Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:39

Andranik Koçaryan sərhəddə atışma məsələsini şişirtməməyə çağırıb


Ermənistan Milli Məxclisi müdafiə və təhlükəsizlik komissiyasının sədri Andarnik Koçaryan
Ermənistan Milli Məxclisi müdafiə və təhlükəsizlik komissiyasının sədri Andarnik Koçaryan

Ermənistanda hakim partiyadan olan vəzifəli deputat həftəsonu sərhəddə baş vermiş atışmanı aprelin 5-də Brüsseldə keçirilən Paşinyan-Blinken-fon der-Leyen görüşü ilə bağlamamağa çağırıb.

Ermənistan Milli Məclisi müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan aprelin 8-də jurnalistlərə deyib ki, Azərbaycan silahlı qüvvələri Ermənistanın döyüş mövqelərinə və ətrafdakı bir neçə yaşayış məntəqəsinə atəş açıblar, amma bu atəş “nizamsız, mənasız və hədəfsiz” olub:

“Görünür o biri tərəfdə dayananlar bizim kəndlərimizə sarı arabir atəş açmaq qərarına gəliblər. Belə hadisələr çox olur və heç nə ilə bağlı deyil”.

Koçaryan habelə deyib ki, o Azərbaycan tərəfindən açılan atəşlərlə Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və baş nazir Nikol Paşinyan arasında keçirilən görüş arasında əlaqənin olduğunu düşünmür.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev bu görüşün Azərbaycana qarşı olduğunu bəyan etmişdi.

Sərhəddə atışma olmaması üçün

Azərbaycanın bu hərəkətlərlə eskalasiyanı artırmağa çalışması ilə bağlı suala cavab olaraq Koçaryan belə bir məqsədi indilik hiss etmədiyini deyib:

“Əgər biz bundan sonra bunun şahidi olsaq, daha belə suallar yaranmayacaq. Biz yaşayış məntəqələrimiz olan əraziləri tam müdafiə vəziyyətinə gətirəcəyik”.

İqtidar deputatı bununla yanaşı ölkəsindəki Aİ müşahidə missiyasının əhəmiyyətini yüksək qiymətləndirdiyini deyib.

Koçaryan deyib ki, Yerevan bundan sonra sərhəddə atışma olmaması üçün əlindən gələni edəcək.

Azatutyun yazır ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət aprelin 5-də Brüssel görüşü başlanandan bir neçə saat sonra gərginləşib.

Atışmaya və atəşkəsin pozulmasına görə Bakı və Yerevan bir-birlərini ittiham ediblər.

Hər iki tərəf aprelin 5-6-da və 6-7-də gecə mövqelərinin qarşı tərəfdən atəşə tutulduğnu iddia edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Onlar qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır əməllərdə ittiham edilirlər.

Amma tutulduqdan sonra onlardan, hələlik, bu ittihamlara ayrılıqda münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG