Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Söyüdlüdəki plakatları hazırlayan kənd sakini: 'Ömrümdə narkotik görməmişdim...'


Gədəbəydə polislər jurnalistləri Söyüdlü kəndinə buraxmayıb, rayondan çıxarıblar
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Gədəbəydə polislər jurnalistləri Söyüdlü kəndinə buraxmayıb, rayondan çıxarıblar

Gədəbəyin Söyüdlü kəndindəki etirazlardan sonra həbs olunanlar arasında aksiyadakı plakatları hazırlamış kənd sakini Coşqun Musayev də vardı. Narkotik ittihamı ilə 6 aydır həbsdə olan C.Musayev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb.

Cinayət işinin materiallarında iddia edilir ki, Söyüdlü sakinini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilib saxlayıblar. Onun üstündən narkotik çıxıb.

C.Musayev istər Bakıda tutulması, istərsə üstündən narkotik tapılması haqda yazılanların yalan olduğunu deyir. O, məhkəməyə ifadəsində bildirib ki, Söyüdlü etirazlarındakı plakatları hazırladığına görə narkotiklə şərlənib.

C.Musayevin 33 yaşı var. Müxtəlif çap məhsulları, o sıradan plakat da hazırlamaqla, ayrıca mobil telefonların alış-satışı və təmiri ilə məşğul olub. Söyüdlüdəki aksiyanın ertəsi gün – iyunun 21-də Gəncədə "Dubay bazarı" adlanan ərazidə olarkən ona zəng gəlib. Deyiblər ki, satdığı telefon oğurluq çıxdığından bu məsələ ilə bağlı müəyyən məsələləri onunla dəqiqləşdirmək istəyirlər.

C.Musayevin sözlərinə görə, zəng vuran şəxsə yerini deyib və az sonra onu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şöbəsinə aparıblar. Aparılmazdan öncə həyat yoldaşına zəng edərək axşam evə gəlməsə, Daxili İşlər Nazirliyinin "102" xidmətinə xəbər verməsini söyləyib.

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

"Onu tutub, səni buraxacağıq"

C.Musayev danışır ki, onu DTX-da təxminən bir saat Söyüdlü hadisələri barədə sorğu-suala tutublar və ardından da Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndəriblər: "Ertəsi gün – iyunun 22-də məni idarənin əməkdaşları parka apardılar. Dedilər ki, "bizə başqa adam lazımdır, bura gələcək, onu tutub, səni buraxacağıq". Birdən gördüm ki, onlardan biri kənardan mənim şəkillərimi çəkir. Məni maşına qoyub yenə qaytardılar…".

Onun sözlərinə görə, idarəyə qayıdandan sonra ona deyilib ki, masanın üstündəki narkotiki boynuna götürməlidir. C.Musayev deyir, psixoloji basqı üzündən narkotikin ona məxsus olması barədə ifadə verməyə razılaşıb.

İstintaqdakı etiraf ifadəsində göstərilib ki, Bakıya avtomobilinin kreditini ödəməyə gəlib. Paytaxtda olarkən özünün istifadə etməsi məqsədilə 50 manatlıq narkotik alıb: "Mən ömrümdə narkotik görməmişdim. Mənə idarənin təcridxanasında kağızlar verdilər, göstərdilər ki, harada qol çəkməliyəm. Bakıya gəlirdimsə, niyə yoldaşıma deyirdim ki, "qayıtmasam, 102-yə xəbər verərsən?"".

C.Musayev əlavə edib ki, onun işi elə plakat, başqa növ çap məhsulları hazırlamaqdır. Onun sözlərinə görə, Qarabağ döyüşlərində həlak olanların fotoları, Söyüdlünün tarixi, elm adamları ilə bağlı da çox sayda plakat hazırlayıb.

Gədəbəydə daşan zəhər gölü: Qərb rayonları təhlükə altına düşə bilər
Gözlə

No media source currently available

0:00 0:07:57 0:00

"Mayda kənddə söz-söhbət oldu ki, qızıl zavodu ikinci zəhərli gölü yaradır. Kənd sakinləri də buna görə narahat idilər. Məndən xahiş etdilər ki, suyun çirklənməsi, ağacların quruması, Şəmkir çayının təhlükədə olması barədə plakatlar düzəldim. Onları gölün ətrafındakı məftillərə yapışdırmaq istəyirdilər", - C. Musayevin etirazlar zamanı istifadə olunan plakatlara dair dediyi sözlərdir.

Bu işlə bağlı məhkəmə davam edir.

C. Musayev Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə suçlanır. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

Bu il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazlardan istifadə olunmaqla müdaxilə edib. Həmin gün və sonradan xeyli adam həbs olunub. Onlardan səkkiz nəfərə inzibati qaydada 20 günlük həbs cəzası verilib. Daha üç nəfər kənd sakini haqqında narkotik ittihamı ilə cinayət işi başlandığından onlar uzunmüddətli həbsə göndərilib.

İyulun 11-də prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə, ən azı, səhlənkarlıq etdiyini söyləsə də, polisin davranışlarını müdafiə edib. O, kimsənin polisə ləkə yaxmasına imkan verməyəcəyini söyləyib və vətəndaşların qanuna tabe olmaq borcunu da ayrıca vurğulayıb.

XS
SM
MD
LG