Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:26

Polis demarkasiyaya etiraz edən kəndin yolunu yenə bağlayıb, etirazçı keşiş də bura gəlib


Polis qüvvələri Kirants kəndinə gedən yolda
Polis qüvvələri Kirants kəndinə gedən yolda

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, polis ötən bazar günü Azərbaycanla həmsərhəd Tavuş mərzindəki Kirants kəndinə gedən yolları bağlayıb.

Bu kəndin sakinləri demarkasiya nəticəsində Kirantsın ən çox zərər çəkən yaşayış məntəqəsi olacağını deyirlər.

Azatutyun yazır ki, yollar bağlanmazdan az əvvəl müxalifət deputatları bu kəndə səfər etməli idilər. Polis müxalifətçiləri demarkasiyaya etirazların episentri olmuş bu kəndə buraxmayıb. Jurnalistlərin də kəndə girişinin qadağan olunduğu xəbər verilir.

Azatutyun yazır ki, parlamentin müxalif Hayastan fraksiyasından olan deputatlar yerli polis rəisi və Yerevandan göndərilmiş xüsusi polis qüvvələrinin zabitləri ilə mübahisə ediblər.

Bu da xəbər verilir ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən Tavuş keşişi Baqrat Qalstanyan da Kirants kəndinə gəlib. Polislər onu kəndə buraxmaslar da, arxiyepiskop hər halda Kirantsda olub və yerli sakinlərlə söhbət edib:

"Mən qayıdıb gəlmişəm ki, görüm camaatımız necə yaşayır, burdakı vəziyyət necədir, çünki onlar böyük təzyiq altındadırlar. Sözün əsl mənasında həyatları pozulub”.

Keşiş polisin müşayiəti ilə kəndi tərk edib

Paşinyanın əleyhinə yürüşünə məhz Kirants kəndindən başlayan Qalstanyan növbəti mitinqin Yerevanda, mayın 26-da keçiriləcəyini elan edib.

Şərhçilər bildirirlər ki, keşiş Qalstanyan mitinqlərə hakimiyyətə ciddi təsir göstərəcək qədər iştirakçı cəlb edə bilməyib.

Azatutyun yazır ki, əsas müxalifət partiyaları Qalstanyanın hərəkatına dəstək bildiriblər. Müxalifət habelə deyib ki, Paşinyanın impiçmenti prosesinə başlayacaq. Lakin parlamentdəki müxalifətçilər bu prosesi həyata keçirmək üçün kifayət qədər saya malik deyillər.

Hakim “Vətəndaş müqaviləsi” partiyası əmin olduğunu bildirib ki, onun deputatlarından heç biri müxalifətin təşəbbüsünə qoşulmayacaq. Hakim partiya keşişin hərəkətlərini dövlət çevrilişi cəhdi adlandırır.

Azatutyun yazır ki, Kirants sakinləri ilə qısa söhbətdən sonra Qalstanyan polisin müşayiəti ilə kənddən çıxarılıb.

Polis yolun niyə bağlanmasını izah etməyib.

Ermənistan sərhədçiləri yerlərini tuturlar

Ermənistanın Milli Təhlükəsizlik Xidməti daha sonra bildirib ki, “təhlükəsizlik və əməliyyat zərurətinə” görə qeyri-sakinlərin Kirants kəndinə giriş-çıxışı “müvəqqəti olaraq” məhdudlaşdırılıb.

MTX bildirib ki, onun tabeçiliyində olan sərhədçilər Kirants və onun ətrafına dislokasiya olunurlar.

Azatutyun yazır ki, Ermənistan sərhədçilərinin ilk qrupu bu ərazidə ötən şənbə günündən görünüb.

Onlar Azərbaycana qaytarılacaq dörd kəndin ərazilərindən çıxan hərbçiləri əvəz edəcəklər.

Kirants sakinləri bildirirlər ki, demarkasiya nəticəsində onlar bir sıra kənd təsərrüfatı torpaqlarını itirəcəklər. Bundan başqa Azərbaycanın Qazax rayonunun 1990-cı illərdə işğal olunmuş kəndlərindən bəzilərinin ərazisində fərdi yaşayış evləri tikilib.

Paşinyanın nazirlərindən biri Kirantsa gəlib

Hakimiyyət demarkasiya prosesində mülkiyyətini itirəcək sakinlərə ev və ya pul şəklində kompensasiya vəd edib.

Azatutyun bundan əvvəl yazırdı ki, sözü gedən tikililər üçün normal sənədləşdirmə aparılmayıb və ev sahiblərinin onlara mülkiyyət hüququ verən qəbələləri yoxdur.

Kirants sakinləri bu halda kompensasiyanın necə verilə biləcəyini sual edirlər.

Sərhədin Kirants sektorunda körpü problemi də var. Bu körpü demarkasiya nəticəsində Azərbaycan ərazisinə düşür. Söhbət Yerevan-Tbilisi yolunun Voskepar sektorundakı körpüdən keçir.

Ermənistan hakimiyyəti körpü probleminin həlli üçün növbəti iki ay ərzində yolun alternativ sektorunun tikiləcəyini vəd edib.

Ermənistanın ərazi-inzibati işlər və infrastruktur naziri Qnel Sanosyan ötən həftəsonu Kirantsda olub. O sakinlərin narahatlığını aradan qaldırmağa çalışıb. Nazir deyib ki, Tbilisi-Yerevan yolunun Azərbaycana düşən sektoru yenidən, bir az aralıda tikiləcək.

'Erməni gəlsə, gərək Şınıx köçə'
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Bundan əvvəl

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

Görüş iki ölkənin sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə gerçəkləşib.

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.

Komissiyaların bundan əvvəl ötən ay gerçəkləşən görüşündə Azərbaycan və Ermənistanın delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacağının razılaşdırıldığı açıqlanmışdı.

Qeyd edildiyinə görə, tərəflər ona uyğun olaraq Azərbaycanın nəzarətində olmayan həmin bəhs edilən 4 kəndin geri qaytarılmasını razılaşdırmışdılar.

Azərbaycan buna qədər ümumilikdə 8 kəndinin, Ermənistan isə 31 kəndinin ərazilərinin işğalda qaldığını bildirirdi.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG