqında oktyabr ayında Reuters də yazıb.

Agentliyin məlumatına görə “Z-həmlə” bölüklərində adətən 100-150 döyüşçü olur və onlar nizami ordu birləşmələrinin tərkibində xidmət edirlər.

Ukraynanın şərqindəki Baxmut şəhəri yaxınlığında olan bir Rusiya əsgəri agentliyə demişdi ki, “Z-həmlə” dəstələrinin döyüşçüləri cəbhə xəttinə atılan “ətdir”.

Həmin əsgər bunu da bildirmişdi ki, komandirinin qadağanına baxmayaraq belə dəstələrin 6-7 yaralı əsgərinə tibbi yardım göstərib.

Əsgərin sözlərinə görə məhbus əsgərlərin həyatına ümumiyyətlə heç bir qiymət verilmir.

Güllələnmiş iki döyüşçü

Astra teleqram kanalı bundan əvvəl Müdafiə Nazirliyinin “Ştorm – Qladiator” adlı həmlə bölüyünün döyüşçülərinin güllələnməsi barədə yazmışdı.

Teleqram kanalının yazdığına görə Ukraynanın işğal olunmuş Çerniqov rayonunun Zelyonı Yar kəndində bölük komandiri Aleksandr Ostaşkov və onun müavini Maqomed Maqomedov tabeçiliklərində olan iki döyüşçünü güllələyiblər.

Bunların 60 yaşlı Şakir Əkbərov və 57 yaşlı Andrey Lukaşin olduqları qeyd olunur. Onların meyitləri avtobus dayanacağında aşkar edilmişdi.

Astra yazır ki, ölənlərin hər ikisinin məhkumluğu vardı.

Rusiya Müdafiə Nazirliyi bu xəbərləri hələ ki şərh etməyib.

XS
SM
MD
LG