Bu il mayın 4-də sənaye şəhəri Çelyabinskdə "Ural Feminist Təşəbbüsü" adlı qrupun adı çəkilməyən fəalı "Çayldfri cinayət deyil" şüarı yazılmış plakatı gəzdirərkən saxlanıb. Rusiyada siyasi repressiyanı izləyən "OVD-Info" qrupu bildirir ki, gənc qadın sonradan heç bir ittiham irəli sürülmədən azad edilib.
"Child-free" ingilis dilində "uşaqsız" deməkdir. Yoldan keçənlərin bir çoxu bu qəribə xarici sözü həyatlarında ilk dəfə görsə də, Putin Rusiyasının yüksəkvəzifəli rəsmiləri bu termindən çoxdan yararlanırlar. Onların çoxu "çayldfri" ifadəsini ölkə və onun "ənənəvi" dəyərlərinə təhlükə doğuran düşmən ideologiyaya bağlayır.
İyunun 27-də Sankt-Peterburqda keçirilən hüquq forumunda ədliyyə nazirinin müavini Vsevolod Vukolov hökumətin Kremlin nəzarətindəki parlamentin deputatları ilə birgə yeni qanun layihəsi üzərində işlədiyini deyib. Bu layihədə çayldfri ideologiyasının özəlliklə gənc qadınlar arasında təbliğinin yasaqlanması nəzərdə tutulur. O bu ideologiyanın "ekstremist" adlandırılmalı olduğunu bildirib.
Rus Pravoslav Kilsəsi təklifi dərhal dəstəkləyib
"Çayldfri …uşaqların həyatda məcburi olmadığını iddia edən və hətta uşaqlara qarşı nifrət aşılayan ideologiyadır. Uşaqlara, bütövlükdə insanlara nifrət aşılayan belə ideologiyalar bizim gələcəyimizi, uşaqlarımızı məhv etdiyindən yasaqlanmalı və ekstremizmlə eyniləşdirilməlidir", - Patriarxın ailə, analıq və uşaqlığın müdafiəsi komissiyasının sədri Fyodor Lukyanovun sözləridir.
Kremli tənqidə tutanlar belə dartışmaları dövlət ehtiyaclarının fərd və cəmiyyətin maraqlarından üstün tutulması kimi görürlər; Rusiyanın Ukraynaya qarşı savaşı, yüz minlərlə əsgərin savaşda öldürülməsi və yaralanması ölkədəki demoqrafik böhranı daha da ağırlaşdırıb.
"Bizim gördüyümüz qadınların haqlarına hücumdur", - sosioloq İqor Eydman deyir.
"Putin öz demoqrafik problemini paranoid ideyalarla çözməyə çalışır", - yenə Eydmanın sözləridir və o, fikrini belə bitirir: "Bu üzdən Duma qadınları uşaq doğmağa həvəsləndirmək üçün deyil, onların uşaq doğmamaq hüququnu məhdudlaşdırmaq məqsədi güdən silsilə qanunlar qəbul edəcək".
Robert Koulsonun AzadlıqRadiosunun rus xidmətinin materialı təməlində qələmə aldığı məqalədə deyilir ki, 2024-cü ildə dövlət statistika agentliyi – "Rosstat" ölkə əhalisinin 2046-cı ilədək 130 milyona enə biləcəyini proqnozlaşdırıb. Bu, ən pis ssenari sayılır. Agentliyin ən yaxşı ssenarisi isə eyni dövrdə əhali sayının 4.6 milyon nəfər artmasıdır. Bu ssenariyə görə, qadınbaşına düşən doğum sayı 1.8 olmalıdır. Demoqraf İqor Yefremov bunun postsovet dövrünün ən yüksək rəqəmi ola biləcəyini söyləyir.
Ölüm və yaralanma hallarının çoxluğu bir yana, Rusiyanın apardığı savaş yüz minlərlə gənc ailəni uzun müddətə bir-birindən ayırıb, yüz minlərlə insanın da ölkəni tərk etməsinə səbəb olub.
İlk belə qanun layihəsi iki il öncə Dumaya təqdim edilib
Putin hökuməti, buna cavab olaraq, çox sayda tədbirlər görüb. Dumaya çayldfri ideologiyasını yasaqlamaq yönündə ilk qanun layihəsi Putinin hərbi səfərbərlik elan etdiyi ayda - 2022-ci ilin sentyabrında təqdim olunub.
