Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:41

Azərbaycan və Türkmənistan qaz məsələsində niyə anlaşa bilmir?


A-Live: Avropaya qaz satışı Azərbaycan vətəndaşlarını qazsız qoya bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

A-Live: Avropaya qaz satışı Azərbaycan vətəndaşlarını qazsız qoya bilərmi?

2021-ci ilin sonlarında Türkmənistan qazının İran ərazisindən keçməklə Azərbaycana ötürülməsinə dair Türkmənistan, İran və Azərbaycan arasında anlaşma imzalanmışdı. Daha sonra 2022-ci ildə tərəflər İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlmişdilər. Bu sazişə görə, Türkmənistan qazı Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılır və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdirilir. Başqa sözlə, Türkmənistan qazı İranın şimal-şərqində İrana idxal olunur, əvəzində şimal-qərbdə həmin ölçüdə qaz Azərbaycana təhvil verilir.

Azərbaycan baxımından sözügedən saziş ixrac edilən qazın həcmini artırmağa kömək göstərir. Unutmaq olmaz ki, Türkmənistan qazı daha ucuzdur. Bu, həm türkmən qazının maya dəyərinin daha az olmasından, həm də dünya bazarına məhdud çıxış imkanlarından qaynaqlanır. Beləcə, Azərbaycan Türkmənistandan ucuz qiymətə əldə etdiyi təbii qazı daxili bazara yönəldir və onun yerinə, öz qazını daha baha qiymətə Avropa ölkələrinə satır. Türkmənistanın özünə isə bu müqavilə ixrac kanallarını genişləndirmək baxımından çox önəmlidir. Eyni zamanda, ölkə qaz satışından gəlir götürmək imkanı da qazanır. İrana gəlincə, bu ölkə müqavilədən həm gəlir əldə edir, həm də ölkənin qaz qıtlığından əziyyət çəkən, Türkmənistana yaxın yerləşən şimal əyalətlərini qazla təmin edə bilir. İran tərəfi öz ərazisindən keçən qazın bir hissəsini tranzit haqqı kimi ölkə daxilində qıtlıq yaşanan ərazilərə sərf edir.

İndiyədək mediaya verilən açıqlamalarda müqavilənin bitmə tarixinin olmadığı bildirilmişdi. Ancaq indi bəlli olur ki, müqavilənin bitmə tarixinin olmaması heç də işlərin rəvan gedəcəyi anlamına gəlmir. Belə ki, İranın Milli Qaz Şirkəti bugünlərdə açıqlama yayıb ki, 2024-cü il yanvarın 1-dən Türkmənistandan Azərbaycana İran ərazisindən qaz tədarükü müvəqqəti dayandırılıb. Açıqlamada bildirilir ki, Bakı və Aşqabad bu məsələ ilə bağlı danışıqlar aparır və iki ölkə arasında razılıq əldə olunandan sonra svop tədarükü bərpa ediləcək.

Türkmənistan və Azərbaycan rəsmiləri indiyədək məsələ ilə bağlı rəsmi açıqlama verməsələr də, hər iki ölkənin mediasında yayımlanan materiallar problemlə bağlı bəlli təəssuratlar yaradır. Niderlandda qeydiyyatdan keçən “Turkmen.news” saytı yayımladığı yazısında adını açıqlamadığı mənbələrə istinadla bildirib ki, qaz tədürükünün dayanması tərəflərin qiymətdə razılaşmaması ilə bağlıdır. Çünki türkmən tərəfi svop anlaşması çərçivəsində Azərbaycana verdiyi təbii qaz üçün daha yüksək qiymət tələb edir. Saytın iddiasına görə, Türkmənistan tərəfi Azərbaycanın hər min kubmetr üçün təklif etdiyi qiyməti (135-140 dollar) yetərli saymır, axı birjalardakı qiymətlər bu məbləğdən azı iki dəfə yüksəkdir.

Azərbaycan tərəfi nə düşünür?

