Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:04

Ukrayna Rusiyanın iki böyük təyyarəsini vurduğunu bildirir


A-50 təyyarəsi
A-50 təyyarəsi

Ukrayna mediasında gedən xəbərlərə görə Azov dənizi üzərində Rusiyanın A-50 kəşfiyyatçı təyyarəsi vurulub.

İlkin olaraq hava komanda məntəqəsi rolunu oynayan başqa daha bir təyyarənin - Il-22M nəqliyyat təyyarəsinin vurulmasına dair xəbər yanvarın 15-ə keçən gecə Ukrayna Verxovna Radasının deputatları Yuri MısyaginAleksandr Fedienkonun teleqram kanallarında verilmişdi.

Yuri Mısyaginin kanalınnda deyilirdi:

"A-50 vurulub salınıb, Il-22 isə vurulub. Sonuncu (Il-22) havada idi və ən yaxın aerodroma çatmağa çalışırdı. Lakin təyyarə Kerç rayonunda eniş getdikdən sonra radarlardan itib”.

Daha sonra bu məlumatları RBK-Ukrayna agentliyi Ukrayna hərbçilərinə və hərbi kəşfiyyata istinad edən Qromadske saytına istinadla vermişdilər.

Media xəbərlərinə görə A-50 təyyarəsi vurulub, Il22 təyyarəsi isə zədələnib.

Rusiyanın özü vurub?

Xəbər verilir ki, А-50 radarlardan itib və Rusiya taktiki aviasiyasının radiosorğularına cavab verməyi dayandırıb.

RBK-Ukraynanın məlumatına görə bunun ardınca Rusiya Su-30 qırıcısının pilotu “naməlum bortun alovlanmasını və yerə düşməsini” müşahidə edib.

Agentliyin mənbəyi habelə Il-22M təyyarəsinin dispetçerlə danışıqlarının səs yazısını təqdim edib. Bu səs yazısında Il-22M-in pilotu Anapa aeroportunda təcili eniş üçün icazə istəyir.

Orjinallığı rəsmən təsdiq edilməmiş səs yazısında 75106 bort nömrəli təyyarə yanvarın 14-də Moskva vaxtilə saat 21-də təxliyə sorğusu verib, habelə təcili olaraq tibb və yanğınsöndürən maşınların uçuş-eniş zolağına göndərilməsini istəyib.

Rusiyalı hərbi bloger Boris Rojin həmin gecə iddia edirdi ki, Il-22 təyyarəsi yerə enə bilib, amma xəsarət alanlar olub.

Rusiya Müdafiə Nazirliyi təyyarələrə zərbə endirildiyinə dair informasiyanı şərh etməyib.

Müdafiə Nazirliyinə yaxın Rıbar teleqram kanalı versiyalardan biri olaraq təyyarələrin Rusiyanın özü tərəfindən vurulduğunu iddia edib.

Qisas zərbəsi?

Rusiyanın hərbi yönümlü Fighterbomber saytı hərbi-kosmik qüvvələrin daxilindən gələn informasiyaya istinadla təyyarənin “itirildiyini” yazır:

“Faciə həmişə faciədir. Xüsusilə də belə miqyasda olanda. Təyyarədə kimin olmasından asılı olmayaraq. Təyyarəçilərin ölümündə kimin günahkar olduğunu böyük bir ehtimalla heç vaxt bilməyəcəyik”.

Kremldən bildiriblər ki, orda hansısa Rusiya təyyarələrinin Ukrayna hərbçiləri tərəfindən vurulmasına dair məlumat yoxdur.

Bu da xəbər verilir ki, yanvarın 15-də səhər Ukrayna hərbi hava qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşşukun teleqram kanalında belə bir post yerləşdirilib:

"Bu sizə Dneprə endirdiyiniz zərbəyə görədir! Cəhənnəmdə yanasınız. P.S Hələ ki, təfərrüatsız”.

Belə görünür ki, komandan 2023-cü ilin 14 yanvarında Dnepr şəhərində 9 mərtəbəli yaşayış binasına raket zərbəsini nəzərdə tutur. Həmin zərbənin nəticəsində 46 nəfər həlak olub.

Bu təyyarələrdən necə istifadə olunur?

Sovet istehsalı olan А-50 - uzaqmənzilli radiolokasiya aşkarlaması və idarə olunması təyyarəsidir.

Onun üstündə radar çanağı var və bundan cəbhə xəttində zərbələrin endirilməsi və ya onların dəf edilməsi üçün istifadə olunur.

Bu təyyarələrin funksiyası barədə CurrentTime saytına “İnformasiya müqaviməti” qrupunun koordinatoru Aleksandr Kovalenko məlumat verib:

“İki misal gətirim. Bu təyyarələr praktiki olaraq hər dəfə Ukrayna ərazisinə zərbələr endiriləndə və ya Kinjal raketlərini daşıyan MiG-31K bombardmançıları havada olanda Rusiya Federasiyasının hava məkanında uçur. Onlar bir növ zərbələri hədəfə tuşlayırlar”.

Ekspertin sözlərinə görə bu təyyarələr olmasaydı S-400 hava hücumundan müdafiə qurğularının mövqeyi son dərəcə zəifləmiş olardı.

Rəsmi məlumata görə Rusiyanın belə təyyarələrinin sayı 10-dan artıq deyil. Bir A-50 təyyarəsinin qiyməti 330 milyon dollar civarındadır.

2023-cü ilin fevralında Belarus fəalları Maçulişi hərbi aerodromunda bir A-50 təyyarəsinin diversiya nəticəsində zədələndiyini xəbər vermişdilər.

XS
SM
MD
LG