əvvəli
Qəfər kişi Əşrəfi "Günəşli"nin qapısında qarşıladı.
- Xoş gəldin. Az qala ümidimi üzürdüm.
- Gecə çox gec yatdım. Səhər də gec oyandım. Bir az ləngidim. Bağışlayın.
- Allah bağışlasın. Yox, istirahət evinə yox, yaxında balaca bağ var, xudmani bir yerdi, gözəl yeməklər verirlər. Sənin iki oxucun, mənim dostlarım oturub bizi gözləyir. Gedək.
Bir müddət yanaşı addımladılar. Sükutu Əşrəf pozdu:
- Səni gördüm, uçdum o illərə. Səndən kəndimizin ətrini aldım.
- Ona görə yata bilmədin.
- Yox! Əslində, hə... o illəri xatırladım. Az şey yadımda qalıb.
- Uşaq idin axı.
- O qızın kəndimizə ilk gəlişi yadımdadı. Milisoner Mustafa gətirmişdi.
- Düz deyirsən. Milisoner gətirmişdi. Sən hardan gördün onu? Uşaq idin axı.
- Biz uşaqlarla idarənin həyətində dirədöymə oynayırdıq. O qırmızı qızın uça-uça gəldiyini görüb oyun yadımızdan çıxdı.
- Yadınızdan çıxardı... Əlbət ki, çıxardı. Kəndimiz o qız gələndə ağ-qara kino idi. O qız kəndə gələn andan oldu rəngli kino.
- Nə gözəl dedin, Qəfər əmi?!
Qəfər kişi şüşəbəndi göstərdi. İçəri keçdilər. Stolun üstünə su, limonad, bir araq, bir də çaxır qoyulmuşdu. Soyuq yeməklər düzülmüşdü. Dörd adamlıq çəngəl, bıçaq, boşqab səliqə ilə düzülmüşdü. Onları görüb stol arxasındakılar ayağa qalxdı.
- A kişilər, gəlin da... Sizi gözləməkdən soyuq yeməklər üşüdü.
Bunu deyən arıq, uzun, panamalı bir kişi idi.
- Tanış olun. Soltan müəllimdi. Uzun illər rayonlarda üçüncü katib, ikinci katib, birinci katib işləyib. Bu vəzifələrdən ona başındakı panamadan başqa heç nə qalmayıb. İndi təqaüdü də ona görə azdır ki, hökumət işçisi olmayıb. Bu da Həzi müəllimdi, 81 yaşı var, hələ də akademiyada kiçik elmi işçi sayılır.
Həzi müəllim aşılanmış köhnə foto neqativinə oxşayırdı. Bığ ağ, qaşlar ağ, saç ağ, sir-sifət qapqara. Gülüb Əşrəfə baxdı.
- Bu o deməkdi ki, mən gənc kiçik elmi işçiyəm. Əşrəf müəllim bu imiş? Yazılarına görə mən saqqalı, bığı ağarmış, öyüd-nəsihət verən bir qoca gözləyirdim. Əyləşin.
- Soltan müəllimin bir sözü var. Deyir, stolda soyuq qəlyanaltılar adamı üşütməsin deyə, gərək bir şeylə qızdırasan. Çayla, çaxırla, yoxsa qaçayla, - deyib Qəfər kişi güldü.
- Qəfər əmi, qaça nədi?
- Qoca kişilərik, çay deyə bilirik, çaxır da demək olur, amma araq deyən kimi hamı yaşımıza, başımıza baxır.
Əşrəf bura gəldiyinə artıq peşman olmuşdu. Ona elə gəldi ki, əlifbasını tanımadığı kağızlar saxlanan köhnə bir arxivdə idi. İndi hansı bəhanə ilə buradan can qurtaracağını fikirləşirdi. Soltan müəllim xidmətçi oğlana əl elədi.
- Gətir yeməkləri, - dedi. Özünü stulda rahatladı, başından panamanı çıxartdı, - qoy aramızda örtülü heç nə qalmasın, - əlini daz başına çəkdi, - qardaşoğlu, bu şlyapanı nə kefdən qoyuram, nə də ziyalılığımı göstərmək üçün. Keçəlimi görməsinlər deyə qoyuram. Biz, bəzən, göz yaşlarımızı gizlətmək üçün gülürük. Gözünə döndüyüm sovet quruluşu bizi sıxdı, şirəmizi çəkdi, hərəmizə bir-iki manat təqaüd kəsib bizi sildi orasına, atdı yana.
Qəfər kişi narazılıqla başını buladı.
- Eh... Soltan müəllim, sən Allah, yaxşı, qoy görək.
- Bunun harasıdı yaxşı. Düz otuz ildi hər il bu ayda, bu yerdə görüşürük, dincəlirik. Əslində, bu bir oyundu. Təklikdən, kimsəsizlikdən boğulub ölməmək üçün bizim qurduğumuz bir oyundu. Burdan gedəndən sonra on bir ay bu bir ay üçün, bu görüş üçün hazırlaşırıq, pul yığırıq. Bura gəlmək üçün yaşayırıq. Burda da başlayırıq "mən birinci katib olanda belə elədim, helə elədim". Həzi müəllim deyir ki, "elmi kəşfim vardı, dedilər öz adının yuxarısından bizim adımızı yazsan keçər, yazmadım, keçmədi". Qəfər müəllim deyir, mən tarix dərsi deyəndə otaqda milçək uçsa səsi eşidilərdi.
- Helədi, mən tələbəsiyəm, təsdiq eliyirəm, helədi.
- Mən o dərslərimə görə səndən üzr istəyirəm. Mən sizə o adamların kitabları əsasında dərs demişəm ki, indi görürəm bu millətin ən qatı düşməni onlar imiş.
Xidmətçi kababları gətirdi.
- Gəl da, gəl çıx da, bu başqa məsələ.
Həzi kişi gülümsündü, ağır-ağır dilləndi:
- Soltanın qəzəbli söhbəti qarnının aclığındandı. Kababı görən kimi üzü güldü, - Həzi danışanda adama elə gəlirdi onun yuxusu gəlir və yaxud yuxuda danışır. Sözarası havadaca kababdan bir tikə götürüb dişinə çəkdi. Onun burnu da, iri qara dodaqları da sümüksüz qara kabab tikəsinə oxşayırdı. Əşrəf bokalına su tökdü, bir qurtum içdi. Soltan müəllimin üzünə baxdı.
- Mənnən görüşmək də, yəqin, sizin oyunun bir hissəsidi.
- Ay Əşrəf, o nə sözdü? Sən Qəfər əmi haqqında belə fikirdəsən?
- Soltan müəllimin sözündən helə çıxdı.
Həzi yuxudan ayılıb udqundu.
- Yooox, - dedi, növbəti tikəni çeynəməyə başladı.
Soltan özünə araq süzdü.
- Mən əlli vuracam. Əziz Əşrəf, elə hesab elə ki, bu oyunun bir hissəsisən. Axı, adam işi cavanlığında görür, sonra gördüyü işlərdən danışır. Sənin böyük istedadın var. Məqalələr, rəylər, hətta lap bu gün üçün problematik məsələlərin araşdırılmasına yönələn materiallar ciddi yaradıcılıq deyil. İstedad əsəri deyil. Nə qədər ki cavansan, otur bədii əsər yaz.
- Harda oturum? Bir azdan qırx yaşım olacaq, hələ evim yoxdu. Kirayədə yaşayıram. Yazmaq o yana, heç evlənə bilmirəm. "Otur, yaz" demək asandı, harda oturum?
- Adam yazanda harda olsa oturub yazır. Yazır, ad-san qazanır. Özünü sübut eləyir. Sonra evi də olur. Evlənir də. Bax da bizə, bizim ömrümüz küləyə verilmiş küləş kimi, saman kimi sovrulub gedib.
- Soltan müəllim, - Əşrəf ona baxıb gülümsündü, - deyəsən siz belə şeylərlə məşğul olmusunuz.
- Nə gizlədim, çalışmışam yazım, alınmayıb. Gecələrlə yatmamışam, yazmışam, səhər oxuyub görmüşəm adam dili deyil. Cümlələr dolaşıq. Demək istədiyimi yazı ilə ifadə eləyincə gedib o dünyanı görüb gəlirdim.
Əşrəf gülüb ona baxdı.
- Bağışlayın, o dünya necədi?
Soltan elə bil bu sualı gözləyirmiş, gülümsündü.
- Eyniynən burdakı kimi, ağlamayana məmə yoxdu. Orda da yaltaqların, yalmananların işi xod gedir. Kim ki, Allahın ətəyindən yapışıb, ona tərif deyir, gecə-gündüz ona yalvarır, yaltaqlanır, yalmanır, Allah da bağışlayandı. Bunlar kimi bic deyil axı.
