Azərbaycanda dollara yüksək tələbat qalmaqdadır. Hətta son günlər dollar qıtlığı ilə bağlı şikayətlər eşidilir. Bildirilir ki, ayrı-ayrı günlərdə bəzi banklar vətəndaşlara ya dollar, ümumiyyətlə, satmayıb, ya da çox az məbləğdə satıb.
Eyni zamanda, Dövlət Neft Fondu 2024-cü ilin avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yeddi dəfə çoxdur.
Sentyabrda da keçirilən hərraclarda dollara tələbat yüksək olub.
Son zamanlar neft qiymətində düşmə tendensiyası müşahidə olunur.
Bütün bunlar milli valyutanın mümkün devalvasiyası haqqında fikirlərə yol açıb.
"Narahatlığa ehtiyac yoxdur"
Mərkəzi Bankda (AMB) sentyabrın 12-də keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib ki, ölkənin tədiyə balansının tarazlığını saxlamaq üçün dünya bazarında "Azeri Light" markalı neftin bir barelinin qiymətinin 40-45 ABŞ dolları səviyyəsində olması da kifayətdir: "Hazırda neftin qiyməti ilə bağlı heç bir narahatlığa ehtiyac yoxdur".
AMB-nin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanın tədiyə balansında 648.1 milyon ABŞ dolları həcmində profisit yaranıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə səkkiz dəfə azdır.
Deputat yay mövsümü ilə əlaqələndirir
Milli Məclisin VI çağırış deputatı Azər Badamovun "Turan"a deməsinə görə, son vaxtlar dollara tələbatın artması yay mövsümü ilə əlaqədardır: "Yayda hamı məzuniyyətə çıxır, xarici ölkələrə üz tutmağa çalışır. Ona görə də dollara olan tələbatın müvəqqəti olaraq artması gözləniləndir".
Onun fikrincə, manatın mümkün devalvasiyası ilə bağlı məlumatların da heç bir əsası yoxdur: "Ölkəmiz enerji resurslarını dollarla satır. Dünya bazarlarında isə bizim enerji resurslarımızın qiyməti yuxarı həddə qalmaqdadır".
Neft hasilatı azalır, qiyməti düşür
İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna danışır ki, devalvasiya Azərbaycanda inzibati tənzimləmə sahəsidir və baş verəcəksə, hökumətin inzibati qərarı ilə gerçəkləşdiriləcək: "Sadəcə, məntiq məsələsi var və Azərbaycan əhalisi də "ilan vuran ala çatıdan qorxar" prinsipi ilə davranır".
O xatırladır ki, Azərbaycanda seçkilər dövrü də sona çatır və dekabrda keçiriləcək bələdiyyə seçkilərdən sonra beş il seçki olmayacaq. Bu isə, onun fikrincə, hansısa qeyri-populyar addımların atılması üçün siyasi maneələri aradan qaldırır.
İqtisadçı Azərbaycanın tədiyə balansında müsbət saldonun sürətlə azaldığını vurğulayır: "Neftin hasilatında da kəskin azalma var. Son məlumatlara görə, yenə bizdə gündəlik hasilat 472 min barel oldu ki, bu, çox aşağı göstəricidir. Neftin qiymətində də azalma müşahidə olunur – bu yaxınlarda qiymət 69-70 dollara düşdü. Eyni zamanda, ölkədə gəlirlər azalır, xərclər isə artır. Bütün bu faktorları cəmləyəndə insanlar keçmiş faktorları da nəzərə alaraq haqlı olaraq düşünürlər ki, devalvasiyanın siqnalları var".
N.Cəfərli hesab edir ki, manatın məzənnəsi ilə bağlı qərarın verilməsi gözləniləndir, sadəcə zaman barədə konkret danışmaq çox çətindir. Ekspert devalvasiyanın ən azından bu il baş verməyəcəyini, 2025-ci ildə belə bir qərarın verilməsi ehtimalının yetərincə yüksək olduğunu söyləyir.