Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:31

Hüseynbala Mirələmov. Qırxıncı otaq (6)


əvvəli

Görünür, zaman dəyişsə də, qorxulu nağıllar davam edir, div mifoloji obraz olsa da, nənələrimiz bizi uşaqlıq çağlarımızdan gələcəkdə üzləşə biləcəyimiz ən böyük maneələrlə mübarizəyə hazırlayırmışlar. Xalq nağıllarımızın qəhrəmanları divlərin qırxıncı otaqda saxladığı günahsız qızları xilas etmək üçün vuruşub, təkcə qılınc gücünə deyil, həm də ağlına, zəkasına güvənib sehirli tilsimi sındırırlar. Şər sahibinin xətasından nicat yolu tapmağın qırx yolu varsa, qırxını da sınaqdan keçiriblər.
Mən sizin təzə kitabınıza o tilsimli qırxıncı otağın açarlarından biri kimi baxıram. Axı, siz həm də təcrübəli hakimsiniz. Oğlumu, gəlinimi, üzünü görmədiyim nəvəmi mənə qaytara bilərsinizmi?
Ailə süfrəmizin başında oturmasam da, hər gün gözlərim yolda, qulaqlarım səsdədir. Heç olmasa, bir dəfə ziyarətimə gəlib, nəvəmi mənə göstərəydilər.
Mən öz həyatımın ən gözəl günlərini, gəncliyimi canımdan artıq sevdiyim övladımın xoşbəxtliyi naminə qurban verdim. Allahın nəzərində bir insanın o biri insanın xoşbəxtliyi naminə canını fəda etməsindən artıq qeyrət yoxdur. Düzdür, qan tökülüb, insan ölüb, amma mənim vicdanım təmizdir.
Yəqin, bu məktubumla sizi lap yordum? Şübhəsiz ki, yazdığım məktubdan aldığınız ilk təəssüratla mən də razılaşa bilərəm. Çünki dəmir barmaqlıqlar arxasından dünyaya boylanan hər bir məhbusun düşüncələri həbsxana otaqları kimi dar və soyuq, çılpaq və maraqsız, hətta cansıxıcı görünə bilər. Bura yolu ilk dəfə düşən hər kəs öz daxilində itirilmiş "Mən"i axtarır. Bəlkə bu məhrumiyyətlər ucbatından buradakı qadınlar sayca mənə çox görünür? Hərdən bütün günahları zamanın, dünyanın, ayrı-ayrı zalımların üstünə yıxan bu məhbusları dinlədikcə adamı dəhşət bürüyür. Onlar bu dar qəfəslərdən qurtulmağı azadlıq hesab edirlər. Azadlığın mücəssəməsi məncə ruhdur... O ruh ki qolların qandallansa da, hər zaman səni sevdiklərinin yanına aparır. Sevdiyin meşənin qoynunda gəzir, sevdiyin dənizə baş vurursan, sevdiyin qadına və ya kişiyə qovuşursan. Otuz il sanki buxovlanmış ruhla gəzirdim. İndi cismim dustaq olsa da, ruhum azaddır.
...Sözün düzü, mən sizdən cismim üçün təmənnasız, qarşılıqsız yaxşılıq gözləyirəm. Məni tanımadan, üzümü belə görmədən edəcəyiniz yaxşılığı ömrüm boyu unutmaycağam və ölüncə özümü sizə borclu biləcəyəm. Ömür vəfa eləsə, bu borcunuzu ödəməyə çalışacağam. Nəyə gücüm çatmasa da qələmimə və ürəyimə gücüm yetər.
Mən sizin kitabınızı oxuduqca, qəribə hisslər keçir ürəyimdən. Sanki daxilimdəkiləri duyub, fikirlərimi qələmə almısınız. Bəlkə də sizi mənə doğmalaşdıran elə budur. Hər gün kitabınızı dərin qibtə hissi ilə yenidən əlimə alıram, ayrı-ayrı səhifələrini təkrar-təkrar oxuyuram. İnsan sona qədər dərk edilməyən bir məxluqdur. Əgər biz özümüzü anlaya bilmiriksə, hansı elmi tədqiqat institutları, akademiyalar bizi ifadə edə bilər? Bu an sizə olan hisslərimə, münasibətimə ad verə bilmirəm. Bu hisslərin dostluq münasibətlərindən, doğmalıq duyğusundan da yuxarı olduğuna əminəm. Hətta bu hissi oğluma, gəlinimə, üzünü görmədiyim körpə nəvəmə olan doğmalıq hissindən də böyük və müqəddəs sanıram...
Cəzalar bizim törətdiyimiz əməllərə görə verilir, insanlıq duyğumuza, sevgimizə, nifrətimizə görə yox! Bura bizim azadlığımızı əlimizdən alıb, insanlığımızı, yaşamaq həvəsimizi, geriyə dönmək istəyimizi yox!
İndi daha özümü o qədər də bədbəxt, köməksiz hiss etmirəm. Çünki Sizə inanıram. Məsləyinizə güvənirəm. Bəlkə də mənim uşaqlıq çağları xəyalımda heyran olduğum, yolunu gözlədiyim cəngavar elə Sizsiniz. Bilirəm, xəyalların verdiyi duyğular heç vaxt adama nəsib olmur. Amma içimdə qəribə bir hiss var. Mənə aydın olmayan bu duyğuya nə ad verim, heç özüm də bilmirəm. Siz qəlbimin başında, ürəyimin taxtı-tacında qərar tutan haqq aşiqisiniz. Ömrüm boyu duaçınız olacağam. Həmişə başınızın üstündə kövrək, həssas bir qəlbin duası olduğunu unutmayın!..
İstər kasıb olsun, istər varlı, istər həbsxana həyatı yaşasın, istərsə tam azad olsun - hər bir insanın ömrü yazılmamış kitabdır. Qoy mənim sizə təqdim etdiyim "Könül dəftəri" əsasında yazacağınız roman dillər əzbəri olsun.
Sizdən, çox sevdiyim bir şeir parçası ilə ayrılıram:



Ümidim, pənahım, sevincim otaq!
Düzürəm uc-uca ömür sapını.
Mən sənə gəlirəm, qırxıncı otaq!
Gəlirəm, döyməyə sirli qapını.

Qırxıncı otağa gedir yol gedən,
Əzir boyunları ağır yük samı.
Hamının yeganə pənahı sənsən,
Səninçün yaşayır dünyada hamı...

Allahın ilanı gözlərində qəm
Can verir, ulduzu uçandan sonra.
Fələk,
məni öldür, uf da demərəm
Qırxıncı otağı açandan sonra!

Orda açılacaq ən sirli düyün,
Orda əriyəcək gilə-gilə qəm.
Oada çalınacaq İarafil züyü -
Əgər ölmüşəmsə, diriləcəyəm.

Bəs əgər qırxıncı çeşməyə girsəm,
Bəs əgər görsəm ki, həmən həməndi,
Təzədən yaşasam qəm ilə sərsəm,
Görsəm daşı soyuq, divarı nəmdi,
Bəs onda nə olsun, qırxıncı çeşmə,
tablarmı bu zülmə qan dolu beynim?
Atın qabağında ət görsəm... heç nə...
İtin qabağında ot görsəm, neynim?

Saralmış yarpaq tək ürəyim qopar
Nadanlıq paxıllıq diridi görsəm.
Qalxar çiyinlərim, belim qırılar
Sənin də tərəzin əyridi görsəm,
Bəs onda nə olsun, qırxıncı otaq?

Didir divarını məftil tikanı,
Sinəndə Arazın dağı var görsəm,
Görsəm ki, içilir kasıbın qanı,
Yurduma göz dikən yağı var görsəm,
Bəs onda nə olsun, qırxıncı otaq?

Ağ at ayağını çidar qanadır,
Görsəm ki, nağıldı ağ atlı oğlan,
Onda boğazıma salaram çatı,
Mən səndən intiqam alaram inan,
İntiqam alaram, qırxıncı otaq!

Daş üstə qoymaram, vallah, daşını
Görsəm yenə boğur köhnə qəm səni.
Soyuq divarına vurub başımı
Qanımı üstünə tökərəm sənin!

Onda qurumazmı dünyanın otu,
Görərsən üstümə min lənət yağdı.
Hamı da bilər ki, o otaq yoxdu,
O otaq qəbirdi, qan ocağıdı!

Ümidim, pənahım, sevincim otaq,
Düyürəm uc-uca ömür sapını.
Mən sənə gəlirəm, qırxıncı otaq,
Gəlirəm döyməyə sirli qapını...

Görüşmək ümidi ilə,
Cahan".

Ü Ç Ü N C Ü H İ S S Ə

...Hədiyyəni, kağız-kuğuzlarını götürüb evə yollandı; payi-piyada. Göyün üzü tutqun idi. Dəniz tərəfdə təkəmseyrək ağ bulud parçaları görünürdü. Yollar həmin yollar idi. Maşınların səs-küyü ilə dolu, sürücüləri əsəbiləşdirən uzun-uzun tıxaclar, amma o, əvvəlki kimi sakit, kəsə yolla evinə gedirdi, təkcə qəlbində dolaşan fikirlər başqaydı. Səhərki fikirləri hara, indikilər hara?!
Bir azdan mənzilə çatıb, kostyumunu çıxaracaqdı, yüngül ev paltarını geyinib əl-üzünü yuyub qurulanacaqdı. Sonra da mətbəxtə keçib özünə yaşıl çay dəmləyəcəkdi, yazı masasının arxasında əyləşib, yaşıl çaydan içə-içə işləyəcəkdi. Başı işə o qədər qarışacaqdı ki, qonşu qadının gəlişindən xəbəri olmayacaqdı, qadın da adəti üzrə mətbəxə keçib, süfrə hazırlayacaqdı, sonra sakitcə qonaq otağına gəlib, ona "Axşamınız xeyir!" - deyib, - "Buyurun, Adil müəllim, süfrə hazırdır! Mənə aid qulluğunuz yoxdursa, gedim?" - soruşacaqdı.
Adil Hüseynli də ayağa qalxıb, qonşu qadına səmimi-qəlbdən: "Çox sağ olun, Əsmər xanım", deyəcəkdi. Yəni gedə bilərsiniz...
Qadın yorğun baxışları ilə ona baxıb, lal-dinməz gedəcəkdi. O baxışlar Adil müəllimə "Sən Allah, evlən", ya da "bircə evlənsəydin, mənim də canım bu vaxtlı-vaxtsız get-gəllərdən qutarardı..." - deyəcəkdi.
...Yolda "Dəftərxana dünyası" dükanına baş çəkdi. Qovluq, ağ kağız alıb yoluna davam elədi. Şübhəsiz ki, Cahan xanımın başına gələn əhvalatlar barədə düşünürdü. "Doğrudan da bu qadının hekayəti yazılmamış kitabdır, bir-iki günə vaxt tapıb, Qadınlar həbsxanasına getmək, ona baş çəkmək lazımdır. Mübariz adam olduğu məktubundan bəllidir. Bizim onunla ruh yaxınlığımız var, amma onun üçün təklik əzabı daha çətindir, çünki oğlu, gəlini, nəvəsi ola-ola, bu əzabı daşımaq çox ağırdı, mütləq ona baş çəkəcəyəm, mütləq..."
Açarları çıxarıb qapını açanda birdən fikirdən ayrıldı. Mənzilin qapısı açıq idi. Ehtiyat açarları qonşu qadına verdiyindən arxayınçılıqla içəri keçdi. İçəridə gördüyü mənzərə onu dəhşətə gətirdi, mənzilin altını üstünə çevirmişdilər. İş otağı kimi istifadə etdiyi qonaq otağının ortasında - əli-qolu iplə bağlanmış qonşu qadının gözləri kəlləsinə çıxmışdı, onun ağzını yapışqanlı kağızla bağlamışdılar. Qoca hakim qadının qollarını açıb, ehtiyatla ağzından yapışqanlı lenti qopartdı.
- Onlar məni aldatdılar... - deyərək qadın qorxu içində sayıqlayırmış kimi dilləndi - su sayğacına baxmaq üçün açarı istədilər. Soruşdum, siz axı, haradan bilirsiniz ki, bu mənzilin açarı məndədir? Dedilər ki, birinci dəfə deyil ki, biz bura gəlirik. Sayğacın rəqəmlərini yazıb gedəcəyik... İçəri keçəndən sonra məni süpürləyib, əl-qolumu bağladılar, otaqda nəsə axtarmağa başladılar.
Bir azdan polis idarəsindən gəlib hadisə yerinə baxış keçirtdilər...
- İndi mənzil qarəti adi hal alıb, oğruların çoxu qonşu ölkələrdən gəlir.
Qapı-qonşusu naməlum adamların su idarəsinin xüsusi geyimində olduğunu bildirdi.
- İndi elə geyimləri tapmaq çətin iş deyil, - deyə polis zabiti dilləndi.
- Yəni deyirsiniz ki, oğru istəsə, lap polis qiyafəsi də geyinə bilər?! - qonşu qadının sualı zabiti çaşdırdı.
- Bilirsiniz, xanım, indi əsas şərt tez-tez dəyişdikləri qiyafədə deyil, bu adamların özlərindədir. Adamlar da yaman dəyişib!
- Necə dəyişib axı? Keçmişin adamlarının da bir ürəyi vardı, iki gözü, iki əl-ayağı... indiki adamların da.
Əsmər arvad qaşqabağını salladı.
"Qırxıncı otağın sirri" kitabının əlyazmasının oğurlanması Adil Hüseynliyə böyük mənəvi zərbə olsa da, o özünü təmkinli aparırdı.
Onu ruhdan salmağa çalışan adamların qorxaqlığı qəlbinə nəsə bir toxtaqlıq verirdi.
...Amma getdikcə o toxtaqlıq hissindən əsər-əlamət qalmadı. İtginin ağırlığından ürəyi sıxılmağa başladı. Üzərində gecə-gündüz çalışdığı əlyazmanın oğurlanması onun üçün elə ölmək, ya da öldürülmək kimi bir şey idi...
- Biz oğrunun tapılması üçün əlimizdən gələni edəcəyik, möhtərəm hakim...
Polislər gedəndə zərərçəkmişlərə çoxdan məlum olan, hər cinayət hadisəsinin tədqiqatına başlanarkən təkrarlanan bu sözləri dedilər.