Qonşu stolda oturan bir nəfər əl çaldı.
- Halal olsun sənə, ağsaqqal. Lap Quran ayəsi kimi düz söz deyirsən.
- Sağ ol, bala, - dedi. Susdu, diqqətlə Əşrəfə baxdı. Bir az da ona tərəf əyilib , asta səslə dilləndi - hər yerdə, həmişə bir qulaq asan tapılır, - səsini yenidən qaldırdı, - sən də balaca bala deyilsən. Söz azdırmağı yaxşı bacarırsan. Onu deyirdim axı. Əsər yazmaq çox ağır işdi. Sənin yazılarında rəvan dil var. İddiasız, azad, sərbəst yazı üslubun var. Bu, Allah payıdı. Qocalanda bu hünər, bu güc qalmayacaq, indi yaz. Sən özün üçün oyun qurmusan, özünə kələk gəlirsən. "Evim yoxdu, ev kirəsi üçün yazıb pul qazanmalıyam". Çünki bunları yazmaq asandı. Əsər yazmağa oturmaq, zəhmət çəkmək, hər çətinliyə qatlaşmaq lazımdı. İndi məndən inciyirsən.
- Yox, yox, qətiyyən incimirəm.
- İnciyirsən. Amma mənim bu dediklərim səni kölgən kimi izləyəcək. Qulağında, beynində səslənəcək. Burdan durub qaça bilərsən, özündən hara qaçacaqsan?
- İcazənizlə, Qəfər müəllim, mən də bir az içim. Heç olmasa bir qədəh, bu söhbət boğazımdan araqsız keçmir.
- Axırı ki, mətləb üstünə gəldik. Hərəyə bir az süzün. İyirmi ildi araq içmirəm, amma indi içəcəm. Sənin şərəfinə, qardaşoğlu.
- Qəfər əmi, icazə verin, sizin kimi dostun sağlığına içim. Mənə qalsa, insanları yaşa görə yox, ruhunun qocalığına görə təqaüdə çıxarardım. Kim axtarıb tapa bilirsə, o da cavandı. Siz məni tapmısınız, siz məndən cavansınız. Sizin şərəfinizə.
Az sonra onların arasında yaş fərqi götürülmüşdü. Zarafatlar, lətifələr işə düşmüşdü. Arada Əşrəf:
- Qəfər müəllim, o qız kəndə gələndə siz də idarənin qabağında idiniz?
- Hə, biz hər axşam orda olurduq.
- Elim doxdur milisoneri yola salanda pul verdi Manat Mustafaya, Mustafa da onun qulağına nəsə pıçıldadı. Doxdurun gözü bərələ qaldı. Nə demişdi?
- Deyirəm da... Həzi, bu, bir əlcə uşaq idi. İdarənin həyətində uşaqlarla oynayırdı. Gör nəyi müşahidə eləyib və yadında bu günə kimi saxlayıb. İstedad budu, heç kəsin əhəmiyyət vermədiyini, heç kəsin görmədiyini görəsən. Gördün, Soltan kişi?
- Çinarı bir yarpağından da tanımaq olur. Havayı yerə onun hisslərini cırmaqlamırdım. Baxma, bu lələşin də havayı yerə partiya məktəbi keçməyib ki?
- Qəfər əmi, milisoner nə demişdi? Bilmiş olarsız.
- Mən bilməyənə qurd duşər. Bilirəm. Bir arxayın vaxtda bu söhbəti davam eliyərik.
- Onda kəndə qayıtmazdan əvvəl bir də görüşək.
- Bəlkə, sən kəndə gələsən. Məktəbdə görüş keçirək.
- Mən neyləmişəm ki, görüş də keçirək.
- Eləmisən. Amma daha çox şey eləyə bilərsən. Əsas odur ki, uşaqlar özlərinə inanacaq. Biləcəklər ki, bu kənddə doğulub, bu məktəbdə oxuyub, gedib Bakıda qəzetdə çalışmaq, əsər yazmaq, televiziyada çıxış eləmək olar. Uşaqların özünə inamı artar.
- Gələrəm.
- Sən gəl, gör sənin yaradıcılığını necə bilirlər. Həm də o məsələləri danışarıq. Çox maraqlı material var. Ağasəf mənim dayım oğlu idi. O qızın eşqindən dəli oldu. Bu məsələdə mənim də günahım var.
Ağasəfdən yadımda qalan onun gecə-gündüz oxuması idi. Oxuduğu da yalnız bu idi:
- Süsən, sünbül bitirmişəm,
Mən yarımı itirmişəm,
A balam, itirmişəm.
- Qəfər əmi, mütləq gələrəm.
* * *
Bu görüşdən neçə gün keçdiyini dəqiq deyə bilmərəm. Əşrəf redaksiyada köhnə iş rejiminə təzə qayıdırdı. O görüş Əşrəfin içində hər şeyi alt-üst eləmişdi. Bir neçə gün redaksiyada özünü üsyankar gənc şair kimi apardı, dalaşdı, deyindi. Mübahisələr elədi, yoruldu, sakitləşdi. Hər qəzetin mətbuat aləmində öz mərtəbəsi var. Əşrəf də, nəhayət, işlədiyi qəzetin mərtəbəsinə qayıtdı. Öz yerində oturdu. İti zəncirdə çox saxlayanda açan kimi baş götürüb qaçır. Məqsədsiz, mətləbsiz, yönü hara düşdü, ora qaçır, qaçır, yorulur. Axırda qayıdır bağlandığı yerə. Hər bir yaradıcı insanın içində helə bir zənciri var. Ya onu zaman-zaman açıb buraxmaq lazımdır, ya da arada zəncirini qırıb qaçmalıdır. Havası alınınca atılıb-düşməli, taleylə güləşməlidir. Yoxsa ruhu zəncirdə havasızlıqdan boğular, ölər. Yəni, sonra zəncirini açanda da qaçmaz. Bu da son deməkdi.
Əşrəfi cavanlar yaşlı sayırdı, yaşlılar - cavan. Ömrün veyil dərəsində idi. Ona görə özünün son vaxtlar havasızlıqdan boğulduğunu da hiss etmirmiş. Bu günlər ərzində elə bil gözü açılmışdı. Beyni yuyulmuşdu. Yüngülləşmişdi. Allah, Allah, nə qədər gözəl qızlar varmış bu şəhərdə?! Qızlar necə gözəlləşib! Yol yanlarında, bağlarda, xiyabanlarda nə qədər gül-çiçək varmış. Musiqili, musiqisiz fəvvarələr, yollar, körpülər, işıqlar... Bu günlər Əşrəf elə bil tanımadığı, görmədiyi bir gözəl şəhərə gəlmişdi. Çoxdan oxuduğu bir şeiri ürəyində tez-tez təkrar edirdi:
Axşam bütün yollar bizim evə gedir,
Səhər, bizim idarəyə.
Düşmüşəm belə bir dairəyə,
yaşayıram.
Ömrümü yükləmişəm avtobuslara,
Səhər idarəyə, axşam evə daşıyıram.
Bir gün göz yumub zamana,
burularam yana-yana.
Başım üstə mavi səma,
Sinəmin üstə bir topa çiçək,
Arxada yetim qalmış xatirələr...
Xatırlayarlar...
deyərlər...
Əşrəfdə belə şeylər olur. Bir də görürsən bir mahnıdan bir bənd ürəyində, beynində ilişib öz-özünə səslənir. Xüsusilə, bir xalq mahnısından bu hissə:
Mən gəlmişəm sənə qonaq,
Ceyran, mənə bax, bax.
Mənə bişir bir qayğanaq,
Ceyran, mənə bax, bax.
Qayğanaq məsələsində onu gülmək tuturdu. Mahnını ürəyində oxuduğundan adam arasında yersiz gülüşünə bəhanə tapmayıb hərdən özü gülünc vəziyyətə düşürdü. "Məhəbbətin bu yanıqlı yerində qayğanaq hardan çıxdı ortaya? Xalq yaradıcılığında təfəkkür tərzi gözlənilməz və sürprizlərlə doludur. Nənəm deyərdi, dırnağını kəsdin, yerə basdır. Yoxsa şeytan tapar, dırnağından özünə qılınc düzəldər. Bütün pislikləri şeytanın boynuna atan xalq gör şeytanı nə qədər kiçik bir şey təsəvvür edir". Qapının döyülməsi Əşrəfi fikirdən ayırdı.
- Gəlin, buyurun, - dedi.
