Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:49

Avropa diplomatı: ‘Mişel bacardığını edib, oyun oynamağı dayandırmaq tərəflərin öz işidir’ - Politico


Avropa Şurasının prezidenti Şarl Mişel, Azərbacan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan (Arxiv fotosu)
Avropa Şurasının prezidenti Şarl Mişel, Azərbacan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan (Arxiv fotosu)

Avropa Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaza davamlı sülhün gətirilməsi istiqamətində səylərini bərpa edir.

Politico portalı iki vəzifəli diplomata istinadla yazır ki, Mişel Avropa Siyasi İcmasının bu ayın əvvəllərində Britaniyada keçirilmiş sammiti əsnasında həm Ermənistan, həm də Azərbaycanın liderləri ilə ikitərfəli danışıqlar aparıb.

Bu da xəbər verilir ki, Mişel habelə Bakı və Yerevana hər iki tərəfi sərhədin delimitasiyası da daxil qalan məsələləri həll edib danışıqlar masasına qayıtmağa və sülh müqaviləsini yekunlaşdırmağa çağıran məktub yazıb.

Politico yazır ki, buna baxmayaraq Brüssel aylarla davam edən ləngimədən sonra müqavilənin imzalanmasının “diplomatik dalana dirənməsindən” məyusdur.

Məqalədə deyilir ki, Mişellə görüşlərinə baxmayaraq Azərbacan prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı Londonda bir masa arxasına gətirmək mümkün olmayıb.

Bu da vurğulanır ki, tərəflər görüşün baş tutmamasına görə bir-birini günahlandırır.

“Şarl Mişel bacardığını edib...”

Şarl Mişelə yaxın vəzifəli Avropa diplomatı Politico müxbirinə deyib:

“Son nəticədə oyun oynamaqdan əl çəkmək və müqaviləni imzalamaq hər iki tərəfə bağlı məsələdir. Prezident Mişel razılaşmanın əldə olunması üçün Avropa İttifaqının ixtiyarında olan bütün vasitələrdən istifadə edib”.

Politico yazır ki, Mişelin ev sahibliyi ilə danışıqlara və Qərbin xəbərdarlıqlarına rəğmən Azərbaycan ötən ilin sentyabrında Qarabağda hərbi əməliyyat keçirib və erməni əhalisi hamılıqla bölgəni tərk edib.

Məqalədə deyilir ki, Azərbaycan Müdafiə Nazirliyi ötən həftə Ermənistanı sərhəd boyunca “təxribatlar törətməkdə” ittiham edəndən və “özünümüdafiə üçün mümkün hərbi hərəkətlə” hədələyəndən sonra vəziyyət yenidən gərginləşib. Ermənistan təxribatla bağlı iddiaları rədd edir.

Politico yazır ki, 2020-ci ildən bəri Ermənistanla azı iki müharibədə qalib gəldikdən sonra Azərbaycan Avropa İttifaqının üzvü olan Fransanın Ermənistanı silahla təchiz etməsini tənqid edir.

Sülh danışıqları

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib. Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

İyulun 10-da Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüş olub. Blinken tərəflərin ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxın olduğunu deyib.

XS
SM
MD
LG