***

... Səhərə qədər işləyib kitabın əsas yerlərini bərpa etməyə çalışdı. Gerçəkdən də gün var bir aya dəyər... Gündüz saat on ikiyə qalmış qonşu qadının mətbəxdə gəzib-dolaşması onu yuxudan oyatdı. Qadın qoca hakimin xəstə olduğunu düşünüb, sarıkök qatılmış südlü aş bişirmişdi. O, yüngüldən ah çəkərək hələ də təzə kompüterin qarşısında gözlərini ovuşdurub fikrə gedən hakimə baxdı.
- Gözləriniz yaman qızarıb... Allah eləməsin, naxoşlayıb yenə yorğan-döşəyə düşərsiniz axı!..
O, əl-üzünü yuyub qurulandı, qadın hələ də ona baxırdı.
- Bu gün bütün günü evdə oturub işləyəcəyəm, - dedi və nə fikirləşdisə, sınayıcı nəzərlərlə qadını süzüb xəbər aldı: - Əsmər xanım, siz evə girən adamları üzdən görsəniz tanıyarsınız?
Qadın günahkar görkəm aldı:
- Nə bilim vallah, o qədər arıq idilər ki, lap Məşdi İbadın hambalına oxşayırdılar.
Adil Hüseynli öz qəlbində Cahanın hekayətini xatırlaya-xatırlaya fikrə getdi. Qonşu qadın mənzildə səliqə-sahman yarada- yarada elə bil özü-özüylə danışırdı:
- Yaş ötür, ömür gedir, məncə, sizə bu gen-bol evdə könül həmdəmi olan bir halal süd əmmiş qadın gərəkdi...
Ev sahibinin fikri-zikri Cahanı görmək idi. Gözlərinin qarşısında onun surəti canlanmışdı. Yəqin orda, dəmir barmaqlıqlar arxasında əlləri qoynunda bir qadın dərdli-dərdli oturub, fikrə getmişdi.
- Bəlkə gözləri həbsxanada yol çəkir, məktubuna cavab gözləyir? - qeyri-ixtiyari dilləndi.
- Demək, yaxşı tanıdığınız bir həmdəminiz var? - Əsmər arvad hərdən ürəklə, həm də ucadan "qonşu" deyə çağırdığı kişinin onun təklifini eşitdiyinə sevindi.
Adil Hüseynli isə pəncərədən çölə baxıb pıçıldayırdı:
- Məncə, yaşı ötmüş bir kişi ilə ailə quracağı qadının arasında sevgidən, məhəbbətdən qabaq dostluq münasibəti olmalıdır. Mənimsə, hələ ki, belə bir könül dostum yoxdur.
Qonşu qadın heyrətlə:
- Rəhmətliyin oğlu, bu iş-güc başınızı elə qatmışdı ki, dönüb ətrafınıza belə baxmırdız. İndi ki təqaüdə çıxıbsız, bekarsız...
- Nə bekar, canım, iş hələ indən sonradır...
Ayağa qalxıb tavana qədər uzanan kitab dolabına yaxınlaşdı. Qalın cildli kitablardan birini götürüb baxdı. Sonra köhnə maqnitafonun düyməsini basıb "Kor ərəbin mahnısı"na qulaq asmağa başladı.

O bu mahnının vurğunu idi. İllərlə bezmədən onu dinləyirdi...
Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə eşqi-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə şur olaydı, nə mətəm...

Adil Hüseynli dərin fikrə getmişdi.
- "Yəni müəllifin dahiyanə qələmə aldığı bu kəlmələr kor adamın qəlbindən işıq kimi süzülmüşdü nə zamansa... İlahi, görəsən kor o idimi, yoxsa onun yaşadığı zəmanə... Bəlkə öz zəmanəsinin əyər-əskiklərini görüb susan biganə adamlara bu fikirlər kor adamın ədalət dərsi idi:
...Tükəndi təqətü-səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Əsmər arvadsa qəlbində qonşusunu qınaya-qınaya başını buladı:
- "...Mən də sevindim ki, kişi özünə arvad tapıb! O isə yenə bu dərdlə-ələmlə dolu mahnını dinləyir, bəlkə arvadı-uşaqları yadına düşüb?"
Sonra xanəndənin səsi Əsmər arvadı da kövrəltdi.

***

...Ertəsi gün qoca hakim Cahan xanımın "Könül dəftəri"nin surətini çıxarıb Ombudsman Aparatının rəhbəri ilə görüşə yollandı, bu qadını uzun müddət idi ki, tanıyırdı. Hələ tələbəlik illərindən o, qadınların hüquq müdafiəçisi kimi ad qazanmışdı. Ombudsman Adil Hüseynlini diqqətlə dinləyib, onun şəhid ailəsinin başçısı olan bir qadına verilən cəzanın yüngülləşdirilməsinə dair təşəbbüsünü alqışladı.
- Adil müəllim, əmin olun, Cahan Axundovanın adının Novruz bayramı münasibətilə ölkə prezidentinin əfv edəcəyi məhkumların siyahısına salınması üçün əlimdən gələni əsirgəməyəcəyəm...
- Çox sağ olun, inanıram ki, o, əfv olunacaq!
... Elə o gün bu şad xəbəri Cahan xanıma çatdırmaq üçün güllərdən çələng hördürüb, Qadınlar həbsxanasına yollandı.
Qadınlar həbsxanasında Novruz bayramı münasibəti ilə şənlik məclisi qurulmuşdu.
Təzə-təzə estrada ulduzu kimi tanınan, amma ifa etdiyi mahnılardan çox, qalmaqallarla şou-biznes aləminin gündəmindən düşməyən müğənni Mənzər Qarasevda həbsxananın həyətində məhkum qadınlara bayram konserti verirdi. "Bu qadın Cahan xanımın "Könül dəftəri"ndə haqqında bəhs elədiyi həmin qarayanız, böhtançı qadın idi, görəsən, bura gəlməkdə niyyəti nədir? Axı o da Cahanın könlünə acı tikan batıran adamlardan biri idi".
- Dəvət etməyə başqa müğənni tapmadınız? - deyə soruşdu.
Həbsxana rəisi Adil müəllimi tanıyıb, onun da tədbirə qatılmasını xahiş etdi:
- Bilirsiniz, biz onu dəvət etməmişik. Qəfildən özü gəlib, görünür, reklam azarı var. Ancaq mən heç bir çəkilişə icazə vermədim. Dəvət etdiyimiz müğənnilərsə müxtəlif bəhanələr tapıb, hələlik öz konsert proqramlarını təxirə salırlar... Bizim qadınlar özləri gözəl səhnəciklər hazırlayıblar. Sizin gəlişiniz də lap yerinə düşdü. Burda sizi məhkəmə hakimindən daha çox, yazıçı kimi tanıyırlar. Məhbuslar qarşısında beş-on dəqiqəlik çıxışınızın, məncə, böyük tərbiyəvi əhəmiyyəti olar. Bizdə bir oxumuş qadın var - Cahan burda sizin kitabınızın müzakirəsini keçirmək istəyir. Məncə, o şad xəbəri ona, üstüörtülü də olsa, çatdırsaz, əla bayram sürprizi olar...
Müğənninin ayrılıq, sevgi barədə oxuduğu mahnılara qulaq asan qadınların çoxu kövrəlmişdi, ağlayanları da az deyildi.
Adil Hüseynli rəislə bir tərəfdə dayanıb hərdən qadınlara nəzər salırdı. "Cahan yəqin ön cərgədə oturub?" - deyə düşündü. Bir azdan ön cərgədə oturmuş cavan bir qadın səhnəyə çıxıb:



