Eyni mobil əlavədən paylaşım edə, paylaşımları bəyənə, uşağınızı bağçaya yazdıra, dostlarınıza mesaj yaza, cərimələrinizi ödəyə, musiqi dinləyə, iş ortağı və ya sevgili tapa, Ukraynada döyüşmək üçün orduya yazıla bilərsiniz.
AzadlıqRadiosunun müxbiri Mayk Ekelin yazdığı məqalədə deyilir ki, "iPhone" və ya "Google Pixel" telefonlarına yüklənə bilən bu mobil əlavə "super əlavə" adlanır. Çindəki "WeChat" əlavəsinin bir versiyasından tezliklə Rusiyada da yararlana bilərlər.
Rusiya hökuməti illərdir ölkənin bir zamanlar azad və canlı rəqəmsal dünyasının ətrafında yeni infrastruktur və sərhədlər yaratmaq üzərində çalışır. Hökumətin "suveren internet" kimi qələmə verdiyi bu infrastrukturu qurmaq üçün avadanlıq və kompüter proqramlarından tutmuş, qanunla hədələməyə və şirkətlərin ələ keçirilməsinədək ən müxtəlif üsullardan istifadə edilir.
Ötən ilin fevralında Ukraynaya tammiqyaslı hücuma başlayandan bəri hökumət belə səylərini daha da sürətləndirib. Ölkənin ən populyar internet şirkətlərindən biri olan "Yandex" demontaj edilib.
"Hər hansı avtoritar dövlətdən ötrü ideal ssenari"
İndi hökumət sakitcə Rusiya vətəndaşlarını daha yaxından izləməyə, eləcə də internetdə informasiyanın senzura və yönləndirilməsini daha da rahatlaşdırmağa xidmət edən yeni alət üzərində çalışır.
"Bu, hər hansı avtoritar dövlətdən ötrü ideal ssenaridir", - Almaniya Xarici Əlaqələr Şurasının əməkdaşı, Rusiyanın internet üzərində daha çox nəzarət əldə etmək səylərinə dair yaxınlarda dərc edilmiş hesabatın müəllifi Filipp Ditrix (Philipp Dietrich) AzadlıqRadiosuna belə deyib.
"Biz bu fantaziyaları artıq uzun zamandır eşidirik. Əlbəttə, Rusiya hökuməti bütün sosial şəbəkələrə, mesajlaşma xidmətlərinə dövlət hesabındakı bir giriş nöqtəsinin olmasını istərdi. İndi internet "suverenləşdirildiyindən" bütün bunlar çox sürətlə baş verir", - Rusiyanın "Roskomsvoboda" təşkilatının kibersiyasət üzrə hüquq eksperti Sarkis Darbinyanın sözləridir.
"Gerçəkdən, məncə, insanlar bunu anlamır, halbuki problemdir. Bir çox insan hələ də şəxsi məlumatların qorunmasının gerçək dəyərini anlamır", - yenə onun sözləridir.
Rusiya hökumətinin internetə daha sıx nəzarət əldə etmək cəhdlərinin tarixi 1990-cı illərin sonlarına gedib çıxır. O zaman "Operativ axtarış fəaliyyətləri sistemi" adlı bir sistem yaradılmışdı.
Rus akronimi SORM olan bu sistem bütün internet provayderlərini xüsusi cihazlardan yararlanmağa məcbur edir. Bu cihazların köməyi ilə FSB Rusiya internetində dolaşan bütün bilgiləri tozsoran kimi çəkib nəzarətdə saxlaya bilir.
"Dərin paket yoxlaması"
Həmin sistem illər boyunca genişləndirilib və təkmilləşdirilib. Nəticədə indi hökumətin özəl məlumatların güvənlik və şifrələnməsinə xidmət edən alətləri bloklaması asanlaşıb. "Dərin paket yoxlaması" kimi tanınan alət isə texniki və şəbəkə məlumatlarını nəzarətdə saxlamağa kömək edir.
