Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:49

Aİ-nin aparıcı rəsmiləri Macarıstanın keçirdiyi görüşləri boykot edəcək


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Macarıstanın baş naziri Viktor Orbanı Aİ-nin Brüsseldəki qərargahında salamlayır. 2020
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Macarıstanın baş naziri Viktor Orbanı Aİ-nin Brüsseldəki qərargahında salamlayır. 2020

Budapeştin Avropa İttifaqına (Aİ) altı aylıq rotasiyalı sədrliyi dövründə Avropa komissarları Macarıstanın baş naziri Viktor Orbanın keçirdiyi qeyri-rəsmi görüşləri boykot edəcəklər. Bu bəyanatı Avropa Komissiyası Orbanın Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpinlə Aİ ilə razılaşdırılmayan görüşlərindən sonra verib.

"Macarıstanın sədrliyi ilə başlayan son hadisələr fonunda Avropa Komissiyasının rəhbəri (Ursula fon der Leyen) qərara gəlib ki, Komissiya yalnız Aİ Şurasının qeyri-rəsmi toplantılarında aparıcı rəsmilər ilə təmsil olunacaq", - fon der Leyenin baş sözçüsü Erik Mamer X platformasında yazıb.

Bundan başqa, "Avrokomissiyanın kollegiyası sədr ölkəyə (Macarıstana) səfər etməyəcək", - Mamer deyib. Kollegiya Avropa Komissiyanın liderlərini təmsil edir, 27 komissardan ibarətdir.

Macarıstan narazıdır

Macarıstan bu bəyanata etirazını bildirib. Avropa məsələləri üzrə nazir Yanoş Boka komissiyanı işləmək istədiyi institutlar və üzv ölkələr arasında seçim etməkdə günahlandırıb.

"Aİ Komissiyası əməkdaşlıq etmək istədiyi institutları və üzv ölkələri istədiyi kimi seçə bilməz. İndi Komissiyanın bütün qərarları siyasi mülahizələrə əsaslanır?", - Boka X-də sual edir.

Komissiyanın bu addımından öncə isə "Politico" təsdiqlənməmiş xəbər yayıb ki, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel blokun xarici işlər nazirlərini özünün "rəsmi" şurasına yığmağı planlaşdırır və görüş Macarıstanın avqusta saldığı oxşar toplantı ilə eyni vaxtda keçirilə bilər.

Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə Moskvada Kremldə görüşür
Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə Moskvada Kremldə görüşür

Etiraza səbəb olan səfərlər

Macarıstan iyulun 1-dən Aİ-də sədrliyə başlayıb. Orban iyulun 5-də Moskvaya, daha sonra Çinə səfər edib, Putin və Si ilə Ukrayna müharibəsini bitirməyi müzakirə etdiyini açıqlayıb. Bu səfərlər haqda blok öncədən bilgiləndirilməyib.

Putinlə dost münasibətləri olan Orbanın Aİ ilə əlaqələri ziddiyyətlidir, Ukraynanın işğalından dolayı Moskvaya sanksiyalara etirazını bildirir.

Orban Kremldə Putinlə danışıqlardan sonra deyib ki, onun səfəri müharibə edən tərəflər arasında dialoqun bərpası üçün ilk addımdır. Amma həm Aİ, həm də ABŞ onun bu missiyasını sərt tənqid ediblər.

"Putin dilə tutmaqla dayanan deyil. Yalnız birlik və qətiyyət Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə aparacaq", -- fon der Leyen Orbanın Moskvaya səfərindən sonra X-də yazıb.

Ağ ev də tənqidə qoşulub. Mətbuat katibi Karin Jan-Pyer (Karine Jean-Pierre) deyib ki, bu səfər sülh məsələsini irəli aparmayacaq, "Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini möhkəmləndirməsinə ziddir".

Macarıstanın baş naziri Viktor Orban, Ukrayna prezidenti Volodimir Zelenski və Aİ Şurasının prezidenti Şarl Mişel Aİ-nin Brüsseldəki qərargahında
Macarıstanın baş naziri Viktor Orban, Ukrayna prezidenti Volodimir Zelenski və Aİ Şurasının prezidenti Şarl Mişel Aİ-nin Brüsseldəki qərargahında

Orbanın məktubu

"Reuters" agentliyinin məlumatına görə, V.Orbanın iyulun 16-da Aİ liderlərinə ünvanladığı məktubda deyilir ki, keçmiş prezident Donald Tramp noyabrın 5-də keçiriləcək seçkidə Co Baydenə qalib gəldiyi təqdirdə "dərhal" sülh vasitəçisi kimi hərəkət etməyə hazırdır: "Mən əminliklə deyə bilərəm ki, o, seçki qələbəsindən qısa müddət sonra, inauqurasiyanı gözləmədən sülh vasitəçisi kimi hərəkət etməyə hazır olacaq. Onun bu iş üçün təfərrüatlı və yaxşı əsaslandırılmış planı var".

Orban əlavə edib ki, Bayden seçki yarışında qalmaq üçün "böyük" səylər göstərir, amma o, ABŞ-nin hazırkı müharibə siyasətini idarə etmək qabiliyyətində deyil.

Məktubda deyilir ki, Trampın qələbəsi Ukraynaya dəstək məsələsində maliyyə yükünü Vaşinqtondan Brüsselin çiyinlərinə keçirəcək və Avropa bu sövdələşmədən daha pis nəticə ilə çıxacaq: "Bizim transatlantik birlik naminə Avropa strategiyamız ABŞ-nin müharibə siyasətindən olduğu kimi köçürülüb. İndiyədək bizim suveren və müstəqil Avropa strategiyamız və ya hərəkət planımız olmayıb. Mən bu siyasətin davam etdirilməsinin gələcəkdə nə dərəcədə rasional olacağının müzakirəsini təklif edirəm".

Mişelin cavabı

Aİ Şurasının prezidenti Şarl Mişel Orbanın məktubuna cavabında yazır ki, "rotasiyalı sədrlik ittifaqın beynəlxalq səhnədə təmsil olunmasında rol oynamır, Moskva və Pekində ittifaqın adından hərəkət etmək üçün Aİ Şurasının mandatını almayıb".

Mişel Aİ-nin "müharibəpərəst" siyasət yürütməsinə dair Orbanın iddiasını rədd edib, Rusiyanın təcavüzkar olması, Ukraynanın özünümüdafiədə legitim hüququndan istifadə etdiyini bir daha vurğulayıb. O əlavə edib ki, Ukraynanın iştirakı olmadan Ukrayna barədə müzakirə aparılmamalıdır.

XS
SM
MD
LG