- Biz burda musiqisiz-filansız da kifayət qədər ağlayıb göz yaşı tökürük, siz yaxşı olar ki, şən və oynaq mahnılar oxuyasız, biz də oynayıb rəqs edək, şənlənək, - dedi.
...Sonra rəisin işarəsi ilə müğənni qadın proqramı yekunlaşdırdı:
- Di salamat qalın! Mən sizin hamınızı sevirəm, Allah bağlı qapınızı açsın! Qismət olsa, hər bayramda gəlib burda sizə konsert verəcəyəm: Qurban Bayramı, Qadınlar Bayramı, Yeni ildə... bura gələcəyimə söz verirəm. Hamınız yaxşı bilirsiniz ki, mən şou dünyasında sensasiyalı açıqlamalarımla məşhuram. Odur ki sizə ən xoş arzularımı deməklə yanaşı, həm də bir şok açıqlama verəcəyəm. Çox təəssüf ki, həbsxana rəisi televiziyadan dəvət etdiyim operatorları içəri qoymadı, bəlkə də doğmalarınız sizi televizorda görüb, toxtaqlıq tapardılar!
Qadınların etiraz dolu səsi külək kimi vıyıldayıb keçdi.
Mənzər Qarasevda sözünə davam etdi:
- Amma bu mənim sizə söyləmək istədiklərimin hamısı deyil. Baxın, yaxşı-yaxşı baxın, aranızda mənim çox abırlı, çox imkanlı sponsorumu qətlə yetirən bir qadın əyləşib. Üz-gözündən lap mələyə oxşayır. Əgər o mənim sponsorumu öldürməsəydi, bu il Yevrovijn müsabiqəsində ölkəmizi təmsil edən ilk müğənni mən olacaqdım...
Bu zaman üçüncü sırada əyləşən Cahan dik ayağa qalxıb, uzaqlaşmaq istəyəndə rəis onu saxladı və müğənni qadına tərəf baxıb başını buladı... Yəni "Buna gərək yox idi... Daha bəsdir!".
Amma müğənni dil qəfəsə qoymurdu, az qala bağırırdı:
- Baxın, mənim kliplərimin çəkilişinə kömək edən, dünya şöhrətli böyük bir alimi - akademik Aşur Qaraxanlını qətlə yetirən həmən bu qadındır. Onu da deyim ki, bu qadın bir zamanlar mənim nişanlımı da əlimdən almağa çalışırdı...
Bu zaman rəis mikrofonu ondan alıb, hamını sakitləşdirdi:
- Sakit olun, inanın, bu sözləri Mənzər xanım şou xatirinə deyir, özü də etiraf etdi ki, onu populyarlaşdıran belə dedi-qodulardı. Ona görə də mən bu gün onun özüylə gətirdiyi qəzetçiləri, televiziya əməkdaşlarını içəriyə qoymadım. İndi sizin qarşınızda bu gün müzakirəsini keçirəcəyimiz romanın müəllifi Adil müəllim çıxış edəcək. Xahiş edirəm, ona təkcə məhkum qadınlar deyil, əgər hövsələsi olsaydı, həm də Mənzər xanım da diqqətlə qulaq asardı...
Hamı əl çaldı. Sanki qəzəbdən don geymiş Mənzər kötək yemiş it kimi zingildəyib "səhnənin" kənarına çəkildi. Adil müəllim əllərində tutduğu gül çələngiylə mikrofona yaxınlaşıb dedi:
- Düzü, mən bura gələndə belə bir mənzərə ilə üzləşəcəyimi heç xəyalıma gətirmirdim. Bizdə deyirlər ki, yanlış da bir naxışdı. Ona görə çıxışımın sonunda deyəcəyim bir şad xəbəri əvvəlcədən bildərməyə məcbur oldum. Deyirlər hər bir insan dünyaya gələndə ulu Tanrı onun ömür payını da verir. Amma zaman, şərait ömür adlı o gözəl nemətə bəzən zəhər qatır, insanı ağlagəlməz faciələr, dəhşətlər burulğanına salır. İşıqlı günlərini qaranlığa bürüyür. Allah fədakar insanları iztirabla, ağrılarla, itkilərlə sınağa çəkir, kamilləşdirir və son anda səbrinə, təmkininə görə müjdə verir. Hər şeyə tez və asan nail olan adamlarsa çox insani dəyərlərdən məhrum olurlar. Əsl məhkumluq həyatı da elə budur: kor-koranə risk edib, bayağı ehtirasların əsiri olmaq! İnsanın daxilində qərar tutan vəhşi, qarşısıalınmaz hərislik hissi faciələr törətməkdən sığortalanmayıb. Cahan xanımın qətlə yetirdiyi adam, əslində özü öz faciəsinin səbəbkarı olmuşdur. Və burada Mənzər xanımın dediyi dırnaqarası nişanlı məsələsi də onun tərəfindən uydurulmuşdur. Bu cinayət faktı çox səthi araşdırıldığına görə, bu günlərdə ona yenidən baxılacaqdır. Bilirsiniz ki, Cahan xanımın həyat yoldaşı Allahın vətənimizə cənnət guşəsi kimi bəxş elədiyi doğma Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşlərdə həlak olub. Təbii ki, bu da nəzərə alınacaq. Və üzümü Cahan xanıma tutub demək istəyirəm, bu gün-sabah sizin həsrətlə gözlədiyiniz qırxıncı otağın tilsimi sınacaq. Həyatda o qadın xoşbəxtdir ki, həm analıq, həm də qadınlıq şərəfini uca tutur. Bir az da səbir et. Hələlik isə həbsxana rəhbərliyi sənin yerini dəyişib, burada ibadətlə məşğul olan qadınların binasına göndərəcək... Qoy bu ətirli gül çələngi həyatı həyat kimi yaşamaq istəyinizə bahar təravəti qatsın...
Cahan tərəddüd edə-edə səhnəyə qalxdı...
- Ən böyük cəza ... unutmaqdı deyirlər.
Məhbus qadınlar sanki onu yenidən görürmüş kimi əl çaldılar.
Hamı Mənzər Qarasevdaya həqarətlə baxıb, onu hoydu-hoyduya götürdü.
- Bu əhvalat real hadisədən çox, bu vaxtacan eşitdiyim ən yaxşı nağıllara bənzəyir, - Cahan ikilikdə qonaq otağında söhbət edərkən Adil Hüseynliyə necə təşəkkür edəcəyini bilmidi.
- Mən də uşaq vaxtı sənin kimi nağılbaz idim... Danış, görüm, burda mənim bilmədiyim daha hansı xoşagəlməz hadisələr olur?
- Elə bil burda heç olmamışam, ruhum həmişə azadlıqda-sevdiyim insanların yanında olub!
- Sevdiyin insanların yanında!

***

...Həbsxanadan qayıdandan sonra, axşamüstü Adil müəllim Cahan xanımın evinə gedib, Talehlə də ətraflı söhbət etdi...
O, bütün gücünü toplayıb Talehi anasının ziyarətinə getməyə razı saldı.
İş bununla bitmirdi. Qoca hakimin şəxsi həyatında sözlə ifadə edilə bilməyən gərginlik yaranmışdı: dünənə qədər o, yalnız təqaüdə çıxmaq barədə düşünürdü. Bir tərəfdən də nəşrə hazırladığı yeni kitabına topladığı sənədli materiallar mənzilindən oğurlanmışdı.
"Qırxıncı otağın sirri" onu çox məşğul eləmişdi.
- "Gördünüz, sizə deyirdim axı, indi modern texnika əsridir...", - qulaqlarına Şahinin ironiyalı səsi gəldi.
"Bax, bu fikrində Şahin Verdiyev haqlıymış: əgər vaxtında kompüterdə yaza bilsəydim, heç olmazsa, kitabımda istifadə etdiyim materialların surəti qalardı. Bəlkə onda...
Birdən Adil Hüseynlinin ağlına qəribə fikir gəldi. Son söhbətlərində Şahinə deyəsən axı "Qırxıncı otağın sirri" adlı kitab üzərində işlədiyini söyləmişdi.
Əlyazmanın oğurlanmasının Şahinlə əlaqəsi ola bilərdimi? Ötən gecə, saatlarla düşünsə də bu fikir ağlının ucundan belə keçməmişdi. Görəsən, niyə? Bəlkə düşünmüşdü ki, atalı-analı "bəxtəvər" dediyi bu adam ana uşağıdır, məgər onu şəxsi biznesdən - alverdən savayı bir şey maraqlandırırmı? Qəribədir, həmişə "anam belə dedi", "anam elə etdi" deyən bu cavan oğlan niyə atası barədə heç nə danışmır?
Bəs görəsən Şahinin yanına tez-tez gəlib gedən o qadın kimdir?
- "Mənə elə gəlir ki, onu hardasa görmüşəm? Demək nağıllar içində bir nağıl da var: bu nağılın adı hələlik qoy "Qara Şahinlə naməlum qadının nağılı" olsun!"
Bəlkə də qırxıncı otağın tilsimi elə o naməlum qadınla bağlıdır?
... "Qırxıncı otağın tilsimi sınacaq". Bu fikri qəlbinə hakim olmuşdu, heç cür unuda bilmirdi. Həm də Cahanla elədiyi söhbətin təsiri altındaydı. Qoca hakim yaxşı bilirdi ki, içindən ötüb keçdiyi zaman geriyə dönüşü olamayan uzun yol kimidi. Hər addım bir maneə, hər maneə isə qara divlə döyüşmək qüdrəti tələb edirdi adamdan.
Dünya elə bil düşmən qapısıymış; döydüyün hər qapıdan bir div boylanır, biri sənə soyuq baxır, əsnəyə-əsnəyə başından eləyir, biri yalanlarıyla ömrünü-gününü gəmirir, başqa biri nərə çəkib qeyzlənir, hədə-qorxu gəlir...
"Hər şey yaxşı olacaq...", "Haqq-ədalət gec-tez öz yerini tapacaq!" Kiminə bu, çoxdanın - lap əsrlərdən, qərinələrdən qalma çeynənmiş sözlər kimi görünürdü, kiminə adi təsəlliydi, kimi də sadəcə vərdiş eləmişdi, asqıranda deyilən "sağlam ol" kəlməsi, xəstələnəndə "Allah şəfa versin" duası kimi. Hüquq fakültəsini başa vurandan sonra, yəni qırx ildir ki, o da bu sözlərə inanırdı, özü də deyirdi, hətta dediyinə, inandığına şahid də olurdu.
O gün az qala həbsxanadan it kimi qovulmuş müğənni Mənzər Qarasevdanın rəfiqəsi Qadın Hüququ Mərkəzinin rəhbəri Aypara Kamalzadə Adil Hüseynliyə zəng edib həbsxanada Cahan xanım barədə dediyi sözlərə görə onu qınadı:
- Mən var qüvvəmlə çalışacağam ki, akademik Qaraxanlının qatili olan o qadının cinayət işinə yenidən baxılmasın... Lazım gəlsə lap Avropa Şurasınacan gedəcəyəm.
- Məncə, sizi Qadın Hüququ Mərkəzinin rəhbəri kimi daha çox Cahan Axundovanın taleyi düşündürməlidir.
- Mən onların hər ikisini sizdən yaxşı tanıyıram.
- Buna görə Qaraxanlıya həsr etdiyiniz monoqrafiyada bir çox nüansları unudubsunuz?
- Nə demək istəyirsiz? Bir-iki qondarma kitab yazıb yoxsa dahi olduğunuzu zənn edirsiz?
- Hər halda elmdən çox mafiyaya xidmət edən Qaraxanlı barədə yazmağın nə qədər məsuliyyətli iş olduğunu bilirəm...
- Qulaq asın, Adil müəllim, sizə nə lazımdır? - telefonun o başındakı zəhmli səs mülayimləşdi.
Fikirlər oxundan çıxan yay kimi hədəfə doğru uçurdu.
- Haqqın-ədalətin təntənəsi!..
Aypara xanım "Lənət sənə kor şeytan" deyib dəstəyi asdı.
İki saatdan sonra ona naməlum cavan bir qadın zəng eləyib:
- Sizə qəbrinizin üstündə yasin oxumaq üçün molla lazımdır?
- ... Sən kimsən, qadın mollasısan?
- Məgər siz kişisiniz? Şahin sizin nəvəniz yerindədir. Kişi olan şəxs özündən uşağa pislik etməz!
Birdən onun beyninə elə bil çəkiclə vurdular:
- Kişi olan şəxs öz ailəsinin ölümünə bais olmazdı!
Dəstəyi telefonun üstünə qoydu.
Başını əlləri arasına alıb fikrə getdi.
- Mən onların həyatını necə xilas edə bilərdim, ilahi?

