Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Seymur Həziyevin döyülməsi ilə pozulan sükut


CƏMİYYƏTİN GÖZÜNÜ QORXUTMAQ...

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həziyevin martın 25-dən 26-a keçən gecə döyülməsini belə qiymətləndirir.
O hesab edir ki, seçki öncəsi, müxalifətdə və ya cəmiyyətdə hansısa canlanma olanda jurnalistlərə qarşı belə zorakılıq edilir ki, başlanan fəallığın qarşısı alınsın. Mehman Əliyev 2008-ci ildən sonra davam edən sakitliyin yenidən pozulmasını olduqca mənfi əlamət sayır.

«Azərbaycanda artıq ənənəyə çevrilib, elə ki, cəmiyyətdə seçki və ya hansısa ictimai- siyasi vəziyyətlə bağlı fəallıq artmağa başlayır birinci növbədə dəyənək jurnalistlərə dəyir. Son zamanlar siyasi proseslərin yüksəlişini görürük. Yenə də qorxutmaq, kimlərisə yerində oturtmaq istəyirlər və s. Mən baş verənləri belə görürəm».

«JURNALİSTİ DÖYMƏK, ELƏ İCTİMAİYYƏTİ DÖYMƏKDİR»

Mehman Əliyevə görə, jurnalistlərin hədəf seçilməsi də təsadüfi deyil.

«Jurnalistlər gedən prosesləri dərindən izləyir, bu barədə yazırlar. Onların yazdıqları ictimai müzakirə mövzusuna çevrilir. Ona görə də jurnalisti döymək, jurnalistə təzyiq eləmək elə ictimaiyyəti döymək, ictimaiyyətə təzyiq eləmək deməkdir».

Seymur Həziyevin özü də ona qarşı zorakılığın başqa bir səbəbini görmür . Deyir ki, bu, yalnız onun yazıları ilə bağlıdır. O, qeyd edir ki, bütün yazılarını həmişə hakimiyyətin, əsasən də İlham Əliyevin daxili və xarici siyasətinin tənqidi üzərində qurur. Bu baxımdan da jurnalist ona qarşı olan zorakılığın hakimiyyətdən qaynaqlandığını iddia edir.

Mehman Əliyev
«YAZMA, AĞILLI OL»


«Məni döyənlərin mesajları o idi ki, yazma, ağıllı ol. Amma avtobusla məni aparanda həm də deyirdilər ki, İlham Əliyevdən nə istəyirsən? Bu daha çox hakimiyyəti tənqid edən jurnalistikanı qorxutmaq və daxili senzuranı yenidən bərpa eləmək cəhdləridir».

Seymur Həziyev faktın araşdırılması üçün şəxsən hüquq-mühafizə orqanlarına müraciət etməyib. O bunu indiyə qədər jurnalistlərlə bağlı baş verən zorakılıqların araşdırılmaması ilə əlaqələndirir.

Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc isə bu məsələdə hakimiyyətin günahlandırılmasını qərəzli hesab edir. Onun sözlərinə görə, baş verən hadisə heç bir halda hakimiyyətin xeyrinə deyil. Zahid Orucun fikirincə bu ölkədə sabitliyin pozulmasında maraqlı olan qüvvələrin qurduğu ssenari də ola bilər. Millət vəkili ümidlidir ki, elə bu baxımdan baş verən hadisəni törədənlərin üzə çıxarılması və məsələnin motivinin aydınlaşdırılması ilə bağlı ciddi addımlar atılacaq.

RAMİL USUBOVLA GÖRÜŞ


Bu məsələ ilə bağlı Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı martın 28-də Daxili İşlər naziri Ramil Usubovla görüşüb.

Ramil Usubov
Hadisə baş verən günün səhəri Mətbuat Şurası da Daxili İşlər Nazirliyinə yazılı müraciət edib.

Şura nazirliyi Seymur Həziyevi naməlum şəxslərin döyməsi faktını operativ və obyektiv araşdırmağa çağırıb. Mətbuat Şurasında hesab edirlər ki, araşdırma hadisənin mahiyyətinə tam aydınlıq gətirməlidir.

HADİSƏ İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILMAYIB


Amma hələ ki, hadisə ilə bağlı cinayət işi açılmayıb. Daxili İşlər Nazirliyidə bunu zorakılığa məruz qalan jurnalistin özünün hüquq mühafizə orqanlarına müraciət etməməsi ilə izah edirlər. Qaldı kı Mətbuat Şurasının müraciəti ilə bağlı hansısa tədbir görülməsinə, Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, əgər müraciət edilibsə yəqin ki, məsələ araşdırılacaq.

«Daxili İşlər Nazirliyinə edilən hər bir müraciət rəhbərliyin nəzarətində olur. Və məsələyə ciddi tələbkarlıqla yanaşılır. Şübhə yoxdur ki, bu dəfə də məsələ araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək».

ATƏT NÜMAYƏNDƏLƏRİ JURNALİSTLƏ GÖRÜŞÜB

Seymur Həziyevə qarşı zorakılıq barədə ATƏT Bakı ofisi də məlumatlandırılıb.

Qurumun nümayəndələri martın 28-də «Azadlıq» qəzeti redaksiyasında Seymur Həziyevlə görüşüblər. Martın 29-da isə bu məsələ bağlı baş redaktorların, siyasi partiya nümayəndələrinin və başqa birliklərin iştirakı ilə İctimai Forum keçiriləcəyi elan edilib.

İNDİYƏ QƏDƏR JURNALİSTLƏRƏ QARŞI BAŞ VERƏN ZORAKILIQLAR

1999-cu ildən bu günə qədər Azərbaycanda 10-a yaxın jurnalist belə zorakılığa məruz qalıb. Həmin jurnalistlərdən bir neçəsi zorakılıqlardan sonra ölkəni tərk edib və hazırda onlar bir sıra Avropa ölkələrində mühacirət həyatı yaşayırlar.

Bahəddin Həziyev
2006-cı il mayın 18-dən 19- na keçə gecə «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev axşam saatlarında işdən evə gedərəkən oğurlanıb. Səhəri gün o ağır vəziyyətdə paytaxtdan kənarda tapılıb. Xeyli müddət müalicə olunmasına baxmayaraq o, indi əsa ilə gəzir.

Sonucu dəfə 2008-ci il prezident seçkiləri ərəfəsində «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil zorakılığa məruz qalıb. Aldığı bıçaq xəsarəti ilə bir müddət xəstəxanadan müalicə olunan jurnalist indi Fransa da mühacirətdədir.

Mehman Əliyev deyir ki, ölkədə baş verən cinayətlərin 90 faizinin üstünün açıldığı bildirilsə də nədəsə indiyə qədər jurnalistlərin oğurlanıb döyülməsi ilə bağlı faktların birinin də üstü açılmayıb.

«Bu onu göstərir ki, siyasi hakimiyyət bu cür problemlərin, bu cür addımların aradan qaldırılmasında maraqlı deyil, mən faktlara əsaslanıb belə deyirəm»

Mehman Əliyevə görə, baş verənlər hakimiyyət daxilində baş verən proseslərin nəticəsi də ola bilər.
XS
SM
MD
LG