Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:38

İtaliya vahid Avropa ordusunun yaradılmasına çağırır


İtaliyanın xarici işlər naziri Antonio Tayani
İtaliyanın xarici işlər naziri Antonio Tayani

İtaliyanın xarici işlər naziri Antonio Tayani La Stampa qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqının vahid ordu yaradılmasına ehtiyacı var.

Onun sözlərinə görə vahid Aİ ordusu sülhün qorunub saxlanmasında və gələcək münaqişələrin qarşısının alınmasında mühüm rol oynaya bilərdi:

"Əgər biz dünyada sülhməramlı rolu oynamaq istəyiriksə, bizə Avropa ordusu lazımdır. Bu Avropanın əməli xarici siyasəti üçün təməl şərtdir”.

Antonio Tayani hesab edir ki, ABŞ, Çin, Hindistan və Rusiya kimi nəhəng oyunçuların olduğu və münaqişələrin kəskinləşdiyi bir vaxtda İtaliya, Almaniya, Fransa və Sloveniya kimi ölkələrin vətəndaşlarını “yalnız artıq mövcud olan qurum” – Avropa İttifaqı müdafiə edə bilər:

"Buna görə də vahid ordu konkret fakt olmalıdır və bu məsələni təxirə salmaq olmaz”.

Avropa İttifaqının 5-8 ili var

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlanandan bəri Avropa ölkələri öz ordularının modernləşdirilməsinə və müdafiə büdcələrinin artırılmasına başlayıblar.

Almaniyanın müdafiə naziri Boris Pistorius ötən dekabrda demişdi ki, Avropa İttifaqının öz hərbi potensialını real təhlükə həddinə uyğunlaşdırmaq üçün 5 ildən 8 ilədək vaxtı var.

Onun sözlərinə görə Rusiya özünün Ukraynaya tammiqyaslı müdaxiləsini saxlaya bilmək üçün silah istehsalını artırır və eyni zamanda Baltika ölkələri, Gürcüstan və Moldova üçün hədə yaradır.

Rusiya ikinci cəbhə aça bilər

Belçika ordusunun baş komandanı Mişel Hofman isə bu barədə daha konkret danışmışdı:

"Biz görürük ki, Rusiya hərbi iqtisadiyyat rejiminə keçib. Düşünürəm ki, bizim narahat olmaq üçün əsasımız var. Kremlin və prezident Vladimir Putinin dili birmənalı deyil. Onların gələcəkdə ikinci cəbhə aça biləcəkləri istisna olunmur. Ya cənubda, ya Moldovada, ya da Baltika ölkələrində”.

İtaliya xarici işlər nazirinin müsahibəsinə gəlincə isə, o habelə ümumavropa siyasi strukturunun özünün islahatlara ehtiyacı olduğunu deyib.

O qeyd edib ki, Avropa İttifaqına hazırda olduğu kimi iki deyil, bir lider lazımdır.

Hazırda Avropa İttifaqına rəhbərlik Avropa Komissiyası sədrinin və Avropa Şurası prezidentinin üzərinə düşür.

XS
SM
MD
LG