***

...Səhər erkən gənc hakim Şahin Verdiyev onu "vacib işdən ötrü" xahiş-minnətlə öz otağına dəvət etdi. Adil Hüseynli yolboyu düşündü ki, bəlkə bir bəhanə tapıb Şahinlə görüşməsin. Axı bu "vacib işin" nə olduğunu bilirdi. "Heç belə də iş olar? Qırxıncı otağı görmədən "Qırxıncı otağın sirri" adlı kitab yazırsan. Sonra kitab çap olunmamış adını qırxıncı otağın sahibinə söyləyirsən! Demək sayıqlığı əldən vermisən, Adil Hüseynli!".
"Kor ərəbin mahnısı"nı xatırladı. "Bəs o kor öz zəmanəsini görmədən, eşqdən, aşiqdən, haqdan, ədalətdən necə müfəssəl söhbət açırdı?
Bəlkə o kor adamın ruhunun gözləri açıq olub? Gözləri görən adam əgər qaranlıqda nə baş verdiyini dərk etmirsə, ruhunun gözləri kordur...
Demək, işıqlı-yaraşıqlı qırxıncı otağı görmədən də orda nə baş verdiyini təsvir etmək olar. Amma... Yox, axı niyə mən "atalı-analı bəxtəvər" dediyim Şahin Verdiyevi bu qədər şişirdirəm? Düzü, indiyənəcən nə atasını, nə də anasını tanıyıram. Hər bir ata-ana kimi onlar da öz övladlarının xoşbəxtliyi üçün çalışırlar. Amma bir valideyn kimi bilməlidirlər ki, Şahin bəlkə başqa sahədə onlara da, özünə də daha çox fayda verə bilər, məhkəmə sistemində isə cəmiyyətə ziyan vurur. Belə getsə, günahkarlar azadlıqda gəzəcək, günahsızlar isə türmələrdə çürüyəcəklər..."
Fikir içində qırxıncı otağa daxil olanda mat qaldı. Bura məhkəmə hakiminin kabinetindən çox incəsənət muzeyinin bir salonunu xatırladırdı. İstirahət yeri kimi nəzərdə tutulub təmir olunan yan otaqda hələ də iş gedirdi. Ara-sıra taqqa-tuq səsi eşidilirdi. Kabinetin küncündə qaya üstə Qara Şahin quşunun heykəli qoyulmuşdu.
"Qara Şahin?!" Deyəsən axı, bu barədə Cahan öz məktubunda - "Könül dəftəri"ndə nəsə yazmışdı. "Hə, o məktubda hadisənin baş verdiyi yerdə, yəni Qaraxanlının villasında belə bir heykəlin olduğundan bəhs olunur. Əgər bu, həmin heykəldirsə, onda burada nə gəzir?"
Qırxıncı otaqda Adil Hüseynlini ən çox təəccübləndirən şey dünən ona zəng edən, Qadın Hüququ Mərkəzinin rəhbəri Aypara xanımın ölkənin və dünyanın tanınmış adamları ilə çəkilmiş rəngli şəkillərinin divarları bəzəməsi, kitab dolabının, yazı masasının üstündə qoyulması idi. Burda, rus estradasının ulduzu Alla Puqaçovadan tutmuş gənc nəslin sevdiyi müğənni Mənzər Qarasevdayacan, birlikdə çəkdirdiyi foto-şəkilləri görəndə, fikrə getdi. Cahanın "Könül dəftəri"ndə yazdıqlarını təkrar-təkrar xatırladı.
"...Mənə son söz vermədən azadlıqdan məhrum edən soyadı Verdiyev olan cavan hakim də, görünür, körpəliyində ana südü əmməyib, kim bilir, bəlkə anasının döşlərində süd olmayıb. Ya da valideynləri onu uşaq evindən övladlığa götürüblər. Ən doğrusunu Allah bilir!"
İndi doğrusunu o da bilirdi. Cahan bilsə ki, onu azadlıqdan məhrum edən Aypara Kamalzadənin oğludur, Allah bilir, nə hala düşəcək. "Hə, düzdür, ona - Şahinə anası nərmənazik fiqurası pozulmasın deyə döşündən bir damcı da süd verməmişdi... Amma bir şeydə yanılırsan, Cahan, məncə, orda-burda böyüyüb ata-ana tərbiyəsi görməyənlər belə Şahin qədər rəhmsiz ola bilməzlər!"
Şahin üzünə təbəssüm verməyə çalışıb dilləndi:
- Məncə, sizə demişdim, o, mənim anamdır, Qadın hüquqları ilə məşğul olan özəl mərkəzin rəhbəridir.
Adil Hüseynli könülsüz dilləndi:
- Hə, xatırlayıram, cavan oğlan, qohum-əqrəbalarınızın yüksək postlarda işlədiyini demişdiniz, amma Aypara xanımın ananız olduğunu bilmirdim. Söhbətimizin nədən gedəcəyi artıq mənə məlumdur...
- Tam belə düşünmək də olmaz, eşitmişəm ki, otağımı təmir eləyən usta ilə maraqlanmızınız?
- Doğrudur, buranın tarixindən xəbərdar olduğuna görə onunla söhbət edəcəkdim... Bir də fiziki cəhətdən zəif olan o adam üçün yüngül bir iş tapmaq fikrinə düşmüşdüm.
- Çox təəssüf ki, siz onunla nə tarixi mövzuda, nə də iş mövzusunda söhbət edə bilməyəcəksiniz, çünki bu gün o, qonşuluqda tikilən göydələndən yıxılıb ölüb... - Şahin Verdiyev bu xəbəri o qədər biganə söylədi ki, elə bil göydələndən insan yox, kərpic, ya da sement vannası düşmüşdü:
Adil Hüseynli eşitdiyi xəbərdən həyəcanlanmışdı:
- Yazıq, Allah rəhmət eləsin...



Şahin özünü şax tutub ayaq üstə durmuşdu, amma narahat idi.
- Adamlar bir parça çörək üçün özlərini oda-közə atırlar. Burada az qazanmırdı, gedib xəstə-xəstə əlavə iş götürübmüş. Hə, belə yerdə deyiblər ki, artıq tamah daş yarar, daş da qayıdıb baş yarar...
Adil Hüseynli onun daş qəlbliliyinə heyrət etdi:
- Bu cür bəsit nəticə çıxarmaq asandır. Şəhərdə göydələnlər göbələk kimi artdıqca, tikintidə baş verən bədbəxt hadisələrin də sayı çoxalır... Özü də şirkət sahiblərinin çoxu fəhlələrlə əmək müqaviləsi bağlamırlar... - sonra qoca hakim özünü ələ alıb, sakit görünməyə çalışdı, nə fikirləşdisə: - Mənim vacib işlərim var... - deyib qol saatına baxdı. Şahin Verdiyev ona:
- Nə isə, Adil müəllim, axı mənim sizinlə çox vacib söhbətim var. Böyük şəhərdi də ölüm-itim olacaq, təbii inkişafdı da. Yox, yox, getməyə tələsməyin, sizi bura mən dəvət etmişəm, mən də yola salacağam. Xahiş edirəm, bu işdən vaz keçəsininz, Aşur Qaraxanlını öldürən o qadın məsələsi... bilirsiniz, mənim gələcək karyerama bu işə yenidən baxmaq çox böyük zərbə vura bilər.
Adil Hüseynli cibindən kəhrəba təsbehini çıxarıb sağa-sola çevirdi:
- Qırx illik təcrübəmdə çox haqsızlıqlara rast gəlmişəm. Beləsini isə görməmişəm. Ona görə bu işə yenidən baxılmasına inanmağım gəlmir. Bir də axı, sən özün mənə təqaüdə çıxanda vəkil kimi fəaliyyət göstərməyi məsləhət bilmişdin. Qoy, bu da mənim vəkil kimi ilk işim olsun!
- Sizə nə qədər pul lazımdı? Bu dəqiqə verim, istəsəniz, təzə tikilən binalardan mənzil də bağışlaram. Üstəlik anam-atam sizi evimizə dəvət edir. Bütün qohum-əqrəbamız narahatdır.
Qoca hakim sakit danışsa da, daxilindəki hirsi boğa bilmədi:
- Axı, bu məmləkət yalnız sənin ailən və qohumlarından ibarət deyil, cavan oğlan. Məgər o qadının ailəsi, qohumları yoxdur. Başa düşmürəm, Prezidentin əfv edəcəyi bir qadın sizi niyə bu qədər qorxudur?
- Siz sakit olun, Adil müəllim, amandır, mənim dörd-beş ildən sonrakı Ədliyyə karyeramı korlamayın!
"Sən bir bunun iştahasına bax! Gör ha, karyeradan dəm vurur..."
Şahin də "Bu adam mənim yoluma hardan çıxdı? Bu kötüyü kökündən çıxarıb, bir kənara atmaq lazımdır, vaxt itirmək əbəsdir. Tərsliyindən bir cüt balasını qurban vermədimi? " - deyə düşündü. Dedi:
- Deməli, xoşluqla bu yalançı dedektivçi rolunu oynamaqdan əl çəkmək niyyətiniz yoxdu?
- Yalançı detektiv? - Qoca hakimin üzünə yayılan təbəssüm müsahibini çaşdırdı. O, bir də "Detektiv nağıl?" - deyə təkrar soruşub başını buladı, - dünən bu sözü anan da dedi, mən heç vaxt bu janrda kitab yazmamışam. Sən isə cavan oğlan, innən belə mənim evimdən oğurlatdığın qovluğumu qaytarsan da xeyri yoxdu...
Onun üzündə çaşqınlıq ifadə edən süni bir heyrət göründü:
- Nə qovluq, hansı qovluq, mən təzə evinizin harada olduğunu belə bilmirəm.
- Bilmirəm, axı "Qırxıncı otağın sirri" adlı kitabım səni niyə bu qədər narahat edir? Əslində mən nə səni, nə də sənin kabinetini düşünərək o adı deməmişdim. Amma elə bura gəlməklə bir daha şahid oldum ki, doğurdan da sənin oturduğun bu qırxıncı otağın da sirri varmış... Necə deyərlər, mövzu gəlib özü məni tapdı. De görüm, sən mənim evimin təzə, ya köhnə olduğunu hardan bilirsən?..
Şahin başını aşağı salıb, mızıldandı:
- İnanın, sizin qovluğunuz məndə deyil.
- Bilirəm səndə deyil, bala, necə deyərlər, səni himayə edən adamdadı... Elə bu qara şahin quşunun heykəlini hardan gətirtdiyini də yaxşı bilirəm, - deyə təsbeh çevirə-çevirə əlini quş heykəlinə sarı uzatdı: - İstəyirsən sənə himayədarlıq edən qadının hansı yuvanın quşu olduğunu da deyim... Hə, hə... səni himayə edən qadını deyirəm.
- Yoxsa, siz mənim anamı nəzərdə tutursunuz?
Adil Hüseynlinin ona yazığı gəlirmiş kimi başını buladı:
- Hərçənd onun da günahı az deyil. Amma mən o qadın "mollası"nı deyirəm. Bəla burasındadır ki, xaricdən idarə olunan mafiya öz adamlarını hüquq- mühafizə orqanlarına yerləşdirir ki, bəd ayaqda onların cinayətlərini ört-basdır eləsin... Bu üzdən də bəzən haqq-ədalət öz yerini tapanacan daş daşdan ayrılır, iş işdən keçir...
Şahin Verdiyevin dili topuq vurdu:
- Ona görə də mən sizə təklif edirəm ki...
Adil Hüseynli ayağa qalxıb, onun sözünü kəsdi:
- Dayan, arifə bir işarə də bəsdi, bala, özünü nahaq yerə yorma! Qoca öküzü öldürmək olar, öyrətmək olmaz. Əvvəllər çətin işə girişəndə, mənə "Allah köməyin olsun!" deyərdilər. İndisə, ya ölümlə hədələyirlər, ya da şeytana xas kömək təklif eləyirlər. Pis dostluq yaxşı əxlaqı pozar. Bu da elə "Şeytan köməyin olsun!" deməkdi... Eh, cavan oğlan, mən öz ailəmi - oğlumu, qızımı, həyat yoldaşımı metroda baş verən o terror hadisəsində itirəndən sonra, bu zalım dünyada yaşamaqdan belə usanmışam. Yurdum düşmən tapdağında, qəlbim dost qınağında, ailəm o biri dünyada... Mənim kimi bir adamı adı Şahin, atasının adı Xanverdi, familiyası Verdiyev olan gənc bir "alim" pulla təslim edə biləcəyini gərək ağlına belə gətirməsin! Səncə, kim güclüdürsə, o da haqlıdır. Sən hələ də əminsən ki, haqq-ədalət həmişə cibində pul olandadır?!.
Şahin çaşqınlıqdan nə deyəcəyini bilmirdi. Düşünürdü ki, indi bu kişini hədələməyin, bəlkə də ağır sözlərlə təhqir etməyin məqamı çatıb! Amma qorxurdu ki, "cındır" deyə təhqir edəcəyi qoca buradaca infarkt keçirsin.
- Boş təkəbbür ucbatından ailəsinə əziyyət vermək sizcə haqq-ədalətdirmi?
Qocanın qəlbinə elə bil od vurdu.
- Bəsdir! - deyə qışqırdı. Sonra nə fikirləşdisə, səsinin tonunu azaltdı, - sən yenə də o bədbəxt hadisədə məni suçlayırsan. Elə bilirsən ki, mənə bunu xatırlatmaqla vicdan əzabı verirsən. Qoy sən deyən olsun, ailəmi öz təqsirim üzündən itirmişəm. Buna görə bəzən vicdan əzabı da çəkirəm. O vaxt maşın üçün pul hazırlamışdım. Oğlum sürücülük vəsiqəsini bir-iki günə alacaqdı. Metroda o hadisə baş verdi. Maşın üçün yığdığım o pullar məzar daşlarına sərf olundu.
Şahin onun yumşaldığını zənn edib, içində rahatlıq duydu. Stəkana su töküb qocanın qarşısına qoydu. Qoca stəkanı götürüb dodaqlarına yaxınlaşdırdı, amma birdən nə düşündüsə onu stolun üstünə qoyub, başını buladı:
- Bəs o hadisədə digər ölənlər insan deyildi? Yoxsa, o terror zamanı ölən bütün insanları maşını olmadığına görə qınayırsan! Bəlkə avtobusla gedib-gələnin sənin nəzərində heç biri insan deyil? Qəlbində zərrə qədər o insanlara mərhəmət hissi olmayan alimə bax! Axı sən də, doğmaların da o qatarda ola bilərdi. Eh, Şahin, Şahin! Əgər haqqı sevirsənsə, gəl haqdan danışaq! Qulaq as, oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər, bala.
Söhbətin bu yerində birdən elə bil otaqda zəlzələ baş verdi, Avropa interyeri ilə göz oxşayan təzə yan divar durduğu yerdəcə uçub töküldü. Divarın bu sayaq uçmağını yalnız möcüzə adlandırmaq olardı. Yuxarı mərtəbənin köhnə divarı aşmışdı. Binanın qədim-qayım divarı çəkici, baltanı əvəz edən yeni texnologiyanın əcaib səs-küyünə sanki qiyam etmişdi, içini çölə çıxartmışdı.Toz-duman qırxıncı otağı bürüyəndə Adil Hüseynlinin yuxarı mərtəbənin divarlarının oyuğundakı rəflərdən, ayağının altına tökülən köhnə qovluqların çürük ipləri qopmuş, məhkəmə işlərinə aid saralmış vərəqlər ora-bura səpələnmişdi. Vərəqlərdən bir topası qoca hakimin əlində idi. O, tozdan boğula-boğula öskürür, vərəqləri az qala gözünə təpirmiş kimi oxuyurdu. Və sanki ikinci, daha ağır bir divar üçub bu dəfə onun başına tökülürdü...
- Bu nədir? Sibirə sürgün olunanların siyahısı?.. Xalq hakimi Qaraxan Şubayev... Dayan, dayan, axı bu adı o gün mənə burda bir nəfər söyləmişdi...
O gün dəhlizdə siqaret aldığı cavan adamın söhbətini xatırladı: "Ustalardan biri savad yiyəsidir. Zalım oğlu, danışanda ağzından dür tökülür..."
Sonra atasını uzaq Sibirə aparan qatarın fit səsi gəldi qulağına... Metroda ailəsini ölüm stansiyasına aparan qatarda bir vaqon insan meyiti gözlərinin önündə canlandı. Çığırtı, bağırtı səsi qəlbini qasırğa kimi çulğaladı, bir an kövrəlib göz yaşlarını saxlaya bilmədi. Nəhayət, özünü ələ aldı:
- Vay, vay, vay, - deyə qoca hakim dilləndi, - demə qırxıncı otaqda təzə divarın söykəndiyi bu köhnə divar özündə daha böyük sirlər saxlayırmış...
Şahinin qolu-qanadı sanki sınmışdı, rəngi qaçmışdı, gözlərində qəmgin bir ifadə vardı. Ümidsiz bir səslə mızıldayırdı:
- Mən... burda nə yazıldığını belə oxuya bilmirəm...
"Sən də elə Qaraxanlının bir parçasısan!" - fikri dilinin ucunacan gəlsə də, Adil Hüseynli bu günəcən xərclədiyi pulların göyə sovrulmasına heyifsilənən gənc həmkarına sanki təsəlli verirmiş kimi pıçıldadı:
- Bu hadisə ilahi ədalətin bir nişanəsidir, bala! Bu dünyada ilahi ədalət deyilən bir gerçəyin olduğuna heç vaxt şəkk etmə!
Şahinin dişi bağırsağını kəsirdi, imkanı olsaydı, elə bu an, burdaca nifrət etdiyi Adil Hüseynlinin qanını içərdi.

