Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:22

Savaş dönəminin rusları soyuq qarşılamadan sonra Tbilisini tərk etməyə başlayıblar


2022-ci ilin əvvəlində on minlərlə rusiyalının qəfil gəlişi Ukraynaya hücumdan artıq məəttəl qalmış gürcüləri şoka saldı
2022-ci ilin əvvəlində on minlərlə rusiyalının qəfil gəlişi Ukraynaya hücumdan artıq məəttəl qalmış gürcüləri şoka saldı

Az qala, iki il öncə Kremlin Ukraynaya hücumunun ardınca Tbilisiyə köçən minlərlə rusiyalının arasında olan YekaterinaAleksandr heç vaxt Gürcüstanda özlərini rahat hiss edə bilməyiblər.

Burada dostlar qazana bilsələr də, yaşadıqları ərazidə elektrik və su kəsintilərindən, internetin yavaş və Moskvadakından qat-qat baha olmasından yorulublar. Ancaq onları ən çox yoran gürcülərin düşmən münasibəti və baş verən müharibəyə görə bütün rusları günahlandırmasıdır. "Onlar Ukraynanı çox dəstəkləyirlər, axı özlərini elə durumda görürlər. Mən bunu tam anlayıram, amma heç kim hər gün "yaxşı rus" olduğunu sübut etməli olmaq da istəməzdi", - soyadının çəkilməsini istəməyən Yekaterina deyir.

2022-ci ilin əvvəllərində on minlərlə rusun ölkəyə gəlməsi Ukraynaya hücumdan onsuz da dəhşətə gəlmiş gürcüləri sarsıdıb. Rusiyanı düşmən və işğalçı sifətində görən və Ukraynanın durumunu yaxşı anlayan gürcülər Rusiyanın müdaxiləsinə öz hökumətlərinin passiv reaksiyasından qəzəblənmişdilər. Kremlin siyasətinə qarşı olsalar da, bu qədər çox rusun ölkəyə axını gərginliyi daha da artırıb. İndi Gürcüstana gələn rusiyalıların sakitcə, ancaq kütləvi şəkildə ölkədən getməsi gözə çarpır.

"Ruslar evinizə gedin"

Ötən yay Yekaterinanın ərinin Rusiyanın güneyindəki kiçik bir şəhərdə yaşayan ata-anası onlara baş çəkməyə gəliblər. Bu onların ölkə xaricinə ilk səfərləri olduğundan hər şeyi çox bəyəniblər. Ancaq günün birində onlar ailəlikcə mindikləri taksidə sürücünün maşına ingilis dilində "Ruslar, evinizə gedin" stikeri yapışdırdığını görüblər. "Onların ingilis dilini bilməməsinə o qədər sevindim ki. Mən o yazını oxuyanda… az qala ağladım. Orada oturub düşündüm ki, "yox, biz getməliyik". Bu, çox kədərli an idi", - Yekaterinanın sözləridir. İndi onlar Serbiyanın ikinci böyük şəhəri olan Novi Sada köçüblər.

Serblər bütövlükdə ruslara gürcülərdən daha az düşmən münasibəti göstərirlər. Üstəlik, burada Rusiyadan gələn texnoloq icması böyüməkdədir. Rəsmi statistikaya görə, son altı ayda 30 mindən çox rusiyalı Gürcüstanı tərk edib. Bu isə bir il əvvəlki pik sayının 1/3-i deməkdir. Bu miqrasiyanı araşdıran antropoloq Katya Çiqaleyçik deyir ki, cəmi son bir neçə ayda Gürcüstandakı rusiyalıların çoxu burada üzləşdikləri vəziyyətin asanlaşmayacağını anlayıb. Onların bundan sonrakı planları haqda düşünməyə yetərincə vaxtı olub.

Gürcüstan Daxili İşlər Nazirliyinin yuvarlaqlaşdırılmış rəqəmlərinə görə, 2022-ci ilin sonuna artıq 110 min rusiyalı Gürcüstana köçübmüş. Rusiyadan yeni gələnlərin, əsasən, Tbilisi və Batumidə yerləşdiyi bildirilir. Artıq bu şəhərlərin ayrı-ayrı yerlərində küçədə gürcü dilindən çox rus dili eşidilir.

Belə axın kirayə haqlarını kəskin artırıb. Düzdür, bu qədər çox sayda orta sinif nümayəndəsinin gəlişi iqtisadiyyatı dirçəldib: Gürcüstanın ümumdaxili məhsulu (ÜDM) 2022-ci ildə birdən-birə 10 faiz artıb. Miqrasiyanın iqtisadi təsirlərini öyrənən iqtisadçı Davit Keşelava deyir ki, bu rəqəmin azı 2 faizi Rusiyadan gələn axınla əlaqələndirilə bilər.

Tbilisidə "Ruslar xoş gəlməyib" və "Ukraynaya eşq olsun!" sözləri yazılmış qraffiti.
Tbilisidə "Ruslar xoş gəlməyib" və "Ukraynaya eşq olsun!" sözləri yazılmış qraffiti.