Qapı aralandı. Girdə burun, burnunun altında yanıb qaralmış iki kabab tikəsinə oxşayan dodaqlar, ağ bığlar, ağ qaşlar, ağ saçlar, parıldayan qara gözlər ona baxırdı. Elə bil qapının arasından yox, sudan çıxıb baxırdı. Əşrəf gülümsünüb ayağa qalxdı. Onu içəri dəvət elədi.
- Mane olmuram ki?
- O nə sözdü, xoş gəlmisiz, əyləşin. Nə yaxşı belə?
Həzi kişi stulda oturub sağa-sola yırğalanıb yerini rahatladı.
- Dedim getməmişdən sənə dəyim.
- Yaxşı eləmisiz. Çay gətirsinlər?
- Yox, yox, sağ ol! İçmirəm.
- Soltan müəllim, Qəfər əmi necədi? Onlar niyə gəlmədi?
- Onlar gəldiyimi bilmir. Qəfər səni öz balası kimi istəyir. O qədər səndən danışır ki, Soltan da, Həzi də səni öz balası sayır.
- Çox sağ olun. Həzi siz deyilsiz? - deyib gülümsündü.
- Mənəm. Amma, bəzən, özümü də bir az özümdən kənarda, aralıda görürəm. Bəzən, Həzinin çox hərəkətləri xoşuma gəlmir. Mənim razı olmadığım şeylər eliyir. Elə bu gəlişim də elə bir işdi. Ona görə özümdən kənar bir adam kimi danışıram.
- Özünüzə qarşı qəddar olmayın.
- Özümə yox, qocalığa qarşı qəddaram.
- Mən guya cavan sayılıram. Mənim də ixtiyarsız hərəkətlərim, sözlərim olur. O gün çox gözəl görüş oldu. Əla görüş idi. Yaş fərqimiz heç bilinmirdi.
- Soltan o gün əvvəl bir az əsəbi danışırdı, içi ağrıyırdı. O ağrını gizlədə bilən adam deyil.
- Nə olmuşdu?
- Bizim dördüncü yoldaşımız bu il gəlmədi. Yəni, başladı "nəslimizin yarpaq tökümü". Allah Nazim Hikmətə rəhmət eləsin, yaxşı deyib. Dostumuz Hacı bu il gəlmədi. Səni onun yerində oturtmuşduq. Soltan da səninlə yox, çox vaxt üzünü Hacıya tutub qəzəblənirdi, danışırdı. "Niyə bu il gəlmədin?" - deyirdi. Sözün bu yerində Həzi kişinin gözləri doldu. Gözünü sildi. Dərin bir nəfəs alıb toxtadı, - bağışla, bala. Bu, qocalıq əlamətidi. Kişilər tez-tez kövrəlməyə, gözü yaşarmağa başlayanda fil qəbiristanlığına gedən fillərə bənzəyirlər.
- Allah eləməsin, Həzi dayı. Maşallah, yüz cavana dəyərsiz.
- Məşdibad demiş, sənnən danışmaq asandı. Başqası deyər ki, fil niyə qəbiristana gedir. İndi gəl buna nağıl danış.
- Fillər ölümünü hiss edirlər, ölmək üçün fil qəbiristanına gedirlər...
- Helədi. Mənim də axır vaxtlar ürəyim lap kövrək olub. Ən adi isti sözdən kövrəlirəm, gözüm yaşarır. Gəldim səndən bir xahiş edim.
- Buyur, Həzi dayı.
- Mən bir kəşf eləmişdim, adi şeydi. Amma bu adi ən böyük kəşflərin açarıdı. Gələcəyin enerji mənbəyidi, daimi mühərrikdi. Hər bir canlının içində onun müstəqil yaşaması üçün daimi mühərriki çalışır. Ürək mühərrikdi, qan onun daimi yanacağı. Günəşdən istini alıb enerjiyə çeviririk. Enerjini yenidən istiyə çevirib qızınırıq. İnsan bədənində daim 36%-dən artıq istilik var. Niyə saata batareya əvəzinə bədənimdən aldığı istini enerjiyə çevirən element qoymayaq? Saat da mən sağ olan qədər qolumda çalışacaq. Niyə əl fanarı əlimin istisindən enerjini alıb yanmasın? Bunu sonsuza qədər sadalamaq olar. Bu tükənməz bir enerji mənbəyidi. Xülasə, mən bunları, hesablarımı bir dəftərə yazmışam. Gedən kimi sənin ünvanına göndərəcəm. Bir xahişim də var.
- Buyur.
- Bura gəldiyimi, bu söhbəti elədiyimi dostlarıma demə. Mənə sataşacaqlar. Onlar mənim işimi ciddiyə almırlar. Amma mən bunun içində bir sağlam toxum görürəm. Bunu cücərtməyə cavan alim ağlı, yorulmaz, dönməz alim çalışqanlığı lazımdır. Elmi tamam yeni bir yola yönəltmək olar. Yoxsa elmi enerji sahəsi həyatın əleyhinə işləyir. Çayların yolunu kəsib dəryaçalar yaradırlar. Su canlıdır. O, hərəkət edəndə diridir. Göllərdə, bataqlıqlarda ölümdən qurtarmaq üçün çalışır, bəndləri partladır. Yer də, təbiət də canlıdır. Bu tufanlar, zəlzələlər, təbiət fəlakətləri insanların müdaxiləsinə cavabdı.
- Vallah, nə deyim. Mən bu sahəni bilmirəm. Maraqlı fərziyyədir. Bunları mənə niyə deyirsiz? Dəftəri mənə niyə göndərirsiz?
- Heç, elə-belə. Bununla əlaqədar heç bir məsuliyyət hissi keçirmə. Cavansan, göz qabağındasan. İnşallah, çox yaşayacaqsan, hörmətin də artacaq. "Saxla samanı, gələr zamanı" məsələsidir.
- Gəlməsə?
- Heç gəlməsin. Nə itiririk? Mən gedim. Durma!
- Sizi yola salardım. Amma işim çoxdu. Sizi görməyimə şad oldum. Gələn il bu vaxt görüşərik.
- Təki görüşək, qismət olsun. Onlara demə. Mənsiz darıxarlar, - qapıya çatanda dönüb Əşrəfə baxdı, gülümsündü. Sifəti gözəlləşdi, dodaqları nazildi, - elə mənnən də bir yerdə olanda darıxırlar, - deyib qapıdan çıxdı.
* * *
Yeməkxanadan çıxanda Süzen astaca pıçıldadı:
- Yeməkdən sonra hərəkət eləmək yaxşıdı. Bir az həyətdə gəzinsək pis olmaz.
- Nə deyirəm, - Fatma hiss eləyirdi ki, hamının diqqət mərkəzindədi. Bilirdi ki, Süzenə görə ona yanaşmırlar. Süzen də yaxşı bilirdi qoca arvadların, elə kişilərin də ürəyini söz deşir. Təkliyə düşən kimi yazıq Fatmanın başına suallar yağacaq. Hərə öz məsləhətini verəcək. Deyəcəkdirlər, axı sən nazir müavininin anasısan. Süzen kimi adamla oturub-durmaq, hətta bir otaqda qalmaq sənə heç yaraşmaz. Yaxşı, müdir səhv eləyib səni Süzenlə bir otağa salıb. İndi səhvini düzəldib. Sənə başqa otaq təklif eləyir, başqa yemək stolu göstərir. "Yox, bura yaxşıdı". Süzen yaxşı bilirdi, bir balaca aralansa, Fatmanı araya alacaqlar. Biri deyəcək sənin ad-sanına yaraşmaz. Müdir özü sənin üstünə qaçır, başına dolanır, qulluq göstərir. Sən yapışmısan Süzenin ətəyindən. Deyəcəklər "Süzen ermənidi", "Süzen cuhuddu", "Süzen rusdu", "Süzen dəlidi".
- Gör nə hündürlükdə hasar çəkiblər. Adamın ürəyi darıxır. Nə olub axı? Bizi insanlardan qoruyurlar, yoxsa insanları bizdən qoruyurlar?
- Bu qalanın kökü insanların beynindədi bacı, bacı ha... İlk dəfədi kiməsə bacı deyirəm. Bağışla.
- Bağışla nədi. Çox yaxşı. Bacı sözünün nəyi pisdi?
- Bacı sözü yaxşıdı, mən yaxşı deyiləm. Sənə deyəcəklər, Süzen ermənidi, rusdu, cuhuddu, moltanıdı... Yox, təmiz müsəlmanam.
- Lap erməni də olsan fərqi yoxdu. Mənim üçün yaxşı insan var, pis adam var.
- Mən ilk dəfədi hiss eliyirəm, kiminsə xoşuna gəlmək istəyirəm. Bilirəm, mən aralanan kimi nələr deyəcəklər.