***

...Həbsxanada - təzə təmir olunmuş oxu zalında televizora baxan qadınlar qəfildən bir-birinə dəydi, gurultu qopdu. Hamı sevinc içində Cahana gözaydınlığı verirdi. Silotkə isə durub diringi çalıb bir xeyli oynadı. Arxadan kimsə başmağını çıxarıb ona tərəf tulladı:
- Sakit olun, ağəz, bir baxaq görək, bu biri silotkə nə deyir.
... Axşam bütün telekanallar bir-bir köhnə məhkəmə binasında qəfildən peyda olan qırxıncı otağın sirrini aləmə faş edirdi:
- Sən demə, Cahan Axundovanın ailə namusunu qorumaq naminə qətlə yetirdiyi akademik Qaraxanlı elə Adil Hüseynlinin müharibə veteranı olan atasını "pantürkist" damğası ilə xalq düşməni kimi Sibirə göndərən, repressiya illərində Ali məhkəmə kollegiyasının üzvü olmuş Qaraxan Şubayevin oğlu imiş...
- Bəli, doğru söyləmişlər: "Dünyada hansı daşdan hörülürsə hörülsün, elə bir möhkəm divar tapılmaz ki, insan iradəsinin və fikrinin qarşısını alsın!", - braziliyalı yazıçı Jorji Amadunun bu məşhur kəlamını yada salan arıq telerepartyor göydələnlərin əhatəsindəki köhnə divarları uçan "Ədalət Sarayı"nın qarşısında dayansa da, xəyalən keçmişə "qayıtmışdı".
Bu çəlimsiz repartyor iti sürətlə danışırdı, ekranda isə Stalinin ölümündən sonrakı dövrün xronikası göstərilirdi...
...Adil Hüseynli evində televizora baxa-baxa Cahanı düşünürdü. "Görəsən, baxırmı? Baxsa, xeyli xoşbəxt olacaq, sevincək..."
...Cahanın oğlu Taleh ilə gəlini Nərgiz az qala televizorun içinə girmək istəyirdilər. Balaca Şahmar təkərli beşiyində mışıl-mışıl yatmışdı.
- İlk gündən Mir Mövsüm ağanın ocağına nəzir demişdim, Allaha çox şükür, nəzir-nyazım qəbul olundu, - Nərgiz pıçıldadı.
Taleh nəvazişlə onun əllərini ovcuna alıb, yanağından öpdü:
- Əgər Adil müəllim olmasaydı, ömrüm boyu anamın yanında xəcalətli qalacaqdım.
Ölkənin televiziya kanalları akademik Qaraxanlının şəhərətrafı villalarını, xarici markalı maşınlarını göstərib, ona milyonlarla qazanc gətirən "Qara XAN" holdinqin törətdiyi iqtisadi cinayətləri sadalayırdı.
- Bu cür iblis elm aləminə necə soxulubmuş?
- Ağzında iblis deyirsən. Görəsən, yer üzündə Qaraxanlı kimi nə qədər fırıldaqçı adam ədalət məhkəməsindən gizlənir?
- Bəs Qaraxanlının varisi kimdir? Holdinqin işinə kim başçılıq edir?
- Qaraxanlı barədə ən qorxunc fakt onun xarici ölkələrdəki terrorçu dəstələrə dəstək verən mafioz qüvvələrlə əlaqəsidi...

***

... Cahan Axundova günəşli yaz günü sevincək və qüssəli duyğular içində həbsxana həyatıyla vidalaşdı. Əlbəttə, birbaşa evinə gəldi, nəvəsini qucağına alıb, oğlu və gəlini ilə birlikdə Şəhidlər Xiyabanına yollandı. Vətən uğrunda həlak olmuş Şahmarın məzarını ziyarət edib qəbrin üstünə gül qoydu.
Nərgiz qayınanasına kömək edə-edə dilləndi:
- Qəbri nurla dolsun...
Xiyabanda böyük zövqlə görülən abadlıq işləri əbədi qəhrəmanların xatirəsinə göstərilən ehtiramı ifadə edir, qürur doğururdu. Burdan baxanda dənizin sahilinə sığınan şəhər elə bil ovuc içindəydi. Uca göydələnlər bostan içindəki uzunboğaz qarğıdalılar kimi görünürdü.
Cahan özünün də anlamadığı düşüncələrə dalaraq əlini nəvəsinin körpə çiyninə qoyub dedi:
- Balama nənəsi gözəl nağıllar danışacaq... çoxlu-çoxlu nağıllar... - sonra üzünü gəlininə tutub: - Bilirsən, Nərgiz, məncə bu dünyada zalım adamların əksəriyyəti uşaq vaxtı nağıl eşitməyən, nağıl oxumayan, nağıl dünyasından uzaq olan adamlardı, -dedi, - nağıllar, əfsanələr yaddaşı ölməyə qoymur, adamı çarəsiz anlarda yaşadan ümid işığı olur.
- Əslində hər bir şeyin yaxşı-pis cəhəti var, nağılların da... Uşağa elə nağıl danışarsan ki, qorxağın biri olar.
- Allahın adı haqqı, Nərgiz, həbsxanada bəzən susuzluqdan dodaqlarım quruyanda nənəmin nağıllarındakı duru çeşməli bulaq gəlib gözlərimin önündə dururdu. Mən hansısa şəlalənin, ya da çayın səsini eşidirdim, elə bil, susuzluğum keçib gedirdi.
- O vaxt, ana, qəzet yazmışdı ki, on biri sentyabrda Amerikada əkiz binaları terrorçular partladarkən, Corc Buş məktəbdə uşaqların arasındaymış, onlara keçinin nağılını oxuyurmuş...
...Taleh onlara qulaq asa-asa dənizə baxırdı. İxtisasca neft mühəndisi idi.
Hə, həqiqətən də o, anasından dəniz haqqında o qədər maraqlı əfsanələr eşitmişdi ki... Nədənsə indiyə qədər fərqinə varmamışdı...
- Ana, bəlkə biz onu qonaq dəvət edək? - deyə Tale qəfildən dilləndi.
Taleh bu sözləri deyəndə Cahan xanım da qırxıncı otağın tilsimini qırıb, ailəsini ona qaytaran Adil Hüseynli barədə düşünürdü.
- Niyə də çağırmayaq? - Nərgiz söhbətin kimdən getdiyinə əmin olub, - Adil müəllimi evə də dəvət edə bilərik, lap restorana da... Ona hər şey halaldı...
- Baxarıq, əzizlərim. Bu gün o mənə evinin yaxınlığındakı xiyabana görüş verib. Təklif edərəm. Nəsə, Adil müəllim sarıdan nigarançılığım da var. Özünə də bəlkə dedim... Son günlər adı çox dilə-dişə düşüb - televiziya, qəzet..