Fevralda kabinet məktəblərdə "ailə dərsləri"nin keçilməsinə qərar verib. Səhiyyə Nazirliyinin bir rəsmisi deyir ki, bu dərslərin məqsədi "uşaqsızlığa dözümsüzlük" vasitəsilə "sağlam" cəmiyyətin formalaşdırılması və böyük ailələrin populyarlaşdırılmasıdır. Duma üzvləri uşaqsız ailələrə vergi tətbiq edilməsi fikrini də irəli sürüblər. Dövlət rəsmiləri və Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill abort təşviqinin təqib edilməsinə çağırıb.
Ötən ilin noyabrında Dumanın deputatı Sultan Xamzayev deyib ki, dövlət abort planlaşdıran qadınlardan uşaqlarını satın alsın. O, həmin uşaqların dövlət qayğısına keçirməsini təklif edib.
May ayında deputat Nikolay Burlyayev məktəblərdə "ismət dərsləri"nin keçilməsi təklifini irəli sürüb. Təklifə görə, bu dərsin məqsədi qızlara yaşam məqsədlərinin və Allahın onlara verdiyi vəzifənin ailə ocağını qoruyub saxlamaq və bacardıqları qədər ərlərinə itaət etmək olduğunu aşılamaqdır. "Oğlanlara da Vətənin müdafiəçiləri olduqları öyrədilməlidir", - həmin deputatın sözləridir.
"Abortların yasaqlanması, ismət dərsləri və LGBT+ insanlara qarşı repressiyalar bir-birinə bağlıdır. Bunların hamısı Rusiyada Rus Pravoslav Kilsəsinin iştirakı ilə gerçəkləşdirilən ultramühafizəkar proqramın bir bölümüdür. Repressiyanın artması müharibə və putinistlərin mühafizəkarlığa can atması ilə də bağlıdır", - "Kallisto" LGBT haqlarını müdafiə qrupunun fəalı, Rusiyanı tərk etməli olmuş keçmiş məktəb müəllimi Yaroslav Sirotkin belə deyir.
Rusiyada qadın haqları fəallığı illərdir hücuma məruz qalır. Kişi şovinistlər onları təhdid və zorakılıqla hədəfə alırlar.
Savaş üçün "ət tikələri" yaradan qadınlar
İyulun 2-də xanımı ilə birlikdə "ekstremist" damğası vurulmuş tanınmış jurnalist Aleksandr Nevzorov Telegram-da çayldfriyə qarşı qanun layihəsinin gözlənilən olduğunu bildirib. O deyib ki, qadınlar Ukraynaya qarşı savaşda topların qabağına vermək üçün ət tikələri yaratmaq planını yerinə yetirmədiklərinə görə həbs cəzası ala bilərlər.
Kremli tənqid edən "Professor Preobrajenski" X kanalı isə bu qanunun uşaqsız qadınların həbsi ilə nəticələnməyəcəyini deyənləri xəbərdar edib: "Deməyin ki "yox, bu, absurddur. Ora qədər gedib çıxmaz". Gedib çıxacaq. [Durum] artıq insanların şeir və tamaşalara görə məhkəməyə çıxarıldığı yerədək gəlib çıxıb. [Durum] artıq insanların "Savaşa yox!" dedikləri üçün həbsə atıldığı yerədək gəlib çıxıb. İnsanların stikerlərə görə həbs edilməsinədək gəlib çıxıb. Tezliklə insanların fəal şəkildə uşaq doğmaq istəmədikləri üçün uzunmüddətli həbs cəzaları almasınadək gedib çıxacaq".
Sosial mediada təşəbbüsü tənqid edənlər bildiriblər ki, çayldfri ideologiyasına ən yaxın və gerçək misal Rus Pravoslav Kilsəsi kimi rahib və rahibələri bəkarətə təşviq edən dini qruplardır.
"Rahibənin böyük ailələri təbliğ etməsi qəribə olardı. Mən xristianlıq paradiqmasında insanlığın genetik müxtəlifliyinin təmin edilməsinə, yaxud demoqrafik durumun yaxşılaşdırılmasına dair hər hansı müddəa olduğunu düşünmürəm", - Saxa Respublikasından olan rus pravoslav rahibəsi Yelizaveta Sençukova Facebook-da belə yazıb.