Fransa Azərbaycandan qaynaqlanan təzyiqlər şəraitində “güclü bir şəkildə” Ermənistanın yanındadır.
Bunu Fransa prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında etdiyi çıxışında deyib.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Makron Ermənistanın adını dünya boyunca “unudulmuş müharibələrdən, ədalətsiz qələbələrdən və nəticəsiz danışıqlardan” danışarkən çəkib:
“Beynəlxalq birlik danışıqların uğurlu olmasını və beynəlxalq aləmdə tanınmış sərhədlərin qorunub saxlanmasını təmin etməlidir”.
Azərbaycanın Xarici İşlər Nazirliyi sentyabrın 26-da Makronun Fransanın Ermənistanla sıx münasibətlərini vurğulayan şərhini tənqid edib.
Nazirliyin sözçüsü deyib ki, Fransa regionda “qeyri-konstruktiv hərəkətlərinə” son qoymalıdır.
Bəyanatda habelə Paris Ermənistanı “ağır silahlarla silahlandırmaqda” və “revanşizmə hazırlamaqda” ittiham olunur.
Bundan əvvəl
Rəsmi Bakı bundan əvvəl son bir ildə Fransa və Ermənistan arasında müdafiə kontraktlarının imzalanmasını pisləmişdi.
Söhbət Fransadan alınan radarlardan, artilleriyadan, yaxınmənzilli hava hücumundan müdafiə sistemlərindən və piyadaların zirehli maşınlarından gedirdi.
Azatutyun yazır ki, Ermənistan gələn ilin sonunadək Fransadan 36 ədəd 36 CAESAR pərli haubitsaları almalıdır.
Ermənsitan rəhbərləri bildirirlər ki, bu və digər silahlar Ermənistana özünü silahlanmaqda davam edən Azərbaycanın mümkün təcavüzündən qorumaq üçün lazımdır. Yerevan bildirir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən iki dəfə böyükdür.
Fransanın ovaxtkı xarici işlər naziri Stefan Sejürne bu ayın əvvəllərində Yerevana səfəri zamanı Fransanın Ermənistana hərbi dəstəyini müdafiə etmişdi.
O Azərbaycanı Yerevanın istəyinə uyğun olaraq sülh müqaviləsini tezliklə imzalamağa çağırmışdı.
Sentyabrın 25-də BMT Baş Assambleyasının keçirildiyi Nyu Yorkda Fransanın yeni xarici işlər naziri Jan-Noel Baro ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşü zamanı Cənubi Qafqaz regionunda “ədalətli və davamlı” sülhə çağırıb.
Ermənistanın silah kontraktları
2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir.
2023-cü ilin oktyabrında isə Ermənistan Fransa ilə iki silah sazişi imzalayıb. Yerevanın Fransanın "Thales" şirkətindən üç qabaqcıl radar sistemi alacağı gözlənir. Papikyan Parisdə fransalı həmkarı Sebastyan Lekornyu (Sebastien Lecornu) ilə Fransadan yaxınmənzilli "yer-hava" raketləri alınması üzrə Niyyət Məktubu da imzalayıb.
Yerevan daha öncə Moskva ilə 400 milyon dollarlıq Rusiya silahı alınması üzrə kontraktlar bağlayıb. Yerevan ötən il gileylənirdi ki, Ermənistan hələ də həmin silahları ala bilməyib. İki aparıcı ermənistanlı deputatın yanvarda dediyinə görə, Rusiya artıq silahların ilk partiyasını yola salıb.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatlarla Qarabağ üzərində suverenliyini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.
Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə ATƏT-in Minski qrupu vasitəçilik edib. ABŞ, Rusiya və Farnsa qrupda həmsədrlər idi.