Cahanın gözlərində qayğıkeşlikdən çox nigarançılıq ifadəsi sezilirdi.
- Hamı ağız-ağıza verib deyir ki, Adil müəllim əjdahadı, cəngavərdi, - bunu Nərgiz dedi.
- Yeddibaşlı əjdahalar isə neçə illər qabaq atasının, sonra ailəsinin başını yeyib, övladlarının qanını içiblər... - Cahan dedi.
- İndi də özünü ölümlə hədələyirlər, - Taleh söhbətə qarışdı.
- Mənzilini qarət edənlərin kimliyi indiyə qədər bilinmir. Allah özü dadına yetişsin. Biz nə karəyik ki... Cahan bu sözü deyəndə onlar Xiyabanın üzlük daşı düzülmüş qapısından çıxırdılar.

***

Onu ailəsinə qovuşduran Adil Hüseynlinin ailəsini daha heç vaxt, heç kim həyata qaytara bilməyəcək! Onun ailəsini əlindən alan qatillər indi bəlkə də uzaqlara çəkilib, təbiət qoynunda - dağlarda, meşələrdə, ya da lap elə yaxınlıqda - o uca mərtəbəli göydələnlərin birinin hansı mənzilindəsə gizlənmişlər. Axı niyə onlar qanlı niyyətlərindən əl çəkmirlər?! Televiziyalar hər gün dünyanın dörd tərəfində terrorçuların törətdiyi cinayətlərdən xəbər verir...
Bu gün bəşər övladının qismətinə orta əsrlərin düşüncəsiylə vəhşiliklər törədən, peyğəmbərləri ələ salan, insanlığı inkar edən, qan tökməkdən həzz alan, ölümlərdən nəşələnən kafirlərlə eyni dünyada yaşamaq düşmüşdü... Bəs niyə antiterror əməliyyatları öz bəhrəsini vermir? Elmin, texnikanın yüksək inkişaf etdiyi dünya insan cəlladlarının əlində nədən aciz qalıb? Bəlkə doğrudan da, siyasətçilərin dediyi kimi, bu insan cəlladlarının nə dini, nə də məzhəbi var? Cahan da bu dünyanın başqa sakinləri kimi insanların canına qənim kəsilən div xislətli bəlanın qanlı izlərini genişekranlı televizorda cizgi filmləri kimi seyr edirdi. Yer üzündə bu bəla ucbatından Adil Hüseynli kimi ailəsini itirən, yurd-yuvasından didərgin düşən nə qədər insan var. Görəsən, insanların faciəsinə səbəb olan bu qanlı əməllərin kökündə nə dayanır?
İndi ən çox Adil Hüseynlinin taleyindən nigaran olan Cahan xanım nəsə yeni bir fəlakətin baş verəcəyi xofundan xilas ola bilmirdi. Bu fədakar adamı qorumaq üçün yollar düşünürdü. İnsan sədaqətinin dəyəri hadisələr öz məcrasından çıxdığı zaman ölçülür. "Allah müqəddəs Quranda buyurur ki, sədaqətli insanlarla bərabər olun! Bəs görəsən o, bizi öz ailəsi kimi qəbul edərmi?"
...Şər qarışırdı. Cahan xanım Adil Hüseynlinin görüşünə tələsirdi. Adil müəllim onu yaşadığı binanın yaxınlığında, təzə salınmış xiyabanda gözləyəcəkdi. "Bəlkə birdən-birə evinə dəvət etməyi müsəlmançılığa zidd saydığına görə burada görüşməyi məsləhət bilib?"
Xiyabanın girişində Xocalı soyqırımı qurbanlarının xatirəsinə heykəl ucaldılmışdı... On beş il əvvəl baş vermiş faciənin epizodlarını yada salan Ana heykəlinə baxanda ürəyindən qara qanlar axdı:
Dünya heç dəyişməyib, amerkanların yaponlara vurduğu Xirosimo boyda yaraya laqeyd dünyaydı elə, dəyişilən insanların vid-fasonudu...
Cahan xiyabanın sağından-solundan sürətlə ötüb keçən maşınlara baxa-baxa qarşıdakı oturacağa sarı addımladı.
... Adil Hüseynlinin beyni köhnə dəyirman kimi uğuldayırdı. Neçə gün idi ki, ürək ağrıları şiddətlənmişdi.
"Mətbuat konfransında öz ailəni o biri dünyaya necə göndərdiyini də açıqlayarsan. Sən - qoca kaftar, öz ailənin qatilisən, onlar sənin ucbatından həlak oldular... Sənin, sənin... Axı sən qoca axmaq bu vicdan əzabıyla necə yaşayırsan, necə?.."
Telefon zəngləri onu təngə gətirmişdi...
"Deyəsən, Cahana aşiq olmusan? Axmaq qoca, o qancıq sənin də başını yeyəcək... Allah o qadını dünyaya ona aşiq olan kişilərin başını yemək üçün gətirib!"
"Əgər Şahinin başından bir tük əskik olsa, özünü ölmüş bil!".
Sakit və ilıq havaydı. Adətən, fevralın ikinci ongünlüyündə gül-çiçəkləri xiyabana xalı kimi döşəyirlər. Ən çox qırmızı rəngdə olan güllərin bir çoxunun adını da bilmirdi. Bəlkə Hollandiyadan, ya da başqa bir ölkədən gətirilmişdi.
Cahan bu gecə pis yuxu görmüşdü. Arıq bir kişi özü özünə qəbir qazırdı. Kişi arada nəfəsini dərir, əlini gözünə günlük edib uzaqlara baxırdı. Bu zaman kimsə tüfəngin qundağıyla onun böyrünə vurub tələsdirirdi. Bu kişi kim idi görəsən? Bəlkə Adil Hüseynlinin Sibirdən, sürgündən qayıtmayan atası idi? Yoxsa, Adil müəllimin özü idi? Axı onu kimsə ölümlə hədələmişdi. Bəlkə qəzetlər uydururdu?
Budur, Adil Hüseynli qoltuğunda qovluq xiyabanın ortasıyla ona tərəf addımlayır.
Sanki o, Cahanın deyil, körpə şəhid balasını başının üstünə alıb göyə qaldırmış ana heykəlinin görüşünə tələsirdi. Birdən dizləri üstə yerə düşdü, köksündən axan qanına bulaşmış əlini irəli uzadıb ağzını açdı, Cahana nəsə demək istədi və şüşələrinə polietilen təbəqə çəkilmiş, nömrəsi-nişanı bilinməyən qırmızı "Hammer" maşınına sarı baxdı, ağır döyüş maşınına bənzəyən avtomobilin pəncərəsindən tapança ilə qoca hakimi hədəf alan maskalı adam ikinci gülləni də hədəfə sərrast vurub iri kabinənin dərinliyində görünməz oldu. Maşın tapancadan çıxan elə o güllə sürəti ilə də uzaqlaşdı. Hər şey bir göz qırpımında baş verdiyindən Cahan çaşıb qalmışdı. Özünü ələ almağa çalışıb meyitə yaxınlaşdı, yerə düşmüş qovluğu götürdü. Üzərində "Qırxıncı otağın sirri" yazılmış kağız qovluğa Adil müəllimin qanı sıçramışdı.
- İlahi, bu nə vəhşilikdir?! Şəhərin ortasında, adamların gözü qarşısında!.. Çəkdiyimi görürdü qansız! Ağacın arxasına girib yerə yatmasaydım məni də vuracaqdı - bu şəhərdə hamının üzdən tanıdığı teleaparıcının səsini eşitcək Cahan göz yaşlarını saxlaya bilmədi. - O bizi bura özü çağırmışdı... Elə bil ürəyinə damıbmış...
- Son nəfəsinə də çatmadıq... vuranın kim olduğunu bilirmiş bəlkə?.. -kəlmələri gözüyaşlı Cahanın dilində fəryada döndü.
- O bizə nəsə vacib bir şey deməyə hazırlaşırdı... Bəlkə onu izləyən adamların kimliyini təyin etmək üçün bu riskə getmişdi? Bəs niyə burda?
Qanlı qətlin ən yaxınlıqdakı şahidi abidə idi. Ana heykəli sükut içində fəryad edirdi.
- Bu əsl soyqırımdı, əvvəl atasını, ailəsini, sonra da özünü qana qəltan etdilər.
Cahanın gözlərinin yaşı soyuq büllur şüşə qırığı kimi yanağında donub qalmışdı. Heykəl kimi hərəkətsizdi. Meyit qan içindəydi. Şər vaxtının toranlığında mərhumun sinəsindən axıb daş pilitələrin üstündə gölməçə bağlamış qanı qapqara idi...
Az sonra hadisə yerinə polislər, təhlükəsizlik xidmətinin əməkdaşları, Adil Hüseynlinin iş yoldaşları gəldilər. Cahan bir ucdan tökülüşüb gələnlər arasında Şahin Verdiyevi də gördü, üzünü çevirdi. Adil Hüseynlinin son anda ona verdiyi qovluğu çantasına qoyub kənara çəkildi.
Polislər hadisə yerinə yığışmış adamları və telejurnalistləri uzaqlaşdırmağa çalışırdılar. Görəsən, Adil Hüseynli bilə-bilə özünü ölümün qucağına atmaqla nəyi sübut etmək istəmişdi?
...Cahan evə dönərkən özüylə üstünə "Qırxıncı otağın sirləri" yazılmış, quş kimi yüngül bir qovluq və çəkilməyi qeyri-mümkün olan ağır bir dərd aparırdı. Əslində, o, dərdi yox, dərd onu aparırdı.

***

Günlər, həftələr ağır-ağır ötüb keçirdi. Televiziyanın kriminal xəbərlərində dönə-dönə göstərilsə də, pəncərələri qara plyonkalı maşından hələ də soraq verən yox idi. Maşın qeybə çəkilmişdi. Cahan ümidsiz halda yatağa düşdü, xəstələnib naçar qaldı, bağrının başı yandı, saatlarla hıçqıra-hıçqıra, nəfəsi yana-yana ağladı. Vicdan əzabı çəkərək gecə-gündüz özünü qınadı.
- "Onu mənim üzümdən qətlə yetirdilər..."
Oğlu, gəlini nə qədər təssəlli vesələr də, hər dəfə Adil Hüseynlinin məzarının qarşısında dayananda, ürəyində öz-özü ilə haqq-hesab aparırdı: "Kaş, o dəftəri heç göndərməyəydim..."
...Qara paltarlı qadını qəbiristanlıqda görən adamlar onu qoca hakimin həyat yoldaşı, bacısı, bir sözlə, əzizi zənn edirdilər.
Dul qadınlar, yaxud əriylə it-pişik kimi dolanan arvadlar ona həsədlə baxırdılar. "Halal olsun, namusla yolunu saxlayır" - tüfeyli ər əlindən yanıqlı bir qadınsa, hətta buranın qəbiristanlıq olduğunun fərqinə varmadan kükrəyib coşmuşdu:
- Hər gün mən bədbəxt, Allaha dua edirəm ki, başı batmışın canını tez alsın. Bəlkə ondan sonra dünyada bir xoş gün gördüm... Boyunu yerə soxum elə. Ölsə, qəbri üstünə gələn nə bir kişi tapılacaq, nə də arvad...
Cahan düşünürdü ki, taleyin-qismətin qara zolağına düşən bu qadın yəqin ki, özünü bədbəxt sanır. Ümidlə, arzuyla yaşayır. Düşdüyü vəziyyətdən çıxmaq üçün yol axtarır. Bu, nağıllardakı qırxıncı otağa cummaq kimi bir şeydi. Çox vaxt adamların gücü-taqəti otuz doqquzuncu otağacan çatır. Qırxıncı otaqda nə olduğunu bilmirlər. Bircə onu bilirlər ki, orda onların könül verib, sevdiyi kimsəni əllərindən alan sehirli bir qüvvə var. O sehirli qüvvənin tilsimini qırmağa ağılla bərabər, güc də lazımdı.
Cahan bir də düşünürdü ki, görəsən, onun kimi dul qalmış bu qarapaltarlı qadınların hansı biri ərinin məzardan qalxmasını arzulamır ki? Bəs yanaqlarından məzar daşlarına süzülən o göz yaşları nədir elə? Yox, əgər doğurdan da belə bir möcüzə baş versəydi, o kimi seçərdi? Adil Hüseynli ilə bərabər onun son istəyi də öldü. O yenə xəyallarının ümidinə qaldı. Bu andır xəyal isə həyatın vermədiyini ona bir anın içində verirdi. "Sən öz şahzadənə gec-tez qovuşacaqsan!.."
Cahan xanımın könlü sınıq saz kimi sızıldayırdı, bu dəfə köksündə tələbəlik illərindən tanıdığı bir şair danışırdı: - "kişilər hamısı bir olmur, atam balası, - qorxağı var, igidi var. ...Bu dünyada hər kişinin öləndən sonra məzarı başında ağlayası bir qara paltarlı gözəl qadına ümidi var..."
Adil Hüseynli üçün o qarapaltarlı gözəl qadın Cahan idimi? Bəlkə ən çox sevdiyi o gözəl qadın o dünyada görüşünə yollandığı qadın idi?!
...Onun qəlbində də arzuları-xəyalları dəfn olunmuş üç məzar vardı.