- Nə deyirlər-desinlər, qulaq asacam, sonra da deyəcəm: yaxşı tanıyıram, köhnə rəfiqəmdi.
- Ha-ha-ha - Süzen bərkdən güldü. Yeməkxanadan çıxanlar gülüş səsi gələn tərəfə baxdılar. Gülənin Süzen olduğunu görüb məəttəl qaldılar. - Ömrümdə türmədən sonra heç belə gülməmişdim.
- Boooy, bacı, sən türmədə də olmusan? Orda neynirdin?
- Heç, ekskursiyaya aparmışdılar.
- Dolama məni.
- Yox, cavanlıqda bir qələt eləmişdim. İndi də peşman döyüləm. Dörd il iş vermişdilər. Gülməli də olsa, ömrümün xoşbəxt illəri orda keçib.
- Can bacı, - Fatma onu qucaqladı - ürəyimi qana döndərdin.
- Amma onu burda bilən yoxdu, heç müdir də bilmir. Bu söhbət aramızda qalsın.
- Arxayın ol, elə bil quyuya daş atmısan.
Süzen söhbəti dəyişdi.
- Fatma, bu divar, bu qala ki var, əslində, insanların içindəki eqoizmin heykəlidi. "Bu ərazi mənimdi" demək onun hikkəsini soyutmur, onu təsdiq eləyən sənədlər gözünü doyurmur, qala çəkir, ərazini hasara alır. Bura mənimdi hikkəsini daşa döndərir. Axı bu torpaq təkcə bizim deyil, qarışqaların, atların, böcəklərin, incil ağaclarının, damdakı göyərçinlərin də, bu torpağın üstündə, altında görüb-görmədiyimiz canlıların da bizim qədər hüququ var. Bu qalanı çəkəndə onlardan soruşmuşuq? Bu sərhədləri çəkəndə yer üzünü yaradan Allahdan soruşmuşuq? Başdan-ayağa hikkəyik. Mən gedim bir az otaqda uzanım. Bu ürəyini söz deşənlər girəvə tapsın sənə yaxınlaşmağa. Sənə səbr, dözüm arzusu ilə...
- Süzen, sən mənə türmədən danışacaqdın. Bəs nə oldu?
- Danışaram da... hara tələsirik. Elə bura da türmədi. Ömürlük türmə. Danışmağa vaxtımız olacaq.
Süzen altdan-altdan fikir verirdi, o, uzaqlaşdıqca ətrafdakılar Fatmaya yaxınlaşırdı. "Yazıq Fatma indi o qədər səfeh suallar, çürük öyüd-nəsihətlər eşidəcək ki. Fatma da o qədər yazıq deyil. Hər sözə - booy, - deyib onları ürəyində dolayacaq".
* * *
Axşam Elim evə gələndə Nazlının qaş-qabağı yer süpürürdü. Elim Nazlını qonşu rayondan bir ilə yaxın idi götürüb qaçmışdı. Hələ Nazlının ailəsigilə barışığa getməmişdilər. Əhd eləmişdilər: "qucağımızda bir uşaq gedərik". Nəhayət, Nazlı üç ay idi hamilə idi. Nazlı aradabir xəlvət anası ilə telefonla danışırdı. Anasına bu şad xəbəri deyəndən, burda Nazlı, orda da anası günləri, ayları sayırdılar. Vaxt da qurbağa udmuş ilan kimi sürünüb keçib getmək bilmirdi. Nazlı qəsdən dabanını döşəməyə döyə-döyə yeriyirdi ki, Elim onun çox hirsli olduğunu başa düşsün.
- Nazka, xeyir ola. Havan adam yıxır. Nə olub?
- Nə zəhmətdi çəkib evə gəlmisən. Elə yatıb qalaydın o qızın yanında.
- Bu bədbəxtin qızı dörd-beş saatdı kəndə gəlib, bütün kənd adamı dəyib bir-birinə. Neynəyim? Mənə baş həkim işçi göndərib. Ona ev tapmalı idim. Gətirdim Ağasəfin boş qalmış evinə. O iki evin arasında uşaq qalıb tək.
- Hə... Əlbət ki, həm də sənə yaxın olar.
- Nazka, bu helə adam döyül.
- Əlbət ki, elə adam deyil, deyir tumanının qırmızısı göz deşir.
- Tuman deyil, dondu.
- Ay gözüm aydın.
- Nazka, bəsdi. Məni hövsələdən çıxarma, nazlı, nazlı, bu qədər də nazlı yox da... Acam, yemək gətir görüm.
- Yemək vermədi?
- Dedim ki, bu elə adamlardan deyil. Başa düş.
- Nədi? Prinsesadı?
- Ay qız, bu başqa adamdı.
- Bu başqa adamı sənin yanına niyə göndəriblər? Rayonda qırx kənd var, hərəsində də bir həkim məntəqəsi.
- Baş həkim mənim xətrimi çox istəyir. Milis rəisi ilə məsləhətləşiblər. Məni məsləhət biliblər.
- Milisin nə dəxli var?
- Dedim da, bu elə adamlardan deyil, - səsini aşağı salıb az qala pıçıltı ilə, əsəbi dilləndi, - türmədən çıxıb, dörd il iş veriblər, ikisini türmədə çəkib. Özünü yaxşı apardığına görə iki ilini məcburi əməklə əvəz eləyiblər. Amma gərək kənddə işləsin. Şəhərə getməyə ixtiyarı yoxdu.
- Vaxsey, qıza... bu neyleyib helə?
- Bu sirdi ha... danışmaq olmaz.
- Mən lal. Mumladım. Neynəyib axı?
- Nazka, qazın yatdı.
- Hə, Eliş, neyləyib, ürəyim partladı, de görüm neyləyib? De... mənə darıxmaq olmaz, - əlini qarnına vurub, - buna görə həyəcan keçirə bilmərəm.
- Yaxşı Nazka, bax ha... qulağını bura gətir...
- Evdə kim var ki, eşitsin, danış.
- Uşağımız eşidər.
Nazlı gülüb onun boynunu qucaqladı, qulağını Elimin ağzına yaxınlaşdırdı. Elim pıçıldadıqca Nazlı həyəcanla "Yox aaa! Vay! Vay! Vaxsey!... vay... vay".
- Bəs ona neyləyiblər?
- Heç nə, milisdən qovublar. Partiyadan çıxarıblar. Tısbağanı ya öldürdün, ya da arxası üstə çevirdin, nə fərqi var. Mənə yemək ver. Yazıqdı, o qıza da bir şey apar yesin, yəqin, bütün günü acdı.
- Adı nədi?
- Süsən, Süsən xanım de. Qoy şellənsin. Bax ha, türmədən-zaddan söz salma.
- Helə şey olar?
- Qorxmazsan ki?
- Niyə qorxuram, mənim nəyimi kəsəcək...
- Hi-hi-hi. Ay səni Nazka, aləmsən, vallah...
Nazlı çörək, qatıq, pendir, soyutma yumurta götürüb qonşu həyətə keçdi. Nazlı son vaxtlar heç hind kinosuna da belə böyük həvəslə getməmişdi. İşıq yalnız Süsənə verilmiş mənzildə yanırdı. Düşündü ki, "Ağasəf, yəqin, yatıb", qapını döymək heç ağlına da gəlmədi, içəri keçdi. Ağasəf qapının yanında oturub Süsənə gözünü zilləmişdi. Nazlını görüb ayağa qalxdı.
- Gəlinbacı, xoş gəlmisən.
- Sağ ol. Siz də xoş gəlmisiz, Süsən xanım. - Əlindəki sinini stolun üstünə qoydu. Üstündən örtüyü götürdü. Yeməyi görüb Süsənin gözləri parladı. - Ədə, nə ağzını ayırıb qıza tamaşa eliyirsən, get samovara od sal. Quru çay yadımdan çıxıb. Get bizdən çay gətir.
- İndi, bu saat, samovarı çöldə qoyum?
- Əlbət ki, evdə bizi tüstüdə boğarsan. Qaç.
Bu ucaboylu, enlikürək, nəhəng oğlan uşaq hərəkəti ilə çölə qaçdı.
Süsən onun arxasınca baxıb gülümsündü.
- Qəribə oğlandı, bayaqdan gəlib oturub qapının ağzında, gözlərini döyə-döyə mənə baxır.
- Ay qız, oğlan nədi? Ağasəf uşaqdı, boyu çıxdığına baxma, 17 yaşı gələn Novruz bayramında olacaq. Sulu yerin qamışı kimi vızz eləyib çıxıb göyə, Allaha pay aparır. Baxırsan, maşallah, yekə kişidi. Amma ağlı uşaqdı hələ.