2010-cu illərin sonlarında Kremlin nəzarətində olan parlament "Google", "Facebook" və "Apple" kimi iri internet şirkətlərindən serverlərini Rusiya ərazisində saxlamalarını istəyən silsilə qanunlar qəbul etdi. Bu, hökumətin trafikə nəzarətini asanlaşdırdı.
2019-cu ildə parlament "internetin güvənli və dayanlıqlı fəaliyyəti" adlı qanunu qəbul etdi. Bu qanun ölkənin əsas texniki nəzarət agentliyi olan "Roskomnadzor"un saytları qara siyahıya salmaq və bloklamaq, eləcə də VPN-ləri izləmək imkanlarını genişləndirdi.
Qanun "Roskomnadzor"un sayt və mobil əlavələrə gələn data axınını yavaşıtmaq, yaxud "boğmaq" və, beləliklə, onlara çıxışı mümkünsüz etmək qabiliyyətini də artırdı. Üstəlik, "Roskomnadzor"un tərkibində "onlayn təhlükələri" axtarmaqla məşğul olan ayrıca qurum yaradıldı.
2021-ci ilin dekabrında hökumət Rusiyanı qlobal internetdən ayırmağa yönəlmiş sınağını gerçəkləşdirdi. Kommunikasiyalar nazirinin müavini sınağın uğurlu keçdiyini bildirdi.
Rusiya hökuməti eyni zamanda ölkənin ən iri və ən uğurlu internet şirkətlərini sıxışdırmağa başladı.
Artıq yalnız axtarış xidməti olmayan "Yandex" elektron ticarət, xəritə, musiqi striminqi, raydşerinq (avtomobil paylaşma), yemək sifarişi və robotlar kimi sahələrdə də çalışırdı.
Mail.ru VK-ya satıldı
2019-cu ildə aylarla sürən basqıların ardından "Yandex" böyük struktur dəyişikliyinə getməyə razılaşmalı oldu. Nəticədə hökumətin platformaya nəzarəti ciddi ölçüdə artdı.
Rusiya Ukraynaya savaş açandan sonra "Yandex" müharibə haqda xəbərləri senzuraya məruz qoymağa, alqoritmlərini dəyişdirib öz xəbər portalına yalnız icazə verilmiş rus xəbər qaynaqlarının məlumatlarını çıxarmağa başladı.
Bir neçə aydan sonra şirkət özünün iki əsas xəbər və əyləncə portalını digər böyük internet şirkətinə - əvvəllər Mail.ru kimi tanınan VK-ya satdı.
Uzun zamandan bəri baş qərargahı Niderlandda yerləşən "Yandex" özünü yeni plan çərçivəsində yenidən qurmağa çətinlik çəkdi. Bu dəyişiklik "Yandex"in bir Rusiya şirkəti və bir xarici şirkət olmaqla, iki yerə bölünməsi demək olacaq. Xəbərlərdə deyilir ki, holland şirkəti Rusiya "Yandex"inə aid aktivlərə nəzarəti tam itirə bilər.
Ancaq "Yandex"dən fərqli olaraq, VK çiçəklənməkdədir.
İlk vaxtlar Mail.ru-nun çətiri altında olan VK 2014-cü ildə Kremllə bağlı milyarder Alişer Usmanovun nəzarətinə keçib. Şirkətin yaradıcısı Pavel Durov isə uzaqlaşdırılıb.
2021-ci ildə "VK Company" şirkəti yenidən qurulub və nəticədə nəzarətin çox hissəsi "MF Technologies" adlı yeni şirkətin əlinə keçib. Bu şirkətə isə dövlətə məxsus "Rostex" konqlomeratı, dövlət şirkəti olan "Qazprom" və prezident Vladimir Putinin yaxın müttəfiqi Yuri Kovalçuka məxsus bir sığorta şirkəti nəzarət edir.