Qaranlıqda bir-birini
Quşlar səsindən tanıyır.
Qu quşunu zalım əcəl
Son nəfəsindən tanıyır.

Mən ayrı quşam, ayrı quş,
Yarı bülbül, yarı bayquş,
Bu dünyada mən boyda quş
Öz qəfəsindən tanınır.

...Ha yusa da üz-gözünü,
Çaşır görəndə özünü,
Adam öləndə özünü
Son nəğməsindən tanıyır...

Adil müəllimin son nəğməsi görəsən nədən bəhs edirdi?
Dolablardakı kitabları töküşdürüb yerlə bir eləmişdilər. Açıq-aşkar görünürdü ki, kimsə Adil Hüseynlinin mənzilində əməlli-başlı axtarış aparıb.
- Buranı, onun işini aparan müstəntiq belə qarışdırıb, - deyə Adil Hüseynlinin qapı-qonşusu Əsmər arvad Cahan xanıma dedi. Özünü mənzilin sahibəsi kimi aparan bu qadın Adil Hüseynlinin son kitabının müsbət obrazlarından biriydi. Üzündən məişət qayğıları əskik olmayan arvadı Cahan artıq yaxşı tanıyırdı; iki qız, bir oğul anasıydı, əri müharibədə əlil olmuşdu. Ehtiyac içində yaşayırdılar. Mənzilləri darısqal olduğundan yaşı otuzu haqlamış oğlunu evləndirə bilmirdi...
Qadın qapının ağzında dayanmışdı.
- Bəzən zarafata salıb deyirdim ki, Adil müəllim, sizə könül həmdəmi - gözəl bir qadın lazımdır, bu təklik qəlbinizə ağır yükdür, vallah... Hər gün makinasının taqqıltısını divarın o üzündə eşitməyə adət etmişdim. Bir gün səs kəsiləndə dedim bəlkə naxoşlayıb? Başılovlu gəldim, gördüm kompüterdə nəsə yazır... Dedim, xeyirli olsun!
Cahan ayrı vaxt olsaydı, onu çox sorğu-suala tutardı. İndi nədənsə bu danışqan qadından tezliklə canını qurtarmaq istəyirdi.
- Əgər icazə versəydiniz, burda bir az tək qalardım, - dedi.
- Bəlkə, sizə çay gətirim?
- Sağ olun, gedəndə qapınızı döyüb xəbər eləyərəm.
- Barı deyin, o son sözünü deməyə macal tapdımı?
Cahan başını buladı:
- Yox, elə bil cani onu dərhal susdurmaq üçün ürəyinin başından vurdu... Özü də iki gülləni üst-üstə...
-Yaxşı, mən gedim... Heç bilmirəm bu evin məsələsi necə olacaq?
Qonşu qadın gedəndən sonra Cahan yazı masasının üstündəki noutbuku açdı. Qəribəydi, qovluğdakı materiallar kompüterdə yazılsa da yaddaşdan silinmişdi... Demək mənzili istintaqçılardan savayı da axtaran olub...
Kitab dolabına, kamodun siyirmələrinə baxdı.
Divardan Adil müəllimin, onun ailə üzvlərinin şəkilləri asılmışdı.
Ona bir an elə gəldi ki, bax elə indi qoca hakimin ruhu da otaqda gəzib-dolaşır, nədəsə yardımçı olmağa çalışır.
"Bağışla məni, Adil müəllim, bağışla, kim bilir, bəlkə cızma-qaramı oxuyub məni dinləməsəydiniz, təqaüdə çıxandan sonra, rahat ömür sürəcəkdiniz".
Adil Hüseynlinin xəyalı: "Sən öz övladının gələcəyi naminə doğru bildiyin addımı atdın... Görünür, bu dünyada haqdan, ədalətdən danışmaq azmış. Adamlarda inam yaratmaq, haqq-ədalətin qalib gəlməsi üçün hərəkət etmək vacib şərtdir..."
Cahan: "Haqqı tapdalayıb, ədalətsizlik edən adamlar qorxunc div - insan başı yeyən zoonimlərdir. Hə, hə, hər gün bir adamın başını yeyən divin yalnız nağıllar dünyasına aid olduğunu sanmaqla çox yanılırıq... Divlər, əjdahalar da bu dünyada adam cildində yaşayırlar...
Nağıldakı görkəmdə deyil, onların qiyafəsi əsla nağıldakına bənzəmir; dəyişib, müasirləşib - savaşları, tutaşları, fəndləri... "
Cahan heç vəchlə Adil Hüseynlinin yoxluğu ilə barışa bilmirdi.
... Yenidən qayıdıb mənzilə gələn Əsmər mənzilin ortasında dərin fikir içində üzülən qadına baxır, yanıb- yaxılırdı. Onun bükülmüş belinə, solub bozarmış bənizinə elə-belə, sakit tərzdə göz yetirmək mümkün deyildi!
Əsmər arıq barmaqları arasında iki qatlanmış kağız tutmuşdu.



- Elə bil hər şeyin sonunu bilirdi. Qaragünlü bu vəsiyyətnaməni ötən şənbə gözümün qabağında, mənimlə zarafatlaşa-zarafatlaşa yazdı. Ayrı vaxt elə ciddi olurdu ki, işi başından aşırdı, kəlmə kəsməyə ürək eləmirdim. Sənin adını birinci dəfə həmən gün çəkdi, bildim ki, sən adda adam var. Dedi ki, bu vəsiyyətnaməni bərk saxlarsan, dünyanın işini bilmək olmaz...
Cahan vəsiyyətnaməni qadının barmaqları arasından ehmalca götürdü, oxudu. Mərhum mənzili qonşu qadına, qiymətli və nadir kitabları Cahana vəsiyyət etmişdi... Yazıq, dəfn və başdaşı üçün ayırdığı pulun miqdarını da göstərmişdi. Vəsiyyətnamədə həm də xahiş olunurdu ki, indiyə qədər işıq üzü görməyən əsərləri bir kitabda cəmlənib nəşr edilsin...
- Bu, kopiyasıdır, - Əsmər əlavə elədi, - əsas nüsxəni müstəntiq özü ilə götürüb. Guya dedi ki, iş yekunlaşandan sonra qaytaracaq. Nə bilim, vallah. İnanmazsınız ey, o kağızın surətini də öz əli ilə çıxartdırıb verdi mənə ki, saxlayım...
Qadın vəsiyyətnaməni ehmalca jurnal stolunun üstünə qoyub xəstəhal addımlarla Adil müəllimin mənzilindən çıxdı. Əsmər qapını qıfıllamaq üçün sağ əlində tutduğu gümüşü açarı hazırladı.

***

...Axşamüstüydü - hava hələ tam qaralmamışdı. Cahan Qaraxanlı yaşayan məhəllədən ötüb keçirdi. O bura nə vaxt, necə, hansı niyyətlə gəlmişdi? Bilmir... Sadəcə, "İlahi, özün mənə güc ver", - imdadıyla özünü toplamağa çalışır, evlərə baxa-baxa addımlayırdı.
... Qaraxanlının villasını tanıdı. O müdhiş gecədə baş verənlər, iyrənc və əzablı mənzərə qəfil şaxta kimi içinə dolub bütün varlığını dondurdu. Bu, ani oldu. Özünə gələndə - sanki yerə mıxlanaraq hərəkətsiz qalan ayağını tərpədib irəli baxarkən canından ildırım şiddətli bir cərəyan keçib donmuş hüceyrələrini oyatdı. Həyət qapısının ağzında qapıları qara, qalan yerləri tünd qırmızı rəngli maşın dayanmışdı. Bu, həmin maşın idi. İndi onun hər yeri qırmızı idi. Şübhəsiz, qapıları plyonka ilə qara rəngə bürümək, izi azdırmaq üçün düşünülübmüş... Bir az da yaxına yeriyib diqqətlə baxdı. Yox, o səhv etmirdi. Həmin maşındır. Deyəsən, haqq Allah bu dəfə Adil müəllimin qatillərini aşkar etmək missiyasını öz üzərinə götürmüşdü! Telefonun kamerası ilə maşının şəklini çəkdi. Onu belə bir sual da düşündürürdü: "Bəs Qara Şahin kimdir? Adil müəllim "Qara Şahin və naməlum qadının nağılı"nı yarımçıq qoyub".
Yaxınlıqdan bir qadın keçirdi. Cahan onu tanıdı. Keçmiş iş yoldaşlarından biri idi. Salamlaşdılar. Qadın utana-utana üzr istədi:
- Bağışla, Cahan xanım, o zaman Qaraxanlının təklifinə razılıq verməyi məsləhət biləndə səhv etmişəm... Həmişə evində-eşiyində!
- Amma o əbləhin yoxluğu pis əməllərinə son qoymadı ki...
- Bilirəm, səni müdafiə edən adamı qətlə yetiriblər, - qadın başı ilə qarşısında qırmızı maşın dayanan villaya işarə edib, - yəqin tanıyırsan da, o gorbagorun xarabasıdı. Bacı, məncə, buralara gəlməklə sən böyük risk eləyirsən.
- Bilmək olar nə üçün?
- İndicə özün dedin ki, Qaraxanlı ölsə də, pis əməlləri qalır. Bu evdə indi onun varisi yaşayır. Heç bilirsiniz onun varisi kimdir?
- Yox!
- Şahin Verdiyev.
Qadın üstəlik, hələ onu da bildirdi ki, Aypara Şahinin anasıdır. Üzünü kafər yusun, fələk! Cahan beş-on dəqiqənin içində üçüncü dəfə sarsıntı keçirdi. Gözünü bərəldib keçmiş iş yoldaşına hədsiz heyrətlə baxdı.
- Demək mənə cəza hökmü çıxaran hakim Ayparanın oğluymuş...
- İndi bu evdə özündən yaşlı bir qadınla yaşayır. Adı Sevadı. Əvvəllər Qaraxanlının adamı olub. Bu maşın da onunkudur, - deyə o Cahanın bayaqdan maraqla baxdığı maşını göstərdi, - əvvəl belə alabəzək deyildi. Toydan sonra görkəmini bu hala salıblar.
Sonra qadın səsinin tonunu xeyli aşağı salıb, pıçıltıdan azca yüksək bir səslə Cahana, Qaraxanlının "Qara Xan" holdinqinin adının dəyişib "Qara Şahin" olmasından, vaxtilə "nişanlımı əlimdən alıbsan", - deyə şər atan müğənni qadının televiziyada bu firmanın məhsullarını reklam eləməsindən danışdı.
Eşitdikləri onun düşüncəsini də, taqətini də sanki yenidən bərpa etdi.
Elə bil içində işıq yandı. Bədənini bürüyən qəribə hərarəti duydu. Sanki aylar uzunu bu dəqiqəni gözləmişdi. Elə bil otuz ildə itirdiyi hər şeyi bircə anda tapdı.
Keçmiş iş yoldaşını qucaqlayıb:
- Sağ ol, Allah köməyin olsun, - deyə həyəcanla pıçıldadı...

