AzadlıqRadiosunun müxbiri Denis Dermenji də daxil 7 Moldova jurnalistinin və beş vəzifəli rəsminin Rusiyaya daxil olması qadağan edilib.
Bu barədə Rusiya XİN-in yanvarın 11-də yaydığı bəyanatda deyilir. Bundan bir gün əvvəl Moldovanın Moskvadakı səfiri Kişinyovun “dost olmayan hərəkətləri” ilə bağlı Rusiya XİN-ə dəvət olunub və ona etiraz notası təqdim edilib.
Kişinyovda yaşayan Dermenjinin sentyabrda dərc olunmuş təhqiqat yazısında deyilirdi ki, Moldova hətta 45 Rusiya diplomatını ölkədən çıxardıqdan sonra da, Rusiya kəşfiyyatına bağlı diplomatlar Kişinyovda qalmaqda davam edirlər.
Buna qədər Rusiyanın Moldovadakı səfriliyinin 70 əməkdaşı vardı.
Moskvanın ittihamları
Moldova Rusiya diplomatlarını kütləvi şəkildə ölkədən avqust ayında çıxarmışdı. O vaxt Moldovanın xarici işlər naziri Niku Popesku demişdi ki, bu akt ölkədəki “vəziyyəti stabilsizləşdirən fərdlərin” sayını azaldıb.
Bunun ardınca Rusiya cavab olaraq Moldovanın 20 rəsmisinin Rusiyaya girişinə qadağan qoymuşdu.
Yanvarın 10-da Moldovanın Moskvadakı səfiri Lilian Dariyə təqdim edilmiş notada Kişinyov rusdilli medianın təqib olunmasında, Moldovaya daxil olan Rusiya vətəndaşlarının diskriminasiyasında və anti-Rusiya təbiətli bəyanatlar verməkdə ittiham edilir.
Daha kimlər
Moldovanın qərbyönlü prezidenti Maya Sandu 2020-ci ildə hakimiyyətə gələndən bəri müharibəli Ukrayna və NATO və Aİ üzvü olan Rumıniya arasında yerləşən ölkəsini ardıcıl şəkildə Qərbə yaxınlaşdırır. 2022-ci ildə Aİ Moldovanı üzvlük danışıqlarına dəvət edib.
Sandunun hökuməti Moskvanı Moldovanı qarışdırmaqda dəfələrlə ittiham edib, habelə Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib.
AzadlıqRadiosuunun müxbiri Dermenjidən başqa Moskva yanvarın 10-dan Jurnal TV xəbərlər proqramının baş direktoru Adrian Buqanın, jurnalistlər Tudor İonita, Mihay Konçe, Petru Besleaga, Stella Untila və Lorena Boqzanın Rusiyaya girişini qadağan edib.
Rusiyanın qadağan siyahısına habelə Moldova prezidenti administrasiyasının başçısı Adrian Belusel, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Olqa Roska, hökumətin baş katibi Artur Mija, Moldova Strateji Kommunikasiyalar və Dezinformasiya ilə Mübarizə Mərkəzinin başçısı Aleksandru Manoli və Moldova Audivizual Şurasının üzvü Ruslan Mihalevski daxil ediliblər.