- 17 yaşı var? Maşallah, deyirəm axı, baxışı dumdurudu. Yaxşı ki, gəldin, yoxsa durub getmək heç ağlına da gəlmirdi. Burda lampa da yox idi, getdi öz evindəkini çıxardıb gətirdi. Lovğalandı, "mən qaranlıqda yatıram, qorxmuram", - dedi. Elə bəlkə uşaq qorxurmuş, ona görə durub getmirmiş?
- Səni görüb mən arvadlığımla sənə vurulmuşam. Çörəyə dəvət eləmək yadımdan çıxıb. Yaxın otur. Bu sənin payındı. Mənə baxma, ye! Adım Nazlıdı, Elimin arvadıyam, Elimin.
- Hə?... Çox yaxşı. Tanış olmağımıza şadam.
- Mən də. Tibb bacısısız?
- Yox, əslində, dərzilik üzrə peşə məktəbini bitirmişəm. Sonra həkim yanında çalışdım. Yara sarımaq, nə bilim, belə şeylər. İki il işlədim. İndi bəzi şeyləri bilirəm. Göndərdilər burda Elim doktorun yanına.
- Elim yaxşı həkimdir, kənddə hamı onun başına and içir. Hörmətini saxlayır.
- Bəs siz yemirsiz? - Süsən stola yanaşdı, təndir çörəyini götürüb qoxladı, - oxqay, nə gözəl ətri var.
- Sən ye, biz, - deyib əlini qarnına çəkdi, - bundan bir az əvvəl yemişik.
- Xəbər var?
- Hə. Üç aylıqdı.
- Sağ-sağlam olsun, salamat qurtar, təbrik edirəm. Yaman acmışam. Gözəl pendirdi. Çox sağ ol, Nazlı bacı. Nə gizlədim, səhərdən acam.
- Biz lap yaxındayıq. Nə sözün, nə çətinliyin olsa, gəl. Hər şey yaxşı olacaq. Deyirsən, dərzisən?
- Hə, amma çoxdandı məşğul olmamışam.
- Boş vaxtında bizə don tikərsən.
- Tikiş maşınım yoxdu.
- Eliş mənə alıb. Zingerdi. Köhnədi, amma deyirlər yaxşı maşındı.
- Hə, o məşhur firmadı. Parça alarsan, görək nə çıxır.
- Əla, bəxtimiz gətirdi, - yenə əlini qarnına çəkdi, - əsas buna görə deyirəm, çoxlu pal-paltar lazım olacaq. Səni Allah mənim üçün göndərib. Qaldı Ağasəfə, tərbiyəli uşaqdı, avamdı, nə tapşırsan onu da eliyəcək. Yatmaq vaxtında ona de ki, get yat, gedib yatacaq.
- İndi siz deyəndə başa düşdü. Yoxsa baxırsan, maşallah, yekə kişidi. Oturub qalıb yanımda. Qatıq da ləzzətlidi. Getmir, get deməyə də adam qıymır.
- Öz camışımızın qatığıdı. Çörəyi də özüm bişirmişəm.
- Əlin-qolun var olsun. Nazlı, çətini bura kimi idi. Qalanını özüm idarə edərəm. Sən də o qarnındakı cavan oğlanı apar yatızdır.
- Allah ağzından eşitsin. Oğlan olsun. Sənə yaxşı bir hədiyyə məndən.
Ağasəf əlində çay, qənd otağa girdi. Tövşüyə-tövşüyə onları stolun üstünə qoydu. Süsənin çörək yediyini görüb təəccüblə baxdı.
- Hə, Ağasəf, nə oldu?
- Heç-heç, - Ağasəf elə bil səksəndi, - gülümsünüb pıçıltı ilə, - çörək yeyir, - dedi.
- Yoxsa elə bilirsən qəşəng qızlar çörək yemir?
- Yox, gəlinbacı. Bilirəm, yeyir, - Ağasəf çaşdı, - bilirəm yeyir. Samavar indi qaynayar. Gətirim?
- Hə, Ağasəf, samavarı gətir, çay dəmlə.
- Özüm dəmləyərəm, - Süsən udquna-udquna dedi.
- Ağasəf, stəkanları da gətir, özün də çay iç, çörək ye.
- Yemişəm.
- Lap yaxşı. Çay da iç, sonra get öz otağına yat. Qız yorulub, qoy yeyib-içib dincəlsin. Yaxşı?
- Hə, yaxşı, gəlinbacı. Gedim stəkanları gətirim, - otaqdan çıxdı. Süsən Nazlıya baxıb gülümsündü.
- Çox sağ ol, Nazlı bacı, dərs cədvəlini verdin. Lap acından ölürəmmiş.
- Yaxşı, gecən xeyrə qalsın.
- Xeyrə qarşı gəl, - Süsən ağzındakı loxmanı çeynəyib udub bu sözləri deyincə Nazlı artıq qapıdan çıxmışdı.
Ertəsi gün kəndin bütün qadınları xəstələnmişdi. Tibb məntəqəsinə gələnlər, biri çolpa, biri toyuq, o biri beş yumurta, biri xoruz, xülasə, kimin nəyə gücü çatırdı, onu gətirib gəlmişdi. Əslində, qızın haqqında hər evdə bir əfsanə danışılmışdı. Amma bir şeyi hamı deyirdi, qız gözəldi, kimsəsizdi, milis nəzarəti altındadı. Payların çoxu ona görə idi. Onsuz da kənddə həkimə əliboş getmək layiqsiz iş sayılırdı. Kəndə milislə gələn sinəsi açıq, qırmızı don geymiş o qızı hər kəs öz gözü ilə görmək, danışdırmaq istəyirdi.
Xəstəlik bir gecədə bütün qadınlara yoluxmuşdu. Elim doktor da onların xəstəliyini yaxşı bilirdi. Elə ona görə otaqdan çıxdı, qapını açıq qoydu.
- Bahoo, nə çox xəstəmiz var. Xoş gəlmisiz.
Güldəstə arvad özünü qabağa verdi.
- Elim doxdur, mənim dərdim sənə deyiləsi deyil, arvad xəstəliyidi. O təzə gələn doxdura demək istəyirəm.
- Güldəstə xala, bu gün nə çox adam xəstələnib.
- Ədə, havaların dəyişən vaxtıdı dayna. Arvad xeylağı havadan nəm çəkən şeydi.
- Bilirəm ey, Güldəstə xala, bilirəm. Onsuz da mənim bu gün işim çoxdu, şəhərə gedirəm. Amma siz də burda qarğa bazarı açmayın. Təzə adamdı. Hürkütməyin.
Güldəstə səsini pıçıltıya döndərdi:
- Deyirlər, hürkən bala deyil.
Elim də eyni pıçıltı ilə:
- Yaxşı, yaxşı, qərib adamdı.
Sonra səsini qaldırdı:
- Süsən doktor.
- Bəli, həkim, - deyib qız eyvana çıxdı. Hamı susdu. Güldəstənin dalınca gəlmiş toplan it də baxıb əvvəl quyruğunu buladı, bir ağız hürüb gözünü qıza zillədi. Güldəstə elə bil yuxudan ayıldı:
- Sus, quduz dəysin sənə, nədi, doxdur görməmisən?
- Süsən doxdur, mənim bu gün işim çoxdu. Bunlar sənin xəstələrindi. Bir-bir qəbul elə. Gətirdikləri payları da götür. Xətirlərinə dəymə. O göy dəftərə qeyd elə.
- Toyuq-cücəni?
- Yox, xəstələrin adlarını. Mən getdim.
* * *
Axşam işdən gələndə Elimin darvazasının qabağında Süsən Nazlı ilə qarşılaşdı. Süsənin əlində içi ərzaqla dolu bağlama vardı. Ağasəfin qucağında ayaqları bir-birinə bağlanmış toyuq, çolpa, xoruz. Ağasəfin xoşbəxt gözlərindən qığılcım yağırdı. Nazlı Ağasəfə müraciət elədi:
- Hardan belə, ay Ağasəf. Nə çox toyuq-cücən var?
- Gəlinbacı, uşaqlara qoşulub mal qabağına çıxmışdım. Qayıdanda təsadüfən idarənin yanından gəldim, gördüm Süsən doxdur məni çağırdı. Dedi gəl kömək elə.
- Toyuqları satın aldız?
- Yox, pay veriblər. Süsən doxdura veriblər.
- Axşamın xeyir, Nazlı bacı, - Süsən qəsdən növbəti sualın qarşısını aldı.
- Xoş gördük. Qoy görək, ay qız, mən bunu danışdırmaqdan ləzzət alıram. Ağasəfin utanıb qızardığını havanın alatoranı da gizlədə bilmədi, başını aşağı dikdi. Süsən Ağasəfə diqqətlə baxdı, oğlanın bu halı ürəyini ağrıtdı.
