Bu ilin birinci yarısında minlərlə tacik Rusiyadan deportasiya olunub. Martda Moskvada konsert zalına silahlı hücumdan sonra hakimiyyət bu yöndə fəaliyyəti daha da gücləndirib.
“Krokus” zalına hücumda 144 nəfər həlak olub. Hücumda şübhəli bilinənlərdən dördü Tacikistandandır.
Tacikistanın Əmək, Miqrasiya və İşəgötürmə naziri Gulnora Hasanzoda avqustun 6-da deyib ki, Rusiya 2024-cü ilin ilk altı ayında azı 17 min tacikistanlını deportasiya edib.
Digər tərəfdən, bir çox tacik miqrant fəhlələr, eləcə də digər Orta Asiya ölkələrindən olanlar Rusiyanı öz xoşuyla tərk edirlər. Onlar Rusiyada ksenofobiyanın artmasından, məhdudiyyətlərdən çəkinirlər.
“Martın sonunda baş verən hadisələri nəzərə alaraq, Rusiya sərhədində və daxilində müvəqqəti və daimi əsasla təftiş və reydlər aparılır, vətəndaşlar müxtəlif səbəblərdən bu ölkənin ərazisindən çıxarılır, daha öncə törədilmiş pozuntular, immiqrasiya qanunvericiliyinə əməl etməmə, dil bilgisinin olmaması, ictimai etiket əsas gətirilir”, – Hasanzoda vurğulayıb.
Tacikistandan gedənlər azalır
Orta Asiyadan milyonlarla miqrant fəhlə tikinti, küçə təmizləmə, satış, restoran industriyası daxil olmaqla, müxtəlif işlərdə çalışırlar.
Hasanzoda deyib ki, data ümumilikdə Tacikistandan əmək emiqrasiyasının bu ilin birinci yarısında 16 faiz azaldığını göstərib.
Düşənbə sakini Şarofiddin Xocayev bu ilin əvvəlində Moskva aeroportuna çatan kimi geri qaytarılan taciklərdən biridir. O deyir ki, ailəsi üçün pul qazanmağa çalışanlara qarşı durum pisləşib.
“Onlar gərəkən sənədləri vaxtında vermirlər, sonra isə elə həmin vaxtda da sənədin olmadığına görə səni qovurlar. Sənədlərinin olub-olmamasından asılı olmayaraq, sənə problem yaradılar”, – o, AzadlıqRadiosuna deyib.
Xocayev geri dönüş bileti almağa vadar edildiyini, aeroportda xeyli adamın belə vəziyyətə düşdüyünü danışır. Dediyinə görə, hətta sənədləri qaydasında olan tacikləri belə hədəfə alıblar.
3 min 400-dən çox miqrant aeroportlardan qaytarılıb
Tacik Mülki Aviasiya İdarəsinin direktoru Habibullo Nazarzoda ötən ay jurnalistlərə deyib ki, son altı ayda 3 min 400 tacik miqrant Rusiya aeroportlarından geri qaytarılıb.
Nazarzoda Tacikistan vətəndaşlarının Rusiyaya girişinin qarşısının alınmasında iddia olunan sənəd problemlərini göstərib.
Apreldə Tacikistan və Qırğızıstan rəsmiləri öz vətəndaşlarına Rusiyaya getməkdən çəkinməyə çağırıb. Bu çağırışlar martda “Krokus” konsert zalına hücumdan sonra Orta Asiyadan əmək miqrantlarına təzyiqlərin güclənməsi fonunda edilib.
Rusiya qanunvericiləri isə ötən ay əmək miqrantlarının hüquqlarını kəskin məhdudlaşdıran bir neçə qanun qanun layihəsini təsdiqləyiblər.
“Rusiya bizim üçün əbədi dolanışıq mənbəyi deyil”
Bu hüquqi dəyişikliklər, insan haqları təşkilatları və Tacikistan rəsmilərinin Rusiyada Orta Asiyadan olanlara qarşı ksenofobiyanın artması ilə bağlı xəbərdarlıqları fonunda bəzi təhlilçilər deyirlər ki, miqrant fəhlələr daha Rusiyada çörək qazanmaqda gözlərini çəkməlidirlər.
“Adamlar və müxtəlif səviyyələrdə hakim orqanlar düşünməlidirlər ki, Rusiya bizim üçün əbədi dolanışıq mənbəyi deyil”, – sosioloq Muzaffar Olimov AzadlıqRadiosunun tacik xidmətinə deyib.
Tacikistan hakimiyyəti isə ölkədə işçi qüvvəsinin artmasına reaksiya verməyə başlayıb, yanvardan bəri azı 100 min yeni iş yerinin açıldığı bildirilir.
Ekspertlər isə miqrant işçilərin deportasiyasının Rusiyada əmək bazarına zərbə vurduğunu deyirlər.
Rusiyada hazırda işsizlik səviyyəsi postsovet dövrünün ən aşağı həddinə – 2.9 faizə düşüb. Axı, Kreml Ukraynada apardığı təcavüzkar müharibəyə yüzminlərlə kişini cəlb edir.
Əmək bazarının daralması isə inflyasiyanı yüksəldir, iqtisadi sabitliyə təhdid yaradır, ekspertlər söyləyir.