Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:29

Sergey Narışkin Bakıda 'sistemdənkənar müxalifət'dən də danışıb 


Sergey Narışkin
Sergey Narışkin

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olub. O, keçirdiyi görüşlərdə beynəlxalq vəziyyəti, iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın istiqamətlərini müzakirə edib. Səfər barədə SVR-in mətbuat xidməti məlumat yayıb.

S.Narışkin Azərbaycan prezidenti İlham Əliyevlə, eləcə də Azərbaycanın Xarici Kəşfiyyat Xidməti, Daxili Təhlükəsizlik Xidmətinin rəhbərləri ilə görüşüb. Azərbaycanın rəsmi saytlarında bu görüşlər, heç səfər barədə də informasiya yoxdur. Hökumətyönlü media orqanları isə SVR mətbuat xidmətinə istinadla qısa xəbər yayıblar.

Rusiya mənbələrinin yazdığına görə, S.Narışkin jurnalistlərlə söhbətində deyib ki, Azərbaycan və Rusiyanın xüsusi xidmətləri bu yaxınlarda ABŞ tərəfindən Rusiya diplomatına "provokativ təhdid"in qarşısını alıblar. O, həmin insident haqda detallı danışmayıb.

S.Narışkinin bu açıqlamasına Azərbaycanın rəsmi orqanları, ABŞ-nin münasibəti, hələlik, bəlli deyil.

"Anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı aksiyaları vaxtında aşkarlamaq..."

Rusiya rəsmisi Moskva və Bakının üzləşdiyi çoxsaylı təhdidlər sırasında beynəlxalq terrorçuluğu, qeyri-leqal miqrasiyanı, silah və narkotiklərin qanunsuz dövriyyəsini, bəzi dövlət strukturları və qeyri-hökumət təşkilatlarının təxribatçı fəaliyyətini sadalayıb, onların Rusiya və Azərbaycanın daxili siyasətinə təsir göstərməyə çalışdığını deyib.

Azərbaycan rəsmiləri ilə görüşdə qeyd olunub ki, indiki şəraitdə kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifələrindən biri xaricdə anti-Rusiya və anti-Azərbaycan xarakterli təxribatçı aksiyaları vaxtında aşkarlamaq və önləməkdir. "Xarici xüsusi xidmətlərin Rusiya və Azərbaycan ərazilərində ictimai-siyasi sabitsizlik yaratmaq məqsədilə sistemdənkənar müxalifətdən və beynəlxalq terrorçu təşkilatlardan istifadəsinə qarşı birgə səyləri gücləndirməyin vacibliyi qeyd edilib", – SVR-in məlumatında deyilir.

Qərb xüsusi xidmətlərinin iki ölkədə daxili siyasi sabitliyə qarşı düşmən niyyətlərinin aşkarlanması səylərinə xüsusi diqqət ayrıldığı vurğulanır.

Azərbaycan ifadə, toplaşma, birləşmə azadlıqlarını pozduğuna görə tənqid olunur. Ölkədə müxalifətin aksiyalarına, əsasən, icazə verilmir. İnsan haqları qrupları ölkədə azı 300 siyasi məhbusun olduğunu bildirir. Hakimiyyət isə bu deyilənləri qəbul etmir, təməl insan haqlarının tam təmin olunduğunu bildirir.

'Əliyevin və Putinin dünyaya baxışı çox yaxındır'. Müttəfiqlik bəyannaməsinin iki ili #Izahla
Gözlə

No media source currently available

0:00 0:09:16 0:00

Azərbaycanda və Gürcüstanda seçkilərə münasibət

SVR direktoru Qərb ölkələrinin və ATƏT-in Azərbaycanda parlament seçkilərini gözdən salmağa, onun nəticələrini şübhə altına almağa çalışdığını iddia edib.

ATƏT DTİHB 1 sentyabr növbədənkənar parlament seçkilərinin keçirildiyi şərtlərin demokratik standartlara uyğun gəlmədiyini açıqlamışdı. Müstəqil media orqanları və müşahidəçilər də bu seçkidə kütləvi pozuntuları qeydə alıb.

S.Narışkin Bakıda onu da bildirib ki, ABŞ Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə təsir göstərməyə çalışır. Onun iddiasına görə, ATƏT DTİHB "ABŞ Dövlət Departamentinin tələbi ilə" aralıq hesabat hazırlayıb. "Orada belə bir tezis yer alıb ki, Gürcüstanda ədalətli və açıq seçkilər üçün şərait yoxdur". Bu, əlbəttə ki, reallığa uyğun deyil", – Narışkin vurğulayıb.

"Məqsəd Gürcüstanın daxili işinə kobudcasına, həyasızcasına müdaxilə etməkdir, sağlam, milli qüvvələri hakimiyyətə buraxmamaqdır. Ancaq əminəm ki, Gürcüstan xalqı... düzgün və dəqiq seçim edəcək", – o deyib.

Rusiya xüsusi xidməti daha öncə də Moskvanın Gürcüstanda seçkiyə ATƏT DTİHB vasitəsilə müdaxilə planlaşdırdığını iddia etmişdi. Moskva bildirirdi ki, ABŞ oktyabr seçkilərində "Gürcü arzusu" partiyasının qələbəsinə imkan verməmək üçün "Tbilisi maydanı" təşkil etməyə hazırlaşır.

Gürcüstanda xüsusilə xarici təsirlə bağlı "xarici agent" qanunu qüvvəyə minəndən sonra Tbilisinin Qərblə münasibətləri pisləşib. Avropa İttifaqı onun bloka üzvlük prosesini dondurub, Vaşinqton ikitərəfli münasibətlərə yenidən baxdığını bildirib.

XS
SM
MD
LG