- Uşağı utandırma, - dedi. "Uşaq" sözü Ağasəfi daha pis vəziyyətə qoydu.
Nazlı ərklə:
- Ədə, nə durub burda arvadların sözünə qulaq asırsan. Maşallah, yekə kişisən. Get həyətə toyuq-cücəni hinə sal. Samovarı qaynat.
- Yaxşı, gəlinbacı, yaxşı. - Təqsirkar uşaq kimi başını qaldırmadan həyətə yollandı.
- Sən də təsadüfən yola çıxmısan? - Süsən Nazlıya dedi.
- Yox, yalan demiyəcəyəm. Bu qarnımdakı oğlan dedi gedək Süsən xalanı qarşılıyaq. Görək iş günü necə keçib. Elim dedi, vallah, kəndin bütün arvadları birdən azarlayıb. Hamısı baxdırmağa, baxmağa gəlmişdi. Mən də mane olmadım.
- Hə, qəribə adamlardı. Yalan da tapmırlar danışmağa, dağdan, bağdan danışırlar.
- Eh, Elim məni qaçırdanda bugünkü kimi yenə hamısı azarladı, amma heç kəs həkim məntəqəsinə getmədi, hamı basıldı həyətə. "Ay doxdur, filandı, ay doxtur, beşməkandı". Axırda Elim dözmədi, qışqırdı, Nazlı, çıx çölə. Qoy səni görsünlən, yoxsa bunlar sağalan deyil!
- Amma bu gün xəstələrdən biri dedi ki, eşitmişəm yaxşı dərzisən.
Nazlı bir an tutuldu. Özünü o yerə qoymadı.
- Ay qız, sən bu camaatı yaxşı tanımırsan. Mən evdə yorğanı başıma çəkib xorulduyuram. Onlar kəndin o başında eşidir. Havayı yerə demirlər ki, yerin də qulağı var.
- Var, var, bacı, - Süsənin təsdiq eləməkdən başqa çarəsi qalmamışdı. - Mən gedim bir az dincəlim.
- Sən arada Ağasəfi göndər gəlib "zingeri" aparsın.
Görüş Nazlının istədiyi, gözlədiyi kimi alınmamışdı. Elə bilirdi, Süsən ona qırın-qırtıq, dil-ağız edəcək. Çünki o, Elim doxturun arvadı idi. Yəni, Süsənin müdirinin. Həm də dünən ona xeyirxahlıq eləmişdi. "İnsana yaxşılıq yoxdu" düşündü.
- Gedək, oğul, gedək, - deyib həyətə girdi.
Süsən gələndə Ağasəf artıq həyətin ortasında ocaq qalamışdı. Ocaqdan düşən közlərdən samovara atırdı. Samovar elə bil hansısa qədim bir mahnını mızıldayırdı. Ocağın başında çömbəltmə oturan Ağasəf elə bil indicə o qədim nağıllardan çıxıb gəlmişdi. Enli kürəkli, uzun güclü qolları köynəyə sığmırdı. Qıvrım qara saçları, çatma qaşları, iri qara gözləri, çiyələk kimi qırmızı dodaqlarının üstündə yeni çıxmış, hələ qaralmamış bığları ona xüsusi yaraşıq verirdi. Hələ uşaqlığını qoruyub saxlamış girdə yanaqları ocağın şöləsi düşdükcə elə bil yanırdı. Süsən bu axşamı, bu həyəti, bu ocağı, bu oğlan oyuncağı ötüb keçən bütün həyatına dəyişməzdi. Samovara baxmaq bəhanəsi ilə Ağasəfə yaxınlaşdı, bu zaman burnuna nəyinsə qıcqırmış iyi, tər iyi, kirli paltar iyi gəldi. Özünün də baş açmadığı bir ərklə:
- Ay Ağasəf, sən heç çimmirsən.
Ağasəf sualı çox təbii qarşıladı.
- Çimirəm ey, - istədi “müəllim” desin, özünü saxladı, - çimirəm, Süsən doxdur.
- Harda?
- Yayda çayda çimirəm uşaqlarnan.
- Vəssalam?
- Hə də...
- Arvadlar da çayda çimir?
- Yox.
- Bəs harda çimillər?
- Nə bilim, bilmirəm.
- Xəbərin var ki, səndən qıcqırmış iyi gəlir? Yekə oğlansan, özünə fikir ver. Çim, başa düşdün?
- Bəli, - Ağasəf sakitcə ayağa qalxdı, həyətdən çıxdı. Süsən onun arxasınca baxdı: "baxanda pəhləvan kimi nəhəng adamdı. Danışdırırsan olur birinci sinif uşağı. Qoy ağlı başına gəlsin!". Süsən çay dəmlədi, samovarı apardı evə. Ağasəfə də çay süzdü. Çayını içdi, şirin çay eləyib pendirlə çörək yedi, qulağı səsdə, gözü qapıda idi. Amma Ağasəf gəlib çıxmadı. "Yəqin, xətrinə dəyib, küsüb. Olsun, daha da yaxşı, ayılar, bəlkə, çağırım, yedizdirim, başa salım. Yox, belə yaxşıdı. Səhər könlünü alaram". İşığı söndürüb çarpayıya uzandı. Səhər xoruzun səsinə oyandı. Ağasəf həyətdə yox idi. Eyvana çıxdı, gərnəşdi.
Mirzə Hüseyn bəy həyətində üzbəüz iki ev tikmişdi. Biri indi Süsənin qaldığı üç otaqlı hündür kürsülü qonaq evi idi. İkinci onunla üzbəüz olan iki otaqlı, yerdən bir daş yuxarı olan özlərinin qaldığı ev idi. Ağasəf o evdə qalırdı. Süsən gəlincə qonaq evinin qapısı cəftəsi keçirikli idi. Nəinki evə girən, heç eyvanına da çıxan yox idi. Ağasəf özü də o evə girmirdi. Ona elə gəlirdi ki, o ev tamam başqa bir insana aiddir. Nə zamansa o insan gəlib qapını açacaq, işığı yandıracaq. Ağasəf elə bilirdi o evin sahibi gəlib, evin işığı yanıb. Ağasəfin özünə də aydın olmayan arzuları, ümidləri cana gəlirdi, reallaşırdı. Süsən "çim" deyəndən sonra həyətdən çıxdı, bir də gördü çayın başındadı. Qayanın üstündə qayadan çaya dar cığır enirdi. Çaya böyürtkən kollarının arasından burula-burula düşən cığır, çay, çayın səsi ona çox vahiməli görünürdü. O qorxunu ayağının altına yıxıb, tapdalaya-tapdalaya cığırla endi. Süsən ona çim demişdi. O da çimməli idi. Çayın qırağında, daşlıqda paltarını soyundu. Ən vahiməlisi çayın səsi idi. Dəli çayın səsi qayalara dəyib qayıdıb çaya tökülürdü. İkiqat güclənirdi. Su soyuq idi. Ağasəf gördü suya yavaş-yavaş girə bilməyəcək. Bir çarə vardı; suya atılmaq. Atıldı. Nəfəsi bir an içində boğuldu. Sonra suya cumdu. Elə bil su isindi. İndi də sudan çıxanda soyuq olurdu. Əli ilə başını, bədənini sürtdü. Birdən ona elə gəldi ki, yad səs eşitdi, hənir duydu. İrtindi, tez sahilə çıxdı. Tələsik geyinməyə başladı. Cığırla qaçıb qayanın üstünə qalxdı. Elə bildi ayaq səsləri gəlir. Arxaya baxmadan evə qaçdı. Ayaq səslərini lap yaxında, sonra boynunun dalında, həyətə girəndə lap boğazında, ağzının içində eşitdi. Dayandı, o yan-bu yana boylandı, sakitlik idi. Birdən başa düşdü ki, bu ayaq səsləri deyil, öz ürəyinin döyüntüsü imiş. O səslər boğazından sinəsinə endi. Əlini sinəsinə qoyub gülümsündü. Bərk üşüdü, evə qaçdı. Elə paltarlı-paltarlı yorğana büründü. Nə vaxt yatdığını özü də bilmədi.
- Ağasəf, ay Ağasəf, - Süsən onu çağırdı. Ağasəf Süsənin səsini eşitdi, cavab vermək istədi, ağzını aça bilmədi, dişləri dişlərinə sıxılmışdı. Titrəyib, bir-birinə dəyib şaqqıldayırdı. Qalxmaq istədi. Bacarmadı, bədəni yara kimi idi. Sümükləri göynəyirdi. Qapı aralandı. Süsən içəri boylandı. Ağasəf taxtın üstündə uzanmışdı. Bütün bədəni titrəyirdi. Süsən cəld hərəkətlə ona yanaşdı.