"VK adi rus şirkəti deyil"
VK-nın yeni icraçı direktoru Putinin yüksək rütbəli köməkçisi, keçmiş baş nazir Sergey Kiriyenkonun oğlu Vladimir Kiriyenkodur. Sergey Kiriyenko daha öncə "Rostelekom" idarə şurasının rəhbəri olub. Şirkətin başqa bir rəhbəri də Kovalçukun qohumudur.
"VK adi rus IT şirkəti deyil. Hökumətin nəzarət etdiyi bu şirkət ideoloji və kəşfiyyat məqsədləri güdür. Rusiya hökuməti insanları "VKontakte"dən yararlanmağa məcbur edir və anlamaq olar ki, bunda başlıca məqsədi insanları bir yerli və nəzarət oluna bilən sosial şəbəkəyə bağlı saxlamaqdır", - Ditrix belə deyir.
Ötən ilin martında hökumət "Facebook" və ona bağlı platformaları, o cümlədən "Instagram"ı ekstremist elan etdi və bu platformaları yasaqladı. Bundan sonra VK-dan istifadəçi sayı ciddi artdı.
"Qosusluqi" adlı elektron hökumət portalındansa 100 milyonadək rusiyalı aramsız yararlanır. Bu portal tarixən Rusiyada bürokratların dözülməz hala gətirdiyi gündəlik işləri asanlaşdırmaqla milyonlarla insanın həyatını yüngülləşdirib.
"Əgər bir insan "Qosusluqi"nin köməyi ilə pasport ala bilir və bu zaman qorxmursa, o zaman nədən onu bu portal vasitəsilə səs verməyə inandırmağa çalışmasınlar? Üstəlik, seçkinin nəticələrinə elektron təsir göstərmək bunu oflayn etməkdən xeyli asandır", - rusiyalı jurnalist Andrey Pertsev aprel ayında yazdığı analitik məqaləsində belə deyir.
Ötən ildən bəri "Qosusluqi" xidmətlərinin daha çoxunu VK-yə birləşdirməyə çalışır. "Roskomnadzor"un özü də rusiyalıları VK və "Odnoklassniki" sosial şəbəkələrinə keçməyə çağırarkən bunu "Qosusluqi"nin köməyi ilə gerçəkləşdirir.
Hüquqların müvəqqəti itirilməsi
Bütün bunlardan başqa hərbi çağırış məsələsi də var. Apreldə deputatlar elektron çağırış vərəqələrinin göndərilməsinə icazə verən qanun qəbul ediblər. Bu qanuna görə, vətəndaş öz şəxsi "Qosusluqi" hesabında elektron mesaj alırsa, avtomatik qanuni şəkildə hərbi qulluğa çağrılmış sayılır. Bundan sonra hərbi komissarlığa getməmək güzəştlərin, o cümlədən ev almaq və satmaq, maşın sürmək və bankdan borc pul götürmək kimi hüquqların müvəqqəti itirilməsi deməkdir.
"Bildiyim qədər bu "super əlavə" layihəsi Rusiyanın bəzi yüksək vəzifəli rəsmilərinin çoxdankı arzusudur. …Onlar gerçəkdən öz informasiya məkanına nəzarət edən ölkə kimi Çini özlərinə örnək götürürlər", - Fransa Beynəlxalq Münasibətlər İnstitutunun Rusiya və kibergüvənlik üzrə ixtisaslaşan tədqiqatçısı Jülyen Nosetti (Julien Nocetti) belə deyir. Ancaq onun sözlərinə görə, bu, hələlik, iki səbəbdən alınmayıb: "Birinci səbəb odur ki, Rusiya kiberməkanının Çindəkindən tam fərqli konfiqurasiyası var. İkinci səbəb də ölkədə son 25 ildə hökumətdən maliyyələşən bir çox rəqəmsal layihələrdəki mənimsəmə ənənəsidir".