Gənclər və liberal gürcülər bütün rusları suçlu sayırlar

Bu miqrasiya Gürcüstanda sosial gərginliyi də artırıb. Ukraynaya hücumda bütün rusların suçlu olması ovqatı gənclər və liberal gürcülər arasında daha yayğındır. Onlar həm də Rusiyadan gələn immiqrantların yaşıdlarıdır. Tbilisinin mərkəzi rayonlarında antirusiya qraffitilərinə tez-tez rast gəlinir. Müxalif siyasətçilərsə rusların Gürcüstana gəlməsini və burada qalmasını daha da çətinləşdirəcək vədlər verən kampaniyalar keçiriblər.

Gürcüstanda çox gözə çarpmasa da, rəqəmlər rusiyalı qürbətçilərin ölkədən getməsi meylinin güclü olduğunu göstərir.

Ötən ilin ilk altı ayında Gürcüstanı tərk edən rusiyalıların sayı ölkəyə gələnlərdən 6 min nəfər çox olub. İlin üçüncü rübündə ölkədən axın daha da sürətlənərək 14 min nəfərə çatıb. Dördüncü rübdə bu say 11 min nəfər olub.

Maliyyə rəqəmləri də bu trendi təsdiqləyir. 2022-ci ilin dekabrında Rusiyadan Gürcüstana pul köçürmələrinin həcmi 317 milyon dollar idi. Bu məbləğin çox hissəsinin Rusiya şirkətlərinin Gürcüstanda yaşayan işçilərinə köçürdüyü pullar olduğu düşünülür. Ötən ilin dekabrında həmin göstərici 78 faiz azalaraq 71 milyona çatıb.

"Dost-tanışdan kimsə çıxıb gedir"

Tbilisidə yaşayan ruslar da artıq ötən yay ölkədən axının gücləndiyini hiss etdiklərini dilə gətirirlər. "Hər iki həftədən bir mənim icmamdakı dost-tanışdan kimsə çıxıb gedir", - savaş başlayandan az sonra yaşadığı Peterburqdan Tbilisiyə köçən Çiqaleyçik belə deyir.

O özü kimi Qafqaza köçən bir neçə başqa rusiyalı alimlə birgə rusların miqrasiyasını öyrənən qeyri-rəsmi qrup yaradıb. Onun sözlərinə görə, hazırda həmin qrupdan Gürcüstanda təkcə özü qalıb; qalanların hamısı ölkəni tərk edib. O deyir ki, bu qrupdakı tanışlarının çoxu Avropa və ABŞ-da magistr və doktorantura proqramlarında oxumağa gedib. Çiqaleyçik rusları getməyə məcbur edən bir neçə səbəb arasında bürokratik qeyri-müəyyənliyin və antirus əhvalın bu qədər yüksək olduğu cəmiyyətdə yaşamağın gətirdiyi təlaşı vurğulayır: "Oturum izni ala bilmirsən, insanlar da burada istənmədiklərini hiss etməkdən beziblər".

Tbilisidə rusiyalıların müharibə əleyhinə mitinqi. 2022
Tbilisidə rusiyalıların müharibə əleyhinə mitinqi. 2022

Ruslara düşmən münasibət axının ilk vaxtlarında daha çox gözə çarpırdı. Belə münasibəti istər sosial mediada, istərsə gerçək yaşamda görmək olurdu. Barlarda gürcülərlə ruslar arasında davalara və gürcü restoranlarının ruslara xidmət etməkdən boyun qaçırmasına dair xəbərlər yayılırdı. Zamanla bu qəzəb bir qədər azalsa da, gürcülər rusları ölkələrində görməkdən çox da məmnun deyillər. Rusların çoxunu Gürcüstana cəlb edən səbəblərdən biri ölkəyə giriş və burada yaşama şərtlərinin nisbətən asan olmasıdır. Rusiya da daxil, 95 ölkənin vətəndaşlarının Gürcüstanda bir il qala bilməsinə viza tələb olunmur. Bu isə o deməkdir ki, ildə bircə dəfə ölkəni tərk edib yenidən geri dönməklə burada qeyri-müəyyən müddət yaşamaq olar. Əksər əcnəbilər üçün bu, sadəcə qonşu Ermənistana qısa səfər deməkdir.

Müxalif ruslar Almaniyaya, texnoloqlar Serbiyaya gedirlər

Ancaq praktikada çox sayda rusiyalının yenidən Gürcüstana daxil olmasına icazə verilməyib. Rusiyanın siyasi müxalifəti ilə bağlı olan tanınmış şəxslərin belə hallarla üzləşməsi Gürcüstanda ayrıca diqqət çəkir. Get-gedə daha da avtoritarlaşan və Rusiyayönümlü davranan hökumətin Kremli məmnun etmək üçün rus müxalifətçiləri bloklaması söz-söhbət yaradır.

Antropoloq Çiqaleyçik deyir ki, Gürcüstanı tərk edən müxalif siyasi fiqur və jurnalistlərin çoxu Almaniyaya gedir. Almaniya hökuməti təqib edilən rusiyalıların "humanitar viza" alması prosedurunu asanlaşdırıb. İşi olmadan Gürcüstana gələnlərin çoxu maddi imkanları tükəndiyindən Rusiyaya dönməyə məcbur qalıb. Məsafədən çalışan və Tbilisidəki rus icması arasında üstün sayda olan texnologiya mütəxəssisləri isə xərclərin daha az, infrastrukturun daha güvənli olduğu Serbiya və ya Cənub-Şərqi Asiyaya köçüblər.

XS
SM
MD
LG