Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:18

Haniyənin qətlindən sonra danışıqların taleyi necə olacaq?


İsmayıl Haniyə avqustun 1-də Tehranda dəfn edilib
İsmayıl Haniyə avqustun 1-də Tehranda dəfn edilib

AzadlıqRadiosunun şərhçisi Rey Furlonq (Ray Furlong) yazır ki, İsrailin Qəzza zolağında apardığı dağıdıcı müharibəyə son qoyulması üçün aparılan danışıqlar hətta HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin qətlindən əvvəl də rəvan getmirdi.

Məqalədə deyilir ki, iyulun 31-də baş vermiş bu qətl atəşkəs danışıqlarının uğurunu daha az mümkün edir. İran Haniyənin qətlində İsraili ittiham edir.

62 yaşlı HƏMAS lideri indiyədək Qəzzada atəşkəsin bərqərar edilməsi üçün beynəlxalq vasitəçilərin iştirakilə aparılan danışıqlarda, habelə çox sayda israilli girovun azad olunmasında aparıcı rol oynamışdı. O həm də ABŞ və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınan HƏMAS-ın rəhbərliyində mötədil fiqur sayılırdı.

“Danışıqçı öldürülürsə vasitəçi nə edə bilər?”

Misirlə birlikdə danışıqlara vasitəçilik edən Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman ət-Tani iyulun 31-də demişdi:

“Bir tərəf digər tərəfdəki danışıqçını qətlə yetirirsə, vasitəçilik necə uğurlu ola bilər?”

HƏMAS təşkilatının hərbi qolu bəyan edib ki, Tehranda törədilmiş sui-qəsd “müharibəni yeni səviyyəyə qaldıracaq nöqtə olub”.

Lakin Furlonq yazır ki, bütün hədələrinə baxmayaraq HƏMAS İsrailə cavab vermək iqtidarında olmaya bilər.

Təşkilat İsrailin Qəzzada 10 aydır ki, apardığı müharibədən hələ də özünə gəlməyib. Bu əməliyyatlar nəticəsində Fələstin tərəfinin məlumatına görə Qəzzada əksəriyyəti mülkilər olan 40 min nəfər həlak olub.

Məqalədə deyilir ki, HƏMAS indiki vəziyyətdə danışıqlarda iştirakını dayandıra da bilər və bunun müəyyən səbəbləri var.

Haniyənin yerini kim tutacaq?

Haniyə Yaxın Şərq boyunca müttəfiqlər arasında münasibətləri nizamlayan və beynəlxalq miqyasda tanınan yüksək təcrübəyə malik fiqur idi.

Onun qətli boşluq yaradıb və boşluğu kimin dolduracağı məlum deyil.

HAMAS-ın hərbi qolunun lideri Yəhya əs-Sinvar qrupun İsrail üzərinə 7 oktyabr hücumunu planlaşdıran fiqur sayılır və onun hazırda Qəzzada gizləndiyi düşünülür.

Qrupun digər vəzifəli fiquru Zaher Cəbarin İsrailin işğal etdiyi Qərb sahilindəki birləşməyə başçılıq edir. Onun da hazırda gizləndiyi söylənir.

İsrail HƏMAS-ın bütün liderlərini məhv edəcəyini bildirib.

Şərhçilərin fikrincə yeni lider HƏMAS-ın Qətərdəki siyasi ofisindən gələ bilər, amma bunun tezliklə baş verəcəyi gözlənilmir.

Haniyə Qəzzada mənzillənən qrupun sərt xətt-hərəkət tərəfdarı elementləri ilə müqayisədə daha praqmatik şəxs sayılırdı. Lakin o da ABŞ tərəfindən terrorçu siyahısına daxil edilmişdi və 7 oktyabr basqınını dəstəkləmişdi.

İran ABŞ-ı da ittiham edir

İranın dövlət televiziyası bildirib ki, Haniyənin qətli danışıqları bir neçə ay ləngidə bilər.

Bu da qeyd olunur ki, Haniyənin qətli regional münaqişə riskini yüksəldib.

İranın ali rəhbəri ayətüllah Əli Xameneyi sui-qəsddə İsraili ittiham edib və qisas alınacağını bildirib.

Bununla belə vəziyyət İranın və onun regiondakı proksilərinin növbəti addımlarından asılı olacaq.

İran Haniyənin qətlinə görə həm də İsrailə iqtisadi və hərbi dəstək verən ABŞ-ı günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin sözü gedən sui-qəsdlə əlaqəsinin olmadığını və akt barədə əvvəlcədən məlumatlı olmadığını bildirib.

Bununla belə Blinken əlavə edib ki, “atəşkəsin əldə olunması mühümlüyünü itirməyib”.

XS
SM
MD
LG