Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:38

Orta Asiyada, özəlliklə Qazaxıstanda gizli KQB arxivləri açılır


şərti foto
şərti foto

Noyabr Qazaxıstanda Stalinin onillərlə sürən repressiya qurbanlarının anım ayıdır.

1926-cı ildən 1956-cı ilədək SSRİ-nin hər yerində milyonlarla insan həbsə atılıb, sürgünə göndərilib, ya da kommunist hökumətin əlində yaşamını itirib.

Ancaq Orta Asiya dövlətləri son zamanlar KQB arxivlərini açaraq, Stalin repressiyalarının minlərlə qurbanına bəraət verirlər. Onların arasında edam edilən, öldürülən, yaxud əziyyət verilən siyasətçilər, fəallar, üsyançılar və başqaları var.

Rusiyadan bu təşəbbüslərə sərt reaksiyalar gəlir. AzadlıqRadiosu-nun müxbiri Baktıqul Çınıbaevanın məqaləsində deyilir ki, Rusiya dövlət rəsmiləri bəzi ölkələri sovet dönəmini gözdən salmaqda günahlandırırlar.

Sentyabrın 18-də Qazaxıstanın Baş Prokurorluğu üzərində Stalin repressiyası qurbanlarının adları olan 2,4 milyonadək arxivləşdirilmiş KQB sənədinin ictimaiyyətə açılacağını elan edib. Qazaxıstan hökuməti sovet dövründə saxta ittihamlarla məhkum edilmiş 700 mindən çox insana bəraət veriləcəyini bildirib.

Qazaxıstanda KQB arxivlərindən bu yaxınlarda üzə çıxarılan bilgilər 1920-ci illərin ortalarından 1956-cı ilədək Orta Asiyada bir neçə milyon insanın həbs, xəstəlik, aclıq və edam nəticəsində həyatını itirdiyini göstərir.

Millətçi və pantürkist damğası vurulub

Britaniyalı-amerikalı müəllif Robert Konkuest (Robert Conquest) “The Great Terror” (“Böyük terror”) kitabında yazır ki, Stalin repressiyalarında ölən sovet vətəndaşlarının sayı 12 milyonu keçib.

Təkcə 1937-1938-ci illərdə Qazaxıstanda 25 mindən çox, Qırğızıstanda 10 min, Özbəkistanda 13 mindən artıq, Tacikistanda isə 15 min 700-dək ziyalı millətçi və pantürkist damğası vurularaq edam edilib.

Üstəlik, onların yüz minlərlə ailə üzvü əmək düşərgələrinə sürgün edilib, işgəncəyə məruz qoyulub, düşərgələrdə aclıqdan və xəstəlikdən tələf olub.

Qazaxıstanlı tədqiqatçı və tarixçi Mambet Koygeldiyev deyir ki, KQB-nin bu yaxınlarda ictimailəşdirilən məlumatları insanlara qərəzsiz tarixi informasiyaya çıxış imkanı verir.

“Mən 35 il bu [KQB] materiallarla işləmişəm və onların necə tərtib edildiyini bilirəm. Bu materiallardakı hər şey real dəlildir. KQB insanların bir-birini satması haqda mifologiya yaradıb, ancaq bu, həqiqət deyil. Nə qazaxlar, nə də qırğızlar heç vaxt belə şey etməyiblər. Bəs KQB belə bir şayiəni nə üçün yaradıb? Çünki onlar öz əməllərinə haqq qazandırmaq üçün [etnik qrupları] günahlandırmaq istəyirdilər, ancaq bu [iddianı] sübut edən dəlil yoxdur”, - Koygeldiyev AzadlıqRadiosu-nun qırğız xidmətinə belə deyib.

Ötən ilin fevralında Qırğızıstan Ali Məhkəməsi şair Kazıbek Kazalçıya (Kazıbek Mambetimin-uulu) bəraət verilməsi haqda qərar çıxarıb. 1930-cu ildə repressiyaya məruz qoyulan Kazalçı bundan az sonra Özbəkistanda - sürgündə həyatını itirib. Arxivlərdən yeni aşkarlanmış tarixi faktlar sovet hökumətinin Kazıbekin guya Çinin xeyrinə casusluq etməsi haqda ittihamlarının yalan olduğunu üzə çıxarıb. Məhkəmə dinləməsi də bu yeni aşkarlanan tarixi fakt əsasında keçirilib.

“Biz Kazıbekin… fotosunu tapdıq”

Tanınmış xalq ozanı Toktobek Asanaliev Kazıbek haqda arxiv sənədlərini toplayaraq, ona qarşı irəli sürülən ittihamlarla bağlı tarixi araşdırma aparan qrupun içərisində olub.

“Biz Kazıbekin digər tanınmış qırğız ozanı Booqaçı ilə birlikdə maraqlı şəklini tapdıq. Foto …onların zorla sürgün edildiyi Orenburqda çəkilmişdi. Biz Kazıbekin [casus deyil] Stalin repressiyasının qurbanı olduğunu göstərmək üçün bu fotonu məhkəməyə təqdim etdik”, - Asanaliev AzadlıqRadiosu-na deyib.

O deyir ki, valideynləri varlı olduğundan, Kazıbek kommunist məmurların hədəfi ola bilərdi.

Qırğızıstandan toplam nə qədər adamın Stalin terrorunun qubanı olmasına dair güvəniləsi bilgi yoxdur. Ancaq bəzi ekspertlərin hesablamalarına görə, 1937 və 1939-cu illər arasında indiki Qırğızıstan əraisində 40 mindən çox insan repressiyaya məruz qalıb.

