Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:28

Balkondan yıxılan uşağın yaxınlarının şikayəti: 'Təcili yardım gəlmədi...'


Ambulans
Ambulans

Yanvarın 3-də Abşeron rayonunun Masazır qəsəbəsində yaşadığı evin ikinci mərtəbəsindən yıxıldığı deyilən yeniyetmənin bir müddət tibbi yardımsız qaldığı bildirilir.

Bu barədə həmin uşağın qonşusu Nərmin Hüseynzadə danışıb.

N.Hüseynzadə bildirib ki, hadisə 22:05-də baş verib və dərhal sonra - 22:08-də o, Təcili Tibbi Yardım üçün zəng vurub: "103 xidmətinə zəng vurdum, məni 112 xidmətinə yönəltdilər. Onlar dedilər ki, biz indi təcili tibbi yardımı yönəldirik. Təxminən 15-20 dəqiqədən sonra yenə zəng vurdum, dedilər, yönəltmişik. Hər 15 dəqiqədən bir hamımız zəng vururduq ki, işin ciddi olduğuna varsınlar. Sonra bir nömrə verdilər ki, Masazıra o baxır. Həmin nömrə, ümumiyyətlə, cavab vermədi... Gördük ki, gələn yoxdur, uzun taxtanı götürdük, özümüzə xərək düzəltdirdik, uşağı ora uzatdıq və baqajı açılan maşın ilə travmatologiya xəstəxanasına çatdırdıq".

"Soruşdu ki, gələk?"

Onun sözlərinə görə, hadisədən üç saat sonra təcili tibbi yardımdan zəng gəlib: "Bir xanım soruşdu ki, gələk? Dedim, nə gəlirsiz, uşaq artıq xəstəxanadadır. Dedim ki, sizi şikayət edəcəm. Mənə cavab verdi ki, kimə istəyirsiz, şikayət edin, mən bu gün 12 çağırışa getmişəm, çatdıra bilməmişik".

N.Hüseynzadə 15 yaşlı yeniyetmənin hazırda reanimasiyada olduğunu vurğulayıb: "Xəstəxanaya gedənə qədər çoxlu qan itirib, hemoqlobin düşüb deyə, əməliyyata apara bilmirlər".

TƏBİB-dən cavab...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu "Turan"a bildirib ki, məsələ ilə əlaqədar hazırda müvafiq araşdırma aparılır: "Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək. Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq".

Qurum rəsmisinin sözlərinə görə, Abşeron rayonu üzrə bayram günlərində günlük normadan artıq müraciət qeydə alınıb, bütün tibbi yardım briqadaları xidmətə cəlb olunub: "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin işi optimallaşdırılaraq təkmilləşdirilir. Xidmət keyfiyyətinin yüksəldilməsi üçün struktur optimallaşdırılması həyata keçirilir, cari ilin ilk aylarında proses tam yekunlaşacaq".

XS
SM
MD
LG