- Nə olub sənə?..
- Bi..bi, bilmirəm, üşüdüm.
- Od içində yanırsan. Harda belə özünü soyuğa verdin?
- Çimdim.
- Harda?
- Çayda.
- Gecə?
- Hə.
- Gecə, soyuqda, çayda?! Niyə!
- Dedin çim! Çimdim da!
- Qorxmadın!?
- Qorxdum, bir az!
- Can... paltarın da sudu... dayan, indi gəlirəm, - həyətə düşdü. Özünün yetim ikən qorxduğu gecələr yadına düşdü, - can... dilim qurusun mənim, dilim qurusun! Boy-buxununa niyə aldanırsan, görmürsən uşaqdı, - Süsənin içindəki illərlə isti görməyən buzlar birdən-birə əridi, gözlərindən axdı. Çalışdı gözlərini silib, özünü toxdayıb Elimgili köməyə çağırsın. Göz yaşları sözünə baxmırdı. Axırı təslim oldu, - caaan... - deyib hıçqıra-hıçqıra ağladı. Sonra qəfil səsini kəsdi. Gözlərini sildi, Elimgilə qaçdı.
* * *
Əşrəf Qəfər kişidən məktub aldı, açdı.
“Çox hörmətli Əşrəf müəllim, salam! Məni təcili kəndə çağırdılar. Qarım şalaxlıyıb. Öyrənmişəm ki, Süsən kəndə gəlincə 14 ¹-li sənət məktəbində oxuyub, dərzilikdə. Soyadı Yolçuyeva olub. Səndən xahiş edirəm onu öyrən. Türməyə orda oxuyanda düşüb. Yazası olmasan da, yazsan da, bu öz işindi. Heç olmasa mənim üçün öyrən. Qardaşoğlu, bilirəm, işinin çox vaxtında sənə zəhmət verirəm. Bir də xahiş edirəm, onu öyrən. Mən məşğul olardım. Amma bu işi mən sənin kimi bacarmaram. Həm də sən qəzet işçisisən, məşhur yazarsan. Mən kiməm? Ərk etdiyimə görə bağışla.
Hörmətlə, Qəfər.”
Məktubu oxuyub uzun müddət kağıza baxdı. Bu işsiz qocaların əlində qalmadım? İndi gəl 14 ¹-li peşə məktəbini tap, arxivini açdır. Qəfər kişi mənə qaçmağa da yol qoymayıb. Ağzımı dağa dirəyib. Məktəbi tapsam, bəlkə, orda köhnə müəllimlərdən qalmış ola. Məlumat bürosundan məktəbin ünvanını, direktorun telefon nömrəsini öyrəndi. Katibə: - Məktəbin direktoru Dəmir müəllimdir - dedi. Onları calaşdırdı. Dəmir müəllimə: - Mən Əşrəf Sarıqayalıyam, "İrəli" qəzetinin şöbə müdiriyəm. Sizin məktəb çox qədim və şan-şöhrətli məktəbdir. Bir geniş material yazmaq istəyirəm. Məktəbin keçmişi və bugünü məni maraqlandırır.
Dəmir müəllim böyük həvəslə razılaşdı, dedi ki, iki nəfər köhnə müəllimlərdən də var. Yaşları çoxdu, amma yaddaşları saat kimi işləyir. Görüşmək üçün vədələşdilər.
...Əşrəfi Dəmir müəllim özü qarşıladı. Öz kabinetinə apardı. Çay gətirdilər. Dəmir müəllim qarayanız, arıq, qırx-qırx beş yaşlarında çevik bir insan idi.
Əşrəfə danışmağa macal vermədi.
- Çay için.
- Sağ olun. Gözəl binanız var.
- Bina köhnədi, əlli ilin binasıdı. Çölü qaşınıb, indi belə eləyirlər, içinə də əl gəzdirmişik. Cavanlaşıb. İndi belədi planımız, uşaqlar da siznən görüşmək istəyir, müəllimlər də, mən də axırda siznən, yaxında bir yaxşı restoran var, orda görüşmək istəyirəm. Necədi?
- Nə?
- Planımız. İstəyirsən tender keçirək, ən yaxşı planı seçək, - güldü, - indi dəbdi axı.
- Çox sağ olun. İcazə olarsa, - Əşrəf güldü. - Mən də tenderdə öz planımla iştirak edim.
- Buyur, bir şərtlə, restorandakı görüş müzakirə olunmayacaq.
- Düzdü, mənim insan haqlarım pozulur. Olsun, o da olmasa biz biz olmarıq... Əvvəl müəllimlərlə elə sizin kabinetdə görüşək. Söhbətləşək. Əlbət ki, burda çoxdan çalışan, yaşlı adamlara zəhmət verib çox saxlamayaq. Sonra gənclərlə görüşüb onları dinləyərik. Sonra da mən sənin restoran layihəni qeydsiz-şərtsiz qəbul edirəm.
- İndi, qardaş, sən mənə düzünü de. Bu məktəb hardan yadına düşüb? Əsl məqsədin nədir?
- Gözü qorxmuş adama oxşuyursan.
- Eh qardaş, vallah, müxbirlərin əlindən qaçıb gizlənirəm. Müxbir zəng eləyən kimi, bir yazıçı dostum var, ona zəng edirəm, soruşuram, filan qəzet müxalifət qəzetidi, yoxsa yox. Sonra müxbirin adını deyirəm, soruşuram, necə insandı. Reket deyil ki, xətrinə dəyməsin, vallah, müxbirlər indi reketlik eləyir. Səni soruşdum. Dedi, ciddi insandı. Dedi, o helə yerlərə gedən insan deyil. Görünür, nə isə ciddi bir şey düşünür.
- Ciddi deyəndə, zaman dəyişib. Gənclərə birinci növbədə peşə lazımdı. Yoxsa hamı instituta qaçır. İnstitutu pulla qurtarır. Yuxusunda da pul görür. Yarımçıq bilikli yüz həkim bir xəstəni sağalda bilməz, öldürər. Amma yüz xəstəni bir yaxşı həkim sağalda bilər. Ondansa pul qoyub bir yaxşı həkimi xaricdən gətirmək olar. Əslində, biz bunu eliyirik. Yaxşı futbolçunu milyonlar verib komandamıza dəvət edirik. Yəni, canımızın bir futbol matçı qədər dəyəri yoxdur. Yaxşı peşəkar, sənətkar yarımçıq alimdən, yalançı akademikdən evdə də, çöldə də min dəfə qiymətli, gərəkli, həm də hörmətlidir.
- Sağ ol, vallah! Bizdə bu düşüncə hökmran olmayınca dəllək olası adam cərrah olacaq, cərrah olası adam dəllək. Sənin kimisini görəndə adam inanır ki, həyat yaxşıya doğru dəyişir, - düyməni basdı, - müəllimlərə de bura gəlsinlər - indi gələrlər.
Əşrəf üçün ən çətini söhbəti o illərə aparmaq, bir qızın həbsə alınmasına gətirib çıxartmaq idi. Bunu necə başlayasan? Müəllimlər gəlib əyləşdilər. Dəmir onları Əşrəfə, Əşrəfi onlara təqdim elədi.
- Dəmir müəllim, sizin məktəbdə hansı sənətlər üzrə siniflər var?
- Tikinti, xarrat, çilingər, montyor, dəmir yolunda parovoz sürücüləri, sərnişin qatarında vaqon bələdçiləri.
- Bəs dərzi, papaqçı, dəllək?
- Yox, onlar yoxdu.
- Bunlar da çox vacib sahələrdi.
- Vacibdi. Biz təzəcə müstəqil olmuşuq. Bəlkə, gələcəkdə açıldı.
Küncdə oturan yaşlı qadın məktəbli kimi əlini qaldırdı.
- Buyurun, Mələk xanım. Buyurun.
- Əşrəf müəllim, veteran müəllimlərdən ikicə nəfər qalıb, biri Dadaş müəllimdi. Dedilər xəstədi, bu gün gəlməyib. Bir də Mələk müəllimədi. Mələk xanım, buyurun.
- Var idi. Sonradan bağlandı.
- Nə var idi? - Dəmir soruşdu.
- Dərzilik sinfi var idi. Təzə gələn müdir bağlatdı.
- Dəmir müəllim? - Əşrəf təəccüblə soruşdu.
- Yox, Dəmir lap təzədi. O vaxt - otuz il bundan əvvəl təzə gələn müdir.
- Niyə? Yəqin, bir səbəb olub da...
