Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:31

Rusiya sərhədçiləri Zvartnots aeroportundan çıxıblar 


Zvartnots aeroportu
Zvartnots aeroportu

Rusiya iyulun 31-də Yerevanın beynəlxalq Zvartnots aeroportundan sərhədçilərin çıxarılmasını tamamlayıb. Ermənistan Rusiya qarşısında bu ilin əvvəlində belə bir tələb qoymuşdu.

On illərdir Zvartnotsda, eləcə də Ermənistanın Türkiyə və İranla sərhədində rusiyalı sərhədçilər yerləşib. Bu, Rusiya və Ermənistan arasında sıx hərbi əlaqələrin əlaməti sayılırdı. Ancaq son aylar iki ölkə arasında gərginlik artıb.

Baş nazir Nikol Paşinyan martda elan edib ki, hökuməti Moskvaya sərhədçiləri aeroportdan çıxarmaq üçün avqustun 1-dək vaxt qoyub. Onun dediyinə görə, Ermənistanın “Rusiya tərəfin köməyi olmadan” sərhədə nəzarət etməyə gücü çatır.

Rusiyanın narazılığı və...

O zaman Rusiyanın Xarici İşlər Nazirliyi bu addımı tənqid edərək bildirib ki, Yerevan Rusiya-Ermənistan əlaqələrinə “bərpaedilməz ziyan” riski, Ermənistanın təhlükəsizliyi və iqtisadi inkişafına təhlükə yaradır. Rusiya prezidenti Vladimir Putin və Paşinyan mayda Moskvada görüşəndə sərhədçilərin çıxarılmasını razılaşdırıblar.

Proses Zvartnotsda Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları üçün vida mərasimi ilə tamamlanıb. Ermənistan sərhəd qoşunlarının yeni təyin olunmuş komandiri Edqar Hunanyan onlara xidmətə görə təşəkkür edib. O deyib ki, Ermənistan tərəfi “Rusiya sərhədçilərinin 32 ildən artıq birgə xidmət zamanı ötürdüyü təcrübə və bacarıqlardan” istifadə edəcək.

“Sizin heç də həmişə nəzərə çarpmayan, ancaq çox gərəkli işiniz həm Ermənistanın, həm də Rusiyanın təhlükəsizliyinə vacib töhfə verib”, -- Rusiyanın Yerevandakı müvəqqəti işlər vəkili Maksim Seleznyov deyib.

Azərbaycanla sərhəddən də çıxmalıdırlar

Paşinyanla may görüşündə Putin həm də Ermənistanın Azərbaycanla sərhədindən Rusiya əsgərləri və sərhədçilərini çıxarmağa razılaşıb. Sərhədçilər oraya Yerevanın xahişi ilə, 2020-ci il Qarabağ müharibəsi zamanı və daha sonra yerləşdiriliblər. Rusiyalı sərhədçilər Ermənistanın İran və Türkiyə ilə sərhədlərini qorumağa davam edəcəklər.

Rusiyanın bu ölkədə hərbi bazası da var. Rusiyanın aparıcı deputatlarından biri martda deyirdi ki, “Ermənistan hakimiyyətinə Rusiyanın hərbi iştirakını dayandırmasını tələb etmək barədə heç düşünməməyi tövsiyə edərdi”.

Paşinyan belə bir planla bağlı eyham vurmayıb, amma ölkəsinin Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub, Avropa İttifaqına üzv olmaq niyyətini istisna etməyib.

XS
SM
MD
LG