Azərbaycanda da hökumətə yaxın xəbər agentlliyi adını açıqlamadığı mənbəyə dayanaraq, bu məsələyə dair bilgilər yayımlayıb. Qeyd edilir ki, Aşqabadla İran ərazisindən svop qaz tədarükü ilə bağlı razılaşma uzadılmasa, Azərbaycanın 2024-cü ildə Türkmənistandan qaz idxal etməsinə ehtiyac olmaya bilər. Mənbə bunu 2024-cü ildən etibarən Azərbaycanda “Ümid” və “Abşeron” qaz-kondensat yataqlarından qazın tədarükünün önəmli dərəcədə artacağı ilə izah edir. Bu iki yataqdan çıxarılan təbii qazın həcmcə 2023-cü illə müqayisədə 3 milyard kubmetrə yaxın artacağı proqnozlaşdırılır. Deməli, Türkmənistandan qaz nəqli baş tutmasa da, Azərbaycan daxili qaz resursları hesabına qaz satdığı ölkələr qarşısındakı öhdəliklərini yerinə yetirə bilər.

Türkmənistan və Azərbaycan mediasında gedən xəbərlərlə yanaşı, ABŞ-ın Türkmənistandakı səfirinin məsələ haqqında açıqlaması da diqqət çəkir. Səfir Metyu Klimou Türkmənistan qazının İran vasitəsilə svop tədarükünə ABŞ-ın münasibəti ilə bağlı suala cavabında deyib ki: “Bu, bir çox amillərdən asılıdır. Məsələn, İran vasitəsilə Azərbaycana svop qaz tədarükü sanksiyaları pozmur. Buna görə də tədarük bu sövdələşmənin necə strukturlaşdırılacağından asılı olacaq”. Səfir öz açıqlamasında uzun müddət gündəmdə olan, amma heç bir real addım atılmayan Transxəzər qaz kəməri barədə də açıqlama verib. Bu kəmər Xəzər dənizinin dibi ilə yeni qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Həmin kəmər vasitəsi ilə ildə 30 milyard kubmetrə qədər türkmən qazı Türkiyə və Avropa bazarına çıxarıla bilər. İran və Rusiyanın bu kəmərin tikintisinə qarşı olması layihənin gerçəkləşməsini əngəlləyib. ABŞ-ın Türkmənistandakı səfiri həmin kəmərlə bağlı bildirib ki, Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi də çox ağıllı ideyadır. Bu, mühəndislik baxımından da böyük problem deyil. Belə bir layihəni həyata keçirmək üçün siyasi və iqtisadi hesablamalar aparılmalı və Xəzər bölgəsi ölkələrinin və Avropanın marağı olmalıdır.

Anlaşma ticarətə necə təsir etdi?

Onu da unutmaq olmaz ki, Azərbaycan və Türkmənistan arasındakı svop anlaşması son iki ildə bu iki ölkənin ticarət dövriyyəsini kəskin artırıb. Müqavilənin işə düşdüyü 2022-ci ildən əvvəl - 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi cəmi 105 milyon dollar idi. Eyni göstərici 2022-ci ildə beş dəfəyə yaxın artaraq 535 milyon dollara yüksəldi. Artımın səbəbi Azərbaycanın Türkmənistandan idxalının eyni dövrdə 71 milyon dollardan 510 milyon dollara yüksəlməsi ilə bağlı idi. Eyni dövrdə Azərbaycanın Türkmənistana ixracı isə, əksinə, 9 milyon dollar azalmışdı. 2022-ci ildən etibarən Türkmənistan Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkələrdən birinə çevrildi. 2022-ci ildə Azərbaycanın ən çox idxal həyata keçirdiyi beşinci ölkə məhz Türkmənistan idi.

Ötən ilə aid yekun göstəricilər açıqlanmasa da, ilk 11 ayla bağlı açıqlanan rəqəmlər dövriyyənin daha da artdığını göstərir. Belə ki, ilin ilk 11 ayında Azərbaycan və Türkmənistan arasındakı ticarət dövriyyəsi 740 milyon dollara çatıb və 2021-ci illə müqayisədə təxminən 7 dəfə artıb.

XS
SM
MD
LG