- Hə. O sinifdən bir qız tutuldu. Müdir qızı müdafiə elədi. Qız günahsız idi.
- Qız neyləmişdi?
- Uçaskovu, milisi, o vaxt milis deyirdilər, sahə müvəkkilini bıçaqlamışdı. Özü də pis yerindən. Yetim qız idi. Milis ölməli köpəyoğlu idi.
- Alçaq sovet dönəminin eybəcərliyi! - Dəmir qəzəbləndi.
- Sovetin burda nə günahı var? Alçaq elə indi də alçaqdı.
Əşrəf ipin ucunu əldən vermək istəmədi:
- Daha sinfi niyə bağlayırlar? Qızı müdafiə edə bilmədiz?
- Ay oğul, dərzilikdə qızlar oxuyurdu. Arasında çox gözəlləri olur. Elə o qızı da xalıq qüdrətindən yaratmışdı. Müdafiə elədik. Milisi partiyadan, sistemdən çıxartdılar. Amma qıza da dörd il iş verdilər.
- Eh, Əşrəf müəllim, belə şeylər qaldı keçmişdə, indi...
- Elə bu qaranlıq keçmişdən danışanda müqayisədə bu gün daha işıqlı, daha maraqlı görünəcək. Gör hardan hara gəlmişik. Bu çox maraqlı olar. O hadisədən sonra, sizin bugünkü işləriniz daha "bariz", - bu sözü Əşrəf xüsusi vurğuladı, - gözə çarpacaq.
- Vallah, Əşrəf müəllim, bu əhvalatı heç mən də bilmirdim. Mələk xanım, bunu heç danışmamısız.
- Müdir, heç danışmışıq ki, bunu da danışaq? Əslində, bu məktəbin şərəfini göstərən bir hadisə idi. Müdir də, tələbələr də qızı müdafiə elədi. Mən də şəxsən məhkəmədə şahidlik eləmişəm. Milis leytenantı qəsdən bura avara uşaqları göndərib dava saldırırdı. Sonra gəlib çökürdü müdirin boğazına, hamısı da qıza görə. Qız da oğlangərək idi.
- Xanım müəllimə məktəbin canlı tarixidir ki. Mən sizin telefonunuzu götürüm.
Dəmir sevincək:
- Əşrəf müəllim düz deyir, indinin yeri deyil. Onu Əşrəf müəllim ayrıca yazar. İndi görüşə gedək.
* * *
Süsənin gözəlliyi başına bəla idi. Daim özünü qorumaqla məşğul idi. Yetimlər evində qoca bir qadın müəlliməsi vardı. Süsəni çox istəyirdi, əvvəllər özü çimizdirərdi, saçını darayardı. Sənət məktəbinə yola salanda Süsənə dedi ki, "unutma, sənin heç kəsin yoxdu. Ən yaxın qohumun, dostun öz ağlındı. Ən böyük düşmənin gözəlliyindi. Sahibsiz gözəl qız yol yanında sahibsiz alma ağacının budağında gözəl bir almadır. Bil, bil ki, onu yemək hər kəsin könlündən keçər. Bir dəfə təslim olsan, sonra ömrün boyu əldən-ələ keçəcəksən. Təslim olma, təslim olma, təslim olmaq ölümdən betərdi. Ölüm Allah əmridi, təslim olmaq sənin əmrindi. Günahkar təslim olandı". Süsənin irəlidə daha yolu qalmamışdı. Ya təslim olmalıydı, ya da nə? O bütün gecəni "nə"ni axtardı, yolu axtardı. Hamı bilirdi, Sirac onu izləyir. Ələ keçirməyə, sındırmağa çalışır. Mübarizə aparmaqdan məktəbin müdiri də yorulmuşdu. Milis serjantı qızı müdirin otağına çağırtdırdı, qızın çantasından nəşə çıxdı. Süsən and içdi, ağladı ki, mənim bundan xəbərim yoxdu. Milis əl çəkmədi. Qızı apardı sahə müvəkkilinin yanına. Aktı da, nəşəni də qoydu Siracın stolunun üstünə, çıxdı çölə.
- Allah haqqı, mənim xəbərim yoxdu, siz də bilirsiz yoxdu. Özü qoyub çantama. Axı məndən nə istəyirsiz?
- Bilmirsən, nə istəyirəm? Səndən səni istəyirəm. Akt əlimdə, nəşə dəlil kimi burda. Dörd il iş alacaqsan.
- Mən heç nəşə nə olduğunu bilmirəm. Mənim xəbərim yoxdu.
- Əşi, bunu mən də bilirəm xəbərin yoxdu. Hər yerdə sənsən, hara baxıram səni görürəm. Yuxuda sənsən. Sabah bu vaxt gəl. Sabaha kimi bu işi saxlayacağam. Axşam saat yeddiyə burda tək olacam. Sən də elə gəl görən olmasın, ya da birisi gün dörd il.
- Yaxşı, indi ki, belə istəyirsən, Allahın əmriynən al məni, evlənək. Səni istəmirəm. Amma əlacım nədi, razıyam.
Sirac uğunub getdi.
- Gör ha, mənə gələr. Subay da olsam almazdım, yoldan tapılmış qızla milis baş leytenantı evlənər? Mən evliyəm, bir qızım da var.
- Bəs qorxmursan qızının başına gələr?
- Gicdəmə, qızım böyüyüncə mən ya şəhərin milis rəisi olacam, ya da daxili işlər naziri. Sabah axşam saat yeddidə. Görürsən bu sənədi? Məktəbin direktoru da buna qol çəkib. Gələrsən, cırıb ataram.
Süsən bir an yumşalıb qəlbində özünü razı salmaq istədi. Yaxşı, qayıdıb gələndə nə cavab verəcəyəm. Niyə buraxdılar deyəcəm? Sonra Sirac hər dəfə kefi istəyəndə hırıldaya-hırıldaya məktəbə gələcək. Yox, yox, yox. Bundan dörd il yaxşıdı. Dörd il dolanıb keçəcək. Amma bu, ömrümün sonuna kimi keçməyəcək. Yox! Amma nəşə alverçisi kimi türməyə girməyim ondan da betərdi. Yaxşı, Sirac, görək kim kimə! Gərək hər şeyi yaxşı fikirləşim. Ordan çıxanda hara qaçım? Elə yenə milisə, rayon milis şöbəsinə. Bir var onlar məni tuta, bir də var özüm onların üstünə qaçam, imdad istəyəm".
Milis polkovniki Mədətov qızın qarşısında var-gəl edib dayandı ki, nəsə soruşsun. Gördü qızın bütün bədəni tir-tir əsir. Qız öz əllərindən qorxan adam kimi öz əllərinə baxır. Rəis qapının yanında dayanan milis qadına acıqlandı.
- Uşağa su ver dana. Görmürsən nə gündədi?!
- Dayı, vallah, hamısını düz deyirəm, - dedi Süsən, ağladı.
- Ağlama, bala. O oğraş şalvarın çıxartmışdı, sən onu vuranda. - Qız su gətirdi. Süsən suyu içib, başı ilə təsdiq etdi.
- Elə de, qoy bunlar da eşitsin. Sonra bunu çox təkrar edəcəksən.
- O mənə dedi soyun. Dedim mən hazıram, sən soyun. O da hırıldaya-hırıldaya soyundu. Mən divanda oturmuşdum. Gəldi mənə tərəf. Dedim işığı söndür, dedi niyə? Dedim şəkil mənə baxır. Divarda Leninin şəklini göstərdim. Güldü, işığı söndürdü. Mən bıçağı çıxardıb ətəyimin altında gizlədim. Dedim lap yaxınlaşsın. Yaxınlaşdı. Bıçağı var gücümlə ora çəkdim. Əllərim qan oldu, - qız yenidən əllərinə baxıb hıçqırdı, - qan, qaçdım.
- Sakit ol, bala... birbaşa bura gəldin?
- Bəli, bəs hara gedəydim?
- Eşitdiz? - Yanındakı milis mayoruna, - get o oğraşın şalvarında bıçaq yeri olmadığını rəsmiləşdir. Sonra deyəcək ki, gəldi kabinetə, məni bıçaqladı. Dünən niyə gəlib şikayət eləmədin?
- İnanmazdız mənə. Məktəbin direktoru da qol çəkdi, neynəsin, çantamdan çıxıb. Vallah, xəbərim yoxdu. Heç ağlıma gələn şey deyil.
- Deyirsən dedi ki, daxili işlər naziri olacaq?
- Hə!
- Oldu da! Oldu. Qızı aparın. Orda bir babat yer düzəldin, bu gecəni qalsın. Məsləhətləşək, görək neynirik.
davamı