***

... O, Adil müəllimin məzarı üstünə bir topa qərənfillə gəldi. Bir də kitabla. Yeni işıq üzü görmüş "Qırxıncı otağın sirri" adlı yaşıl cildli kitabı məzarın mərmər sinə daşına qoyub dərindən köks ötürdü. Kitabın rəngi bir parça çəmənliyi xatırladırdı. Hər yan yaz libasına bürünmüşdü. Adil Hüseynlinin ailəsinin uyuduğu məzardan gözəl bir qadın və bir cüt yeniyetmə boylanırdı iyirmi birinci əsr dünyasına...
Cahan bu qoşa məzara baxa-baxa ürəyinin başından yol alıb kirpiklərinin ucuna gəlib çatmış acı, isti göz yaşlarını saxlaya bilmədi. Çöhrəsini ələm bürümüş bu qarapaltarlı qadın yaşıl çəmən içində dayanmış ruha bənzəyirdi.
Adil Hüseynlinin vəsiyyətinə görə başdaşının bir üzünə qürbətdə dünyasını dəyişmiş atasının şəkli həkk olunmuşdu...
...Ailə haqqın dərgahında bir araya gəlmişdi. Bir vaxtlar Şuşada -dağların qoynunda - yaylaqda olduğu kimi...
Adil Hüseynlinin "Qırxıncı otağın sirri" kitabı böyük əks-səda doğurmuşdu. Kitabın çapı Cahanı sevindirsə də, qəlbini məyusluqdan xilas edə bilmədi.
Onun telefonu susmaq bilmirdi. Tikanlı zənglər də vardı, bir çoxları onu qınayırdılar.
"...Oradakı adlar qondarmadır".
"...Sən dəli olmusan, əcəlin çatıb yoxsa?"
Və yaxud, zəng çalıb belə deyirdilər:
"...Mərdlik və qəhrəmanlıq yalnız nağıllarda olur..."
"...Mən sənin həbsxanada nə oyunlardan çıxdığını yaxşı bilirəm. - Nəvənin taleyini düşün, Cahan xanım, ailəni düşün!"
Səslər bir-birinə qarışırdı, hədəyə-qorxuya çevrilirdi, gülləyə dönürdü, ox kimi bağrının başını yaralayırdı. Səslər beynində əks-səda verirdi:
"...Görünür, Adil Hüseynli üçün çox darıxıbsan..."
"...Necə bilirsən, görən o səninçün yer saxlayıb?"
"...Sən dünyanın ən bədbəxt qadınısan!"
"...Münasibətdə olduğun bütün kişiləri itirmisən!" - Deyəsən, danışanın kimliyi son anda ona aydın oldu...
"... Kaş həmin gün ikinizi də gəbərdəydim..."
Cahanın səsi elə bil quyunun dibində cingildədi:
- Məncə, siz buna hələ çox təəssüf edəcəksiniz!..

***

Allahın işinə bax... Martın son günü oğlu Talehin maşınına əyləşib məhkəməyə yola düşəndə, radioda səhər xəbərləri verilir və aparıcı deyirdi:
- "Görkəmli hüquqşünas və yazıçı Adil Hüseynlinin ölümü ilə nəticələnən qanlı terror aktından yarım il ötüb... Terror aksiyasını planlaşdıran və həyata keçirən kimlərdir? Hüquq-mühafizə orqanları indiyə kimi bu suala cavab axtarsalar da, hələlik heç bir ipucu tapa bilməyiblər... Bəzi ekspertlərin fikrincə, killer başqa ölkənin vətəndaşı olduğuna görə cinayəti törədənin şəxsiyyətini müəyyən etmək müşkülə dönüb. Bu gün Ağır cinayətlər üzrə məhkəmədə müəmmalı aksiyanın şahidi Cahan xanım Axundova ifadə verəcək...
Taleh maşının sürətini azaldıb üzünü anasına tutdu:
- Ana, xahiş edirəm, Şahmarın gözünü yolda qoyma!
Oğlunun nə demək istədiyini Cahan yaxşı başa düşürdü. Səhər evdən çıxanda Nərgiz arxasınca su atıb uğur diləmişdi.
- Mən ədalət naminə bu son addımı atmalıyam, - Cahanın bütün düşüncəsinə hakim kəsilən yeganə cümlə bu idi...
- "Qırxıncı otağın sirri" kitabı çox qapıları üzünə bağlayacaq, ana!
- Bəlkə də açacaq! Nənəm demişkən, dərin suyun dibi var, uzun yolun sonu... Mən bu gün həqiqəti söyləyəcəyəm...
- Adil Hüseynlinin ağzına sıxılan güllə...
- Səncə, o güllə Adil Hüseynlini susdura bildi?
Aparıcı qız Cahan xanımla bağlı xəbəri davam etdirirdi:
- Cahan xanımın redaktorluğu ilə nəşr olunan "Qırxıncı otağın sirri" kitabı ictimaiyyət tərəfindən, xüsusilə, hüquq-mühafizə orqanlarında birmənalı qarşılanmayıb. Bir çoxları belə düşünür ki, kitabda adları çəkilən qəhrəmanlar bu gün yenə öz çirkin əməllərini davam etdirir, ədalətdən yayınırlar... Xatırladaq ki, kitabın təqdimat mərasimi qalmaqalsız ötüşməyib. Orada gedən faktlarla bağlı Ağır cinayətlər üzrə məhkəmənin sabiq hakimi Şahin Verdiyev də bugünkü məhkəmə istintaqında dindiriləcək. Bəzi ekspertlərin fikrincə, Şahin Verdiyev qanunsuz biznes fəaliyyətilə məşğul olaraq, akademik Qaraxanlıdan qalan bank işi, beynəlxalq turizm, parfümeriya, təbii bitkilərdən dərman hazırlayan laboratoriya, mehmanxana təsərrüfatı və başqa obyektlərdə fəaliyyət göstərən holdinqə rəhbərlik edib. Səlahiyyətdən sui-istifadəyə görə beş ay əvvəl işdən kənarlaşdırıb. Əziz dinləyicilər, bilmək istərdik ki, siz bu məhkəmənin sonunu necə təsəvvür edirsiniz? Qısa musiqi fasiləsindən sonra bu mövzuda söhbətimizi davam etdirəcəyik, bizə zəng edin!
Sonra efirdə müğənni qadının səsi eşidildi:

"Necə nəğmə qoşum, necə dillənim,
Dost gedib, özümə gələ bilmirəm,
Elə bil əllərim quruyub mənim,
Gözümün yaşını silə bilmirəm".

Halı çox pərişan idi. Fikrini cəmləyə bilmirdi: "Məhkəmədə həqiqəti söyləyəcəyəm... Yalnız həqiqəti... düzü nədi, onu... Əlimdə kifayət qədər sübut var!"
Radio reklam verirdi.
"Mən sizin sevimliniz Mənzər Qarasevdayam. Cavan qalmağıma və qastrol səfərlərimin təşkilinə görə "Qara Şahin" kompaniyasına minnətdaram.
Əziz qadınlar, əgər gözəl görünmək istəyirsinizsə, siz də bu kompaniyanın məhsullarından istifadə edin! Gözəl və güclü olmaq istəyirsinizsə, "Qara Şahin"ə güvənin!
Taleh iztehza edib:
- Əxlaqına bərəkallah! - dedi və radioqəbuledicini söndürdü.

***

Məhkəmə yeni binaya köçüb. Yol və yolla irəliləyən maşın Cahanı bu yeni məhkəmə binasına aparır. Fikri verəcəyi ifadədə olsa da, gözü önündə sürətlə dəyişən şəhər lövhələrinə də laqeyd deyil. Hər görüntü hansısa uzaq-yaxın yaddaşı oyadır. Aşağıda - dənizin sahilində gənclik illərindən gördüyü böyük bina sanki "Titanik" gəmisi kimi suya qərq olmuşdu. Deyirdilər ki, akademik Qaraxanlı tikilidən ətriyyat və dərman pereparatları saxlamaq üçün anbar kimi istifadə edirmiş. Sonralar obyekti Şahin Verdiyev fırlatsa da, bünövrəsi çürüyən bina illərin hökmünə davam gətirə bilməmişdi.
Sahildən bir az aralı daha bir hündür hasar çəkilirdi. Bayaq maşın o hasarın yanından keçəndə dənizə sarı boylanmışdı. Hasar o qədər hündür idi ki, iki-üç addımlıqdan suları görə bilməmişdi.
Ancaq yuxarıda isə şimal-qərbdən əsən küləklərin qovub gətirdiyi bulud topaları sıxlaşmış, Xəzərin başı üzərindən asılıb qalmışdı.
...Anbaan yeni məhkəmə binasına yaxınlaşan Cahana görə bu qədim şəhərin, mavi dənizin başı üstündə yalnız buludlar deyil, həm də onu qəlbən sevənlərin əziz ruhları dolaşır. Bu gün o, əziz, vicdanlı bir insanın ruhunun toxunulmazlığını qoruyacaqdı.

***

... Cahan otuz ildən sonra bəlkə də ilk dəfə qırmızı paltar geyinmişdi. Məhkəmə iclasına gedən qadınlar nadir hallarda qırmızı paltar geyirdilər...
O çoxlu insanların toplaşdığı məhkəmə zalına daxil olanda da, təpədən-dırnağa ruh içində idi, bütün ömrü boyu yaddaşını tərk etməyən sehirli nağıl, qırmızı paltarlı qadının yaddaşında sırğa kimi asılmışdı.
... Biri vardı, biri yoxdu, Səbayel hökmdarının Mərcan xanım adlı azad fikirli, sadə insanları qəlbən sevən gözəl və cəsarətli qızı vardı...
Cahan ilk dəfə bu əfsanəni eşidəndə çox balacaydı və əynində qırmızı don vardı.
Mərcan memarın edamına qarşı çıxmışdı...
Cahan Adil Hüseynlinin qatilinin tapılması üçün bütün gücünü sərf etmiş, bir qaşıq qanından qorxmamışdı...
...Uzun sürən məhkəmə hava qaralanda bitdi. Hökm oxundu...
Hamıdan fərqli olaraq o, məhkəmə zalından xüsusi bir statusla ayrılırdı. Bütün iclas boyu bir an belə əlindən yerə qoymadığı "Qırxıncı otağın sirri" kitabı ədalət haqqında qüdrətli bir dastan idi.
Əlbəttə, o dastanın şərikli müəlliflərindən biri də o idi, qırmızı paltarlı qadın.
...Biri var idi, biri yox idi, bu dünyada Adil Hüseynli adlı mərd, ədalətli, cəsarətli bir hakim vardı...
Məhkəmə binasının girişindəki mərmər döşənmiş meydançaya çıxarkən, yumşaq saçları və qırmızı donunun yaxalığı dənizdən əsən küləyin təsiri ilə tərpənən qadının yeni nağılı başlanırdı.
Heç kim bilməsə də, o özü yaxşı bilirdi ki, bu nağıl ömrünün sonunacan onunla bir olacaq. Və ömür bitənəcən bu nağılı heç bir nağıl əvəz edə bilməyəcək. Necə ki onun həyatında başqa heç bir kəs Adil Hüseynlini əvəz edə bilməz...

Mart- noyabr, 2008-ci il

"Azərbaycan" jurnalı

XS
SM
MD
LG