Sentyabrın 18-də Qırğızıstan parlamentinin Sosial siyasət komitəsi 1918-1953-cü illər arasında dini və siyasi baxışlarına görə sovet hökumətinin ittiham etdiyi repressiyaya məruz qoyduğu və ya sürgünə yolladığı şəxslərin vətəndaş hüquqlarının təmin edilməsi haqqında qanunu qəbul edib.

Ancaq Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsində saxlanan sovet dövrü arxivlərindəki yüz minlərlə sənədin araşdırılıb öyrənilməsi üçün maddi vəasait çatışmadığından, hələlik, qanun təsdiqlənməyib.

Qırğızıstanlı tarixçi Cumaqul Baydildeyev Qazaxıstanda ictimailəşdirilən KQB sənədləri arasında da qırğız repressiya qurbanları haqda yeni faktlar tapmağa ümid edir:

“Qazaxstan Qırğızıstan, Özbəkistan və Karakalpakstandan (Özbəkistan ərazisidir) olan repressiya qurbanları haqda məlumatlar üzə çıxararaq, bu tarixi məlumata dair iki kitab çap edib. Təəssüf ki, biz Moskvadakı KQB arxivlərinə çıxa bilmirik. Orada Staloin dövründə edam edilən qırğız vətəndaşları haqda [qat-qat] çox məlumat tapa bilərdik”.

“Cinayət işlərində məhkəmə hökmü yoxdur”

Ötən il, yanvarın əvvəlində Özbəkistan Ali Məhkəməsi 120 antisovet üsyançıya bəraət verib. Onların arasında Basmaçi üsyanının liderlərindən biri olan İbrahimbek Çakabayev (İbrahim Bek) də var.

Çakabayev 1919-1931-ci illərdə sovet rejiminə qarşı Orta Asiyanın hər yerindən minlərlə döyüşçünü əhatə edən mütəşəkkil dirəniş hərəkatına rəhbərlik edib. Basmaçi döyüşçüləri Əfqanıstana da reydlər təşkil edirdi. Sovet hökuməti Çakabayevə terrorçu damğası vuraraq 1931-ci ilin iyununda onu edam edib.

Basmaçi hərəkatı terrorçu təşkilat adlandırılsa da, Özbəkistan məhkəmələri 2021-ci ildə onun yüzlərlə üzvünə və 1936-38-ci illərdə “Böyük təmizləmə” zamanı repressiyaya məruz qalaraq, ölüm cəzasına məhkum edilən, yaxud həbs düşərgələrində ölənlərə bəraət verməyə başlayıb. Hesablamalara görə, Özbəkistanda repressiya qurbanlarının toplam sayı 100 min civarındadır.

“Ali Məhkəmənin araşdırdığı cinayət işlərində məhkəmə hökmü yoxdur. İnsanların çoxu Xalq Komissarlığı “troyka”ları tərəfindən güllələnməyə, yaxud düşərgədə həbsə məhkum edilirdi”, - Ali Məhkəmənin açıqlamasında belə deyilir.

Özbəkistan Ali Məhkəməsinin bəraət veridiyi repressiya qurbanlarının sayı hazırda 500 nəfər civarındadır, ancaq qurbanların yaxınlarının tələbi ilə daha çox işə baxıldığından, bu say artmaqdadır.

2021-ci ildə Rusiya Ali Məhkəməsi Stalinin siyasi repressiyalarının qurbanlarına bəraət verilməsinə çalışan “Memorial International” təşkilatını yasaqlayıb. Bəhanə isə Moskvanın ziddiyyətli “xarici agent” qanununun tələblərinə təşkilatın uyğun gəlməməsidir.

Son 10 ildə Rusiyada Stalinə onlarla abidə qoyulub. 2014-cü ildə Moskvanın Mərkəzi QULAQ muzeyində Stalin repressiyaları qurbanlarına aid tarixi sənədlət məhv edilib.

Bəzi rus media qurumları Özbəkistan məhkəməsinin qərarını tənqid edərək, onu sovet dövrünü gözdən salan “antirusiya aktı” adlandırıb.

“Tarixi səbəblər haqda daha çox bilgi verəcək”

Qırğızıstanlı jurnalist Mircan Balıbayev Orta Asiyada dekolonizasiyanı təbliğ edir və müstəmləkə dövrü qurbanları haqda araşdırma aparır. O deyir ki, Rusiya mediasının güclü təsiri, habelə Kremlin iqtisadi və siyasi təzyiqi nəticəsində Mərkəzi Asiya Stalin terror ilə bağlı bütün qəddar faktları açıqlaya bilmir. Halbuki bu faktların “bilinməsi regionda tarixi kimlik və müstəqilliyin artmasına yol açardı”.

“Arxivlərin açılması region ölkələri tarixinin bilinməyən, əvvəllər danışılmayan və gizli səhifələrinə işıq salardı. Orta Asiya xalqlarının geridə qalması, mədəniyyəti, əlifbası və təhsilinin olmaması haqda yanlış mifləri dağıdardı”, - Balıbayevin AzadlıqRadiosu-na dediyi sözlərdir. O, Kremlin Orta Asiya xalqlarını bilərəkdən müxtəlif dil və mədəniyyətlərlə parçalaması faktının da üzə çıxacağını ayrıca vurğulayıb:

“Bu, bəzi məsələlərin, məsələn, çağdaş Orta Asiya ölkələri arasında problemlər yaradan su və sərhəd məsələlərinin arxasındakı tarixi səbəblər haqda daha çox bilgi verəcək. Üstəlik, bu məsələləri çözməyə də kömək edəcək”.